• şənbə, 20 Aprel, 17:01
  • Baku Bakı 23°C

Paşinyan müxalif mediaya hücuma keçdi

18.09.18 17:48 447
Paşinyan müxalif mediaya hücuma keçdi
Baş nazir Nikol Paşinyan özünə əsas rəqib kimi gördüyü sabiq prezident Robert Koçaryana qarşı hərtərəfli hücuma keçib. Ötən gün Xüsusi İstintaq Komitəsinin əməkdaşları Koçaryana yaxınlığı ilə seçilən Yerevan.Today saytının ofisində axtarışlara başlayıblar. Söhbət qalmaqallı dinlənmədən gedir. Saytın ofisində aparılan axtarış onu deməyə əsas verir ki, hakimiyyət Xüsusi İstintaq Komitəsi və Milli Təhlükəsizlik Xidməti rəhbərləri – Sasun Xaçatryan və Artur Vaneçyan arasındakı telefon danışığının faş edilməsində Koçaryan və yaxın ətrafını günahkar sayır. Qeyd edilir ki, bu informasiya şəbəkəsi son vaxtlar Koçaryan haqqında çoxsaylı informasiyalar yayır. Bu günlərdə isə Koçaryanın eksklüziv müsahibəsi məhz adıçəkilən saytda dərc edilib. Paşinyanın yaxın ətrafı da sayta məhz bu səbəbdən təzyiq göstərməyə çalışır. "1in.am” saytında dərc edilən məqalədə vurğulanır ki, cəmiyyətin böyük bir qismi bu qənaətdədir ki, dinləmənin arxasında məhz Koçaryan durur. Lakin məqalədə vurğulanır ki, bunun üçün mütləq konkret faktlar ortaya qoyulmalıdır. Hüquqi dövlət qurmaq istəyirsənsə mütləq buna əməl olunmalıdır. Sadəcə, bir faktdan tutublar ki, dinlənilmənin mətnini məhz ilk olaraq Yerevan.Today və Nraparak.am saytları yayıblar. Yerevan.Today-ın rəhbəri Sevak Akopyan öz növbəsində bildirir ki, kütləvi informasiya vasitələri siyasi məqsədlərin hədəfinə çevrilib.
Paşinyan üçün belə bir mürəkkəb durumda erməni mediası onu təşvişə salacaq sensasion bir məlumat da yayıb. Yayılan məlumata görə, Rusiya prezidenti Vladimir Putin Ermənistana nəzərdə tutulan səfəri çərçivəsində keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanla görüşəcək. Bu barədə "Jamanak” qəzeti yazıb. Qəzetdə dərc olunmuş məqalədə deyilir: "Deyəsən, Putin dəvəti qəbul edib və mətbuat katibi Peskov vasitəsilə Yerevana gələcəyini bildirib, lakin səfərin tarixi barədə aydınlıq hələ ki yoxdur”. "Lakin artıq məlumdur ki, tarixdən asılı olmayaraq, Putin Yerevanda Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Koçaryan və Serj Sarkisyanla görüşmək niyyətindədir”, - nəşr əlavə edir.
Xatırladaq ki, iyulun sonlarında Ermənistanın keçmiş prezidenti Robert Koçaryan 2008-ci ildə baş vermiş hadisələrin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Lakin avqustun 13-də Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv etmişdi. Hələlik Koçaryan azadlıqdadır, lakin ittiham onun üzərindən götürülməyib. Hazırkı hakimiyyəti şoka salan əsas fakt isə o oldu ki, son ildə ilk dəfə 10 ildə Rusiya prezidenti Koçaryanı ad günü ilə bağlı təbrik edib.
Bununla yanaşı, Rusiya mediası Paşinyanın böyük önəm verdiyi və bütün gücünü sərf etdiyi Yerevan Şəhər Şurasına seçkilərdə məğlub olacağı barədə hesabat yayıb. Məlumata görə, "Çiçəklənən Ermənistan” Partiyası seçkilərdə qalib gələcək. Bu nəticə Rusiyanın ROSA fondunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğu iştirakçılarının 54 faizi seçkidə iştirak edəcəyini, 34 faizi isə seçkiyə getməyəcəyini bildirib. 37 faiz "Çiçəklənən Ermənistan” Partiyasına, 22 faiz İslahatçılar Partiyasına, 18 faiz hökumətin dəstəklədiyi "Mənim addımım” blokuna, 11 faiz Yerevanlılar Blokuna səs verəcəyini bildirib. Seçkidə iştirak edən digər birliklərə ümumilikdə 12 faiz səs veriləcəyi müəyyən edilib. Qeyd edək ki, "Çiçəklənən Ermənistan” Partiyasını dolayısı yolla iş adamı Qagik Çarukyan maliyyələşdirir. Sentyabrın 16-dan etibarən partiya ilə hökumət arasında münasibətlər gərginləşib. Partiya hökuməti təzyiqlərdə ittiham edib.
"Çiçəklənən Ermənistan” Partiyasının da R.Koçaryanla sıx əlaqələrə malik olduğu iddia edilir. İslahatçılar Partiyasına isə Vaqan Babayan rəhbərlik edir. Babayan əvvəllər "Çiçəklənən Ermənistan” Partiyasının üzvü olub və bunun sayəsində deputat seçilib. 2016-cı ildə partiyadan ayrılan Babayan İslahatçılar Partiyasını yaradıb. Babayan sonuncu parlament seçkisinə hakim Respublika Partiyası ilə birgə qatılıb.

Seçkilərdə Paşinyana ciddi rəqib ola biləcək"Luys” Blokunun lideri Aram Sarkisyan Yerevanda keçirdiyi mitinqdə deyib ki, təmsil etdiyi blokun keçmiş rejimlə razılaşmaya gedib, onları hakimiyyətə qaytarmaq üçün mübarizə aparacağını düşünmək yanlışlıqdır. "Mən bilmirəm baş nazir niyə bizi nədəsə şübhəli bilir. Problem budur ki, cənab baş nazirin ittihamlarına cavab verməyəndə bunu razılıq əlaməti kimi anlayırlar, cavab verdikdə isə "niyə öz üzərinə götürürsən” deyirlər. Xalqa düşmənçilik yox, sevgi və səbir lazımdır. Bu seçkidə hansısa qüvvəyə qarşı mübarizəyə ehtiyac yoxdur. Biz hamımız keçmiş hökumətlə mübarizə aparırdıq və həmin rejim də indi seçkidə iştirak etmir”.
Sarkisyan daha sonra birbaşa Paşinyana xitabən deyib: "Baş nazir postunu kimə görə tutduğunuzu unutmayın. Sizi parlamentdə "Çiçəklənən Ermənistan”, hətta Daşnaksütyun da dəstəkləyib. Siz yalnız öz nöqteyi-nəzərinizi diqqətə alırsınız. Mənim sizə daha deyəcək sözüm yoxdur. Adını çəkdiyim qüvvələr sizin yanınızda idi və növbədənkənar seçkinin tərəfdarı olduqlarını bildirirdilər. İndi insanlar bunun nəyə lazım olduğunu düşünürlər. Biz bu məsələni necə həll edəcəyik? Mən birmənalı şəkildə növbədənkənar seçkinin tərəfdarıyam”.
Qeyd edək ki, Aram Sarkisyanın partiyası inqilab zamanı Paşinyanı tam dəstəkləyib. Paşinyanın baş nazir seçilməsindən münasibətlər pisləşib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər