• cümə, 29 Mart, 10:34
  • Baku Bakı 5°C

Paşinyanın məqsədi rəqiblərini sıradan çıxarmaqdır

22.06.18 17:20 950
Paşinyanın məqsədi rəqiblərini sıradan çıxarmaqdır
Ermənistanın yeni baş naziri Nikol Paşinyan sabiq prezident Serj Sarkisyan rejiminin ən qatı tərəfdarlarından birini, müdafiə nazirinin keçmiş müavini, 1990-cı illərdə Qarabağda quldurluqlar törətmiş separatçı hərəkatın veteranı, deputat Manvel Qriqoryanı həbs etdirib. Buna səbəb onun mülklərinə keçirilmiş reyd zamanı çox sayda silah-sursat,ərzaq vəErmənistan ordusu üçün nəzərdətutulmuş başqa malların aşkar edilməsi olub.Aşkar edilmiş mallar arasında Ermənistan Silahlı Qüvvələrinin əsgərləri üçün nəzərdə tutulmuş alt paltarları, tibbi dərmanlar və konservlər olub. Buradakı mallar arasında habelə 2016-cı il Qarabağ müharibəsi zamanı yerli icmalar, məktəblər və başqa mülki təsisatlar tərəfindən ianə edilmiş əşyalar da aşkar edilib. M.Qriqoryanın həbsi ilə yanaşı, Ermənistanda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin Korrupsiya və İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsi Yerevan meri Taron Markaryana qarşı da cinayət işinin başladılması üçün ölkənin Baş Prokurorluğuna müraciət edib. Onun böyük məbləğdə pul vəsaitlərinin mənimsənilməsində, böyük həcmdə vergidən yayınmaqda, dövlət sənədlərinin saxtalaşdırılmasında ittiham olunduğu vurğulanıb. Sabiq müdafiə naziri Seyran Ohanyan isə 2014-2017-ci illərdə Ermənistan Müdafiə Nazirliyində baş vermiş pozuntuları araşdıran vergi müfəttişləri tərəfindən dindirməyə dəvət edilib.
Bütün bunlardan göründüyü kimi, N.Paşinyan Ermənistanın sabiq prezidentlərinə yaxınlığı ilə seçilən şəxslərin "ovuna çıxıb”. Bu "ovun” məqsədi, nə ilə nəticələnəcəyi ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən politoloq Elxan Şahinoğlu bildirib ki, N.Paşinyan hər şeydən öncə seçki ərəfəsində verdiyi vədləri yerinə yetirir. Onun sözlərinə görə, N.Paşinyanın Ermənistanda başlatdığı həbslərdə digər məqsədi qarşıdan gələn parlament seçkilərində güclü mövqeyə sahiblənmək, seçkilərdə qalib olmaqdır. Politoloqun fikrincə, N.Paşinyan M.Qriqoryanı həbs etdirməklə S.Sarkisyan və ətrafında olanların əsl mahiyyətini ortaya qoyur, üzə çıxan neqativliklər fonunda rəqiblərini neytrallaşdırır.

Politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, indiyə qədər Ermənistanda kim prezident olubsa, M.Qriqoryan məhz onun adamı olub. Siyasi şərhçi M.Qriqoryanın keçmişini təhlil etməklə onun mahiyyətini ortaya qoyub: "Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Vazgen Sarkisyan vaxtilə Manveli dartıb gətirdi, onu "qəhrəmana” çevirdi. Halbuki, buna qədər Manvel heç bir malı-mülkü olmayan, arxasız bir adam idi. Vazgenin sayəsində işğal prosesində iştirakçı oldu, döyüşlərdə "qəhrəmanlıqlar” göstərdi, azərbaycanlı əsir və girovlara qarşı qəddar rəftarı ilə "ad çıxardı”. Ümumən Manvel Vazgenin "sağ əli” idi. Lakin sonradan eks-prezident Robert Köçəryanın mövqeyi gücləndikcə, Manvel onun tərəfinə keçdi. Hətta belə bir versiya var ki, 1999-cu ilin oktyabr ayında Ermənistan parlamentinin gülləbaran edilməsi planı xarici ölkədə hazırlansa da, bu ideyanın reallığa çevrilməsində Manvel Qriqoryanın dəstəsi əsas rol oynayıb. Təbii ki, bu qətliamla bağlı Ermənistan xüsusi-xidmət orqanları da məlumatlı olublar. Bu hərəkətləri ilə Manvel baş nazir Vazgenə münasibətini göstərmiş olub. Xatırlayırsınızsa, Ermənistanda baş nazir vəzifəsinin icrası bir müddət Aram Sarkisyana həvalə edildi. Həmin vaxt Aram araşdırma aparıb oynanılan oyunlardan məlumatlı olduqdan dərhal sonra Robert Köçəryana qarşı mübarizəyə başladı. Robert buna cavab olaraq, Aramı Moskvanın adamı olmaqda, hərbi proseslərə müdaxilə etməkdə günahlandırırdı. Bunun ardınca o, Manveli Aramın üstünə qaldırdı, Baş nazirin istefa verməsi tələbini səsləndirdi. Hər ikisi birləşib Aramı istefaya göndərdilər. Təsəvvür edin, heç bir malı-mülkü olmayan Manveli Vazgen gətirib adam etdi. Manvel isə yerini möhkəmlədəndən sonra mövqeyini dəyişməklə yanaşı, Vazgenin qardaşı Aramı vəzifədən uzaqlaşdırmağa nail olmaqla, keçmiş himayəçisinə "təşəkkürünü” bildirdi”.

Politoloq qəzetimizə açıqlamasında qeyd edib ki, sonradan özünə qarşı R.Köçəryandan soyuq münasibət görən M.Qriqoryan eks prezident Levon Ter Petrosyana sığınıb: "Lakin 2008-ci ilin 1 mart hadisələrində Manvel müttəfiqi Petrosyana da "atdı” və yeni prezident Serj Sarkisyanın himayəsi altına keçdi. Məlumatlara görə, Sarkisyan prezidentlikdən gedəndən sonra Manvel jurnalistlərə verdiyi açıqlamalarda hakim partiyanın üzvü olmadığını, onları dəstəkləmədiyini dönə-dönə qeyd edirmiş. Yəni o, belə bir xarakterin sahibidir. Başqa sözlə desək, məsləki, əqidəsi olmayan, Azərbaycan xalqlarına qarşı çoxsaylı cinayətlər törədən, quldurluqlar edən bir şəxsdir. Ermənistandakı son proseslər, aparılan araşdırmalar sübut etdi ki, bu adam erməni xalqına qarşı da cinayətlər törədibmiş. Belə bir şəxsin həbs edilməsində hazırkı baş nazir Nikol Paşinyanın iki məqsədi var. Birincisi, Paşinyan Qriqoryanın xarakterini bilir və ondan istifadə etmək istəyir. Manvelin vaxtilə rəhbərlik etdiyi "Yerkrapa İttifaqı”nın on minlərlə üzvü var və onlar keçmiş hərbçilər, döyüşçülərdir. Bu, bir növ hərbiləşdirilmiş qeyri-hökumət təşkilatıdır. Paşinyan Manveli həbs etdirməklə hərbi müxalifəti neytrallaşdırır. İkincisi, Paşinyan Qriqoryandan lazımlı məlumatları almaqla, bunun əsasında Robert Köçəryana, Serj Sarkisyana qarşı cinayət işi açmaq məqsədi güdür. M. Qriqoryanın Ermənistanın sabiq prezidentləri əleyhinə ifadə verəcəyi məlumdur. Beləliklə də Paşinyan qarşıdan gələn parlament seçkiləri ərəfəsində həm hərbi müxalifəti, həm də Köçəryan və Sarkisyan kimi güclü rəqibləri sıradan çıxarır”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər