• cümə, 29 Mart, 11:16
  • Baku Bakı 5°C

Paşinyan niyə baş nazir olmadı?

03.05.18 09:00 693
Paşinyan niyə baş nazir olmadı?
Ermənistanda Serj Sarkisyan baş nazir postundan istefa verdikdən sonra Paşinyan bu vəzifəyə iddiasını ortaya qoydu. Lakin may ayının 1-də Ermənistan parlamentində aparılan müzakirələr zamanı deputatlar Paşinyanı baş nazir postuna seçmədi. Çünki parlamentdə böyük çoxluq Respublika Partiyasına aiddir və onlar Paşinyana etimad göstərmədi. Bundan sonra isə Paşinyan yenidən etirazçıları küçələrə səslədi. Bəs görəsən Paşinyan niyə baş nazir ola bilmədi? Bundan sonra Ermənistanda siyasi vəziyyət necə olacaq? Azərbaycan bu proseslərə hansı kontekstdən yanaşacaq?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, Nikol Paşinyanın baş nazir seçilməməsinin səbəblərindən biri hakim çoxluğa yad adam olması ilə bağlıdır: "Bu şəxsin nə edəcəyini bilmirlər. Ona görə də əvvəlcədən razılaşma əldə etmək istəyirdilər ki, Paşinyan baş nazir təyin olunduqdan sonra Xarici İşlər Nazirliyi və güc nazirlikləri Respublika Partiyasının əlində cəmlənsin. O isə deyirdi ki, məni baş nazir təyin edin, sonra bu məsələlərə baxarıq. Ona görə də Respublika Partiyası Paşinyana səs vermədi. Halbuki bu partiyadan 8 deputat səs versəydi, indi o, baş nazir idi. Bundan sonrakı proseslərlə bağlı münasibət bildirmək bir az çətindir. Çünki küçələr tam olaraq Paşinyanın nəzarətindədir. Fikrimcə, pərdə arxasında müəyyən bir siyasi alver gedir. Ancaq razılaşma əldə olunacaq-olunmayacaq, demək çətindir. Lakin hər şey ola bilər. Onu qeyd edim ki, Ermənistanın terror ənənələri də var. Bu ölkədə vaxtaşırı siyasi xadimləri, yüksək çinli məmurları güllələmək çox adi bir haldır. Ona görə də hər şey ola bilər”.

R.Musabəyov qeyd etdi ki, indiki halda Azərbaycanın hərbi müdaxiləsi Ermənistan cəmiyyətinin konsolidasiyasına gətirib çıxara bilər: "Biz onlara imkan verməliyik ki, biri-birilərini yaxşıca didsinlər. Sonra isə məsələyə baxarıq”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Respublika Partiyası taktiki baxımdan doğru hərəkət etdi və Paşinyan baş nazir ola bilmədi: "Paşinyanın baş nazir seçilməsi üçün cəmi 8 səsə ehtiyacı var idi. Digər partiyalar ona səs verdi, amma Respublika Partiyasından heç kim səs vermədi. Əgər səs verilsəydi, Respublika Partiyası faktiki olaraq parçalanacaqdı. Digər tərəfdən də müxalifətə keçmək məcburiyyətində qalacaqdı. Çünki Paşinyan hakimiyyətə gələcəkdi. Korrupsiyalaşmış Respublika Partiyası isə hələ müxalifətə keçməyə hazır deyil. Ona görə də taktiki baxımdan doğru qərar idi. Amma strateji baxımdan bu qərar Ermənistanı uçuruma doğru sürətləndirir. Çünki bir həftə sonra yenə seçkidir. Bu baxımdan bir neçə çıxış yolu var. Ya həmin o 8 deputat Paşinyana səs verəcək. Bu dəfə isə alınmasa, növbədənkənar parlament seçkiləri keçiriləcək. Həmin seçkilərdə isə Respublika Partiyası yəqin ki, səslərin çoxunu itirəcək. İndiki duruma baxsaq, görürük ki, Paşinyan təzyiqi getdikcə artırır. Bu isə o deməkdir ki, Ermənistanda hələ uzun müddət anarxiya və xaos hökm sürəcək. Eyni zamanda seçkidən sonra bir partiya böyük ehtimalla hökuməti formalaşdıra bilməyəcək, hansısa koalisiya yaradılmalıdır. Amma bu koalisiyanın yaradılması şərtləri, seçkiyə gedəcək müddət və mitinqlərin keçiriləcəyi halda müəssisələrin fasilə verməsi Ermənistan iqtisadiyyatını daha bərbad vəziyyətə gətirib çıxaracaq. Yəni, bu hadisələr davam etdikcə Ermənistanı geri salacaq”.
E.Şahinoğlu əlavə etdi ki, Ermənistanda baş verən hadisələr fonunda Azərbaycan seyrçi mövqedə dayanmamalıdır: "Biz də ermənilər qədər Ermənistanın gələcək taleyini düşünməliyik. Bu xaos və anarxiya nə qədər davam edəcək? Cəbhə bölgəsində hansı təxribatlara əl ata bilərlər? İndi bir çox hallarda Azərbaycan cəmiyyətində müharibənin başlanması ilə bağlı fikirlər səsləndirilir. Əsasən isə iki fikir var. Bunlardan biri ondan ibarətdir ki, əlimizə fürsət düşmüşkən hücuma keçək. Necə ki, 90-cı illərdə erməni separatçıları eynilə Azərbaycandakı daxili xaosdan istifadə edib Dağlıq Qarabağ və eləcə də ətrafındakı rayonları işğal etdi. İndi isə bizim əlimizə fürsət düşüb və Ermənistanda faktiki olaraq eyni vəziyyətdir. Əslində belə düşünənləri anlayıram.Digər fikir isə ondan ibarətdir ki, biz müharibəyə başlamayaq. Çünki Azərbaycan müharibəyə başlasa, erməni cəmiyyəti birləşəcək. İndiki vəziyyətdə bu, bizə lazım deyil. Buna baxmayaraq, bizim ordumuzun cəbhə bölgəsində dislokasiya yerini dəyişmək hüququ var. Snayperlərimiz daim işləməlidir ki, düşmənin itkiləri davam etsin. Amma 20 ildən sonra Ermənistanda hakimiyyətə Qarabağ separatçılarına bağlı olmayan insanlar gələ bilər. Bu separatçılar uzun illərdir Ermənistanda hakimiyyətdə idi. Bunlar o adamlardı ki, bilavasitə Azərbaycan torpaqlarının işğalında iştirak edib, Xocalı soyqırımını törədiblər. O zaman Levon Ter-Petrosyanı ona görə devirdilər ki, o, faktiki olaraq Azərbaycanla sülhə hazırlaşırdı, mərhələli həll planını qəbul etmişdi. Bunun üstündən 20 il keçib və yenidən Qarabağ klanına aid olmayan bir siyasətçinin hakimiyyətə gəlmək şansı var. İndiki halda bizim Paşinyana iki mesajımız olmalıdır. İlk olaraq bilməlidir ki, əgər Azərbaycan və Türkiyə ilə düşmənçilik istəmirsə, regional layihələrə qoşulmaq istəyirsə, onda bu işğala son qoyulmalıdır. Məhz Levon Ter-Petrosyan kimi mərhələli həll planını qəbul etməlidir. İkincisi isə, bu təklifi qəbul etməsə, yenə də bizim ordu cəbhə bölgəsində üstünlüyü ələ almağa çalışacaq və gələcəkdə yenidən müharibə ilə üzləşə bilər. Necə ki, Sarkisyan üzləşdi və Ermənistan iqtisadi və sosial xaosa sürükləndi. Bu iki alternativi Paşinyanın diqqətinə çatdırmalıyıq ki, Ermənistanı dağıdıcı müharibəyə yox, sülhə hazırlasın. Doğrudur, indi bu sözləri Ermənistanda heç bir siyasətçi deməz. Çox təəssüflər olsun ki, bu, Ermənistanda mövcud reallıqdır”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər