• cümə, 19 Aprel, 19:04
  • Baku Bakı 24°C

Paşinyan müxalif mediaya qarşı

18.03.19 17:54 605
Paşinyan müxalif mediaya qarşı
Ermənistan Xüsusi İstintaq Xidməti "Joxovurd” qəzetinə qarşı cinayət işinin qaldırılması barədə qərar çıxarıb. Mətbu orqan istintaq sirlərini yaymaqda ittiham olunur. Erməni xəbər agentliklərinin yaydıqları məlumata görə, keçmiş prezident Serj Sarkisyanın 1 mart hadisələri ilə bağlı ilkin dindirilməsinin bəzi hissələrini yayımlayıb. Məlumatda bildirilir ki, qəzet artıq neçənci dəfədir ki, bu tip xəbərlər yayır. Halbuki, onlar istintaq sirridir. İstintaq Xidmətinin məlumatına görə, martın 15-də bu barədə qəzetə xəbərdarlıq məktubu göndərilib. Qəzeti yüksək məbləğdə cərimə və yaxud ən azı bir aylıq həbs cəzası gözləyir. Tək "Joxovurd” deyil, yaxın vaxtlarda Paşinyana qarşı tənqidi məqalələr dərc edən "1in.am”, "Qrparak” qəzetləri də analoji halla rastlaşa bilərlər. Belə bir təhlükəni artıq "Andin” jurnalının redaksiya şurası da yaşayıb. Şuranın rəhbəri Merujan Ter-Qulanyan bildirib ki, mətbuatla ultimatum dilində danışmaq olmaz. "Bu, odla oyun deməkdir”, - deyə naşir bildirib. Şəhər meriyasının onları yerindən çıxarmaq barədə qərarını şərh edən redaktor bildirib ki, tək "Andin” jurnalı deyil, bir çox KİV də yerlərindən çıxarılıb. Qeyd edilir ki, redaksiyaların "Arşakunyants 2” küçəsindən çıxarılmasına səbəb onların Paşinyana müxalifətdə olmalarıdır.
Ermənistan Jurnalistlər İttifaqının sədri Satik Seyranyan bildirib ki, mətbuat orqanlarının adı çəkilən ünvandan çıxarılması hakimiyyət dəyişikliyindən sonra mətbuata qarşı aparılan kampaniyanın bir hissəsidir. Onun sözlərinə görə, bu addım qanunsuzdur: "Bununla da Yerevan Ağsaqqallar Şurasının vaxtilə qəbul etdiyi qərar pozulmuş olub. Həmin qərarda KİV-ə, yerlərin heç bir şərt olmadan verilməsi nəzərdə tutulurdu. İndi belə bir qərarı mer və yaxud hansısa bir idarə rəhbəri verə bilməz”. O əlavə edib ki, bu barədə qərar Yerevan meri Ayk Marutyanın özünün təşəbbüsü deyil. "Axı Marutyan kimdir ki, belə bir qərar qəbul etsin? Bu qərar birbaşa Nikol Paşinyandan gəlib”, - deyə Ermənistan Jurnalistlər İttifaqının sədri əminliklə bildirib.
Bəziləri isə hesab edir ki, hakimiyyətin mediaya qarşı hücumunun artması mətbuatın etiraz aksiyalarının kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılması ilə də əlaqədar ola bilər. Belə ki, son vaxtlar erməni saytları kütləvi şəkildə antihökumət aksiyalarını baş xəbərə çevirirlər. Bu da hakimiyyəti narahat etməyə bilməz. Məsələn, dünən keçirilən aksiya haqqında xəbərə əksər nəşrlərdə rast gəlmək mümkündür. Məlumata görə, Yerevanda qazlı içkilərin istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri səhər saatlarından etibarən Ermənistan hökumətinin binası qarşısına yığışaraq, növbəti dəfə etiraz aksiyası keçirirlər. Onlar baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin yürütdüyü vergi siyasətinə qarşı çıxaraq, yeni Vergi Məcəlləsi layihəsində nəzərdə tutulan yükün, xüsusən də aksiz vergisinin azaldılmasını tələb edirlər. Etirazçıların sözlərinə görə, hökumətin vergiləri kəskin artırması qazlı içkilərin qiymətlərinin də bahalaşmasına gətirib çıxaracaq ki, bu da istehlak bazarında tələbatın və dolayısı ilə istehsalın azalmasına, sahibkarların müflisləşməsinə səbəb olacaq. Aksiyaçılar əllərində "Hökumət işsizliyi dəstəkləyir!”, "İşsiz qalacam!”, "Hökumət orta sahibkarlığı öldürür!”, "Böyük biznesin hökumətisiz!”, "Qazlı içkilərin bahalaşmasına "yox” de!” kimi şüarlar yazılan plakatlar tutublar.
Beləliklə, görünən odur ki, ağır sosial-iqtisadi vəziyyət nəinki aradan qaldırılıb, əksinə, günbəgün insanların sosial vəziyyəti daha da pisləşir. Ağır vəziyyəti isə xalqa media çatdırır və bu da hakimiyyəti cavab addımları atmağa məcbur edir. Görünən budur ki, ölkə vətəndaşları sosial durumlarının nə vaxtsa yaxşılaşacağına olan ümidlərini itirmək üzrədirlər. Xüsusən də yeni iş yerlərinin açılması əvəzinə, köhnələrinin də bağlanması vəziyyəti daha da ağırlaşdırır. Məsələn, "Qraparak” qəzeti yazır ki, Ermənistanda bundan sonra daha çox etiraz aksiyası keçiriləcək. Qeyd olunur ki, Ermənistan İslahatçılar Partiyasının sədri Vahan Babayan martın sonunda "Vədlərinizi yerinə yetirin!” şüarı altında yeni hakimiyyətin əleyhinə etiraz aksiyası keçirməyə hazırlaşır. Bildirilir ki, V.Babayanın partiyası hazırda yeni hökumətin hansı vədlərə əməl edib-etmədiyini aydınlaşdırır, siyahı hazırlayır. Məqsəd isə yeni hakimiyyətə "güclü və əsaslı zərbə” endirməkdir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər