• cümə axşamı, 28 mart, 14:17
  • Baku Bakı 16°C

Paşinyan “mehriban polis” rolu Rusiyanın xoşuna gəlmir

31.07.18 18:01 761
Paşinyan “mehriban polis” rolu Rusiyanın xoşuna gəlmir
Ermənistanın müdafiə naziri David Tonoyanın ölkə ərazisindəki Rusiya hərbi bazasının statusunun dəyişdirilməsi barədə bəyanatı Rusiya mediasında ən çox müzakirə olunan mövzu kimi qalmadadır. Xüsusən də Panik kəndində yaşanan ilk baxışda kiçik insidentə erməni rəhbərliyinin sərt reaksiyası rusları özündən çıxarıb. Rusiyanın "Rosbalt” nəşri yazır ki, erməni nazir tək hərbi baza yox, "Zvartnos” aeroportunun statusunun dəyişdirilməsini də gündəmə daxil edib. Nazirin sözlərinə görə, müqavilə hüquqi dəyişikliklər tələb edir. Əlavə edib ki, dəyişikliklər mütləq qaydada həyata keçiriləcək. Məqalə müəllif də bundan çıxış edərək bildirir ki, "ya nazirin məsuliyyət çatışmazlığı var, ya da "acıqlı polis” rolunu oynayır”. Müəllif yazır ki, Panikdəki hərbi bazada baş verən insidentdən sonra rəsmi şəkildə Rusiyanın əleyhinə çoxsaylı bəyanatlar səsləndi. Hətta baş nazir Nikol Paşinyan Moskvanı rəsmi münasibət bildirməyə çağırdı. Lakin sonradan fikirlərində bir qədər korrektələr etdi. "Exo Moskva”ya müsahibəsində Paşinyan bildirdi ki, Rusiya hərbi bazasının və sərhədçilərinin Ermənistanda olması ölkənin milli maraqlarına uyğundur. Baza – onun qənaətincə, Ermənistanın təhlükəsizlik sisteminin əhəmiyyətli kompanentidir. Lakin ardınca əlavə edib ki, bu, o demək deyil ki, baza ilə bağlı problemlər olmayacaq. Müəllif yazır ki, Paşinyan öz üzərinə "mehriban” polis rolunu götürməyə çalışır, bu isə çox narahatedici haldır: "Belə olan halda Ermənistan rəhbərliyinin xarici siyasət fəaliyyəti çoxtəbəqəli təsir bağışlayır. Ya da ki, sadəcə axmaqlıqdır”. Daha sonra müəllif bir neçə sualla çıxış edir – görəsən müdafiə nazirinin antirusiya əhval-ruhiyyəsinin, səsləndirdiyi bəyanatın arxasında nə gizlənir? Onun məqsədi nə idi? Müəllifin gəldiyi qənaət bundan ibarətdir ki, Paşinyan hökuməti nəyin bahasına olursa-olsun ölkəni Rusiyanın orbitindən çıxarmağa çalışır. Daha sonra erməni politoloq Levon Şirinyanın "Lragir”ə müsahibəsindən sitatlar gətirir. Politoloq bildirib ki, Moskva Ermənistanı sözəbaxan, Rusiyanın sözü ilə oturub duran ölkə kimi görmək istəyir. Lakin Rusiya bir dəfə də olsun Ermənistanı xilas etməyib, əksinə, onu yalan vədlərlə doyuzdurub, Azərbaycanla münasibətləri qabardıb. İndi isə bərabərhüquqlu tərəfdaşlığa razılıq verməlidir. Erməni politoloq iddia edir ki, "Ermənistanla münasibətlər olmadan Rusiyanın Yaxın Şərq, o cümlədən Suriya siyasəti sıfıra bərabərdir. Və bu səbəbdən də Rusiya hesab verməlidir. Bizim xalqın beyninə yeritmək gərəkdir ki, ruslar bizim nəhəng qardaşımızdır, biz isə onların böyük qardaşı. Əks təqdirdə, hərbi bazanın ölkə ərazisində qalmağının qanunauyğunluqları barədə düşünməli olacağıq. Qoy bizi yeri gəldi-gəlmədi türklərlə qorxutmasınlar”. Məlumat üçün bildirək ki, Ermənistanda 4,5 rus hərbçisi var. Türkiyə ilə sərhədin uzunluğu isə 280 km-dir.
Müəllif daha sonra yazır ki, Ermənistan hərbi sahədə Rusiyadan asılılığına baxmayaraq, NATO ilə əməkdaşlığa can atır. Əvvəlki hakimiyyətin dövründə Yerevan alyansın tədbirlərində iştirakdan boyun qaçırırdı. Bu il isə avqustda Gürcüstanda keçiriləcək Nobel Partner manevrlərində iştirak etməyə razılıq verib. Müəllif yazır ki, müdafiə naziri Tonoyan bəyan edir ki, Ermənistanın NATO ilə əməkdaşlığı onun Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərə qarşı deyil. Lakin nə KTMT, nə də NATO-da "özünün səsinə” malik deyil və apardığı ziddiyyətli xarici siyasətlə nə vaxtsa bunu əldə edəcəyinə ümid yoxdur. Hakimiyyət dəyişib, xarici siyasət istiqamətləri də. Paşinyan bir tərəfdən Moskvada "şirin mahnılar” oxuyur - səbəb də odur ki, Azərbaycan və Türkiyədən qorxur. Digər tərəfdən də NATO-dan "fövqəladə hal üçün” dəstək almağa çalışır. Ermənistanın hərbi infrastrukturu tam şəkildə sovet və Rusiya sisteminə uyğundur və onun NATO sisteminə keçilməsi böyük pullar və uzun zaman tələb edir. Qərb isə bu ölkəyə nəsə sərf etmək niyyətində deyil. Belə çıxır ki, Ermənistan suveren dövlət hesab edilsə də, hamıdan asılıdır və ən çox da Rusiyadan. Diqqət çəkən məqam odur ki, Ermənistan "özünü yaxşı aparmadığından” ucuz silah krediti almaqda da problemlərlə üzləşə bilər. Moskva çox ciddi təminat istəyir. Müəllif xüsusi qeyd edir ki, Ermənistan heç bir məsələdə suverenlikdən danışa bilməz.
Yeri gəlmişkən, dünən Gümrüdə rus əsgərləri ilə bağlı növbəti bir insident yaşanıb. İçkili rus hərbçiləri arasında mübahisə davaya çevrilib. Bu insidentin ikitərəfli münasibətlərə də təsirsiz ötüşməyəcəyi gözlənilir.

Azər
banner

Oxşar Xəbərlər