• cümə, 29 Mart, 05:21
  • Baku Bakı 7°C

Paşinyan media üzərinə total hücuma başlayır

15.01.19 18:27 986
Paşinyan media üzərinə total hücuma başlayır
"Ermənistan mediasının 90 faizinə nəzarəti ya keçmiş hakimiyyət nümayəndələri, ya da müxalifət qüvvələri nəzarət edir”. Bu sözləri yeni baş nazir təyin olunan Nikol Paşinyan elə ilk bəyanatında səsləndirib. Ənənəsinə sadiq qalan Nikol yenə də hədəf kimi keçmiş rəqiblərini və müxalifət qismində gördüyü şəxsləri seçib. Adətən, normal dövlətdə seçkilərdən sonrakı qalib şəxs öz iqtisadi və sosial proqramlarını ortaya qoyur, Ermənistanda isə bütün bunların əksini müşahidə etmək olar. Belə baxanda, axı Paşinyan hansı resurslarla iqtisadi proqramlar təqdim edə bilər? Ölkədən kapital axını pik həddə çatıb, işçi qüvvəsi ölkəni tərk edib gedir, müəssisələrin böyük əksəriyyəti Rusiyanın tabeliyindədir. Belə bir durumda isə ölkənin Rusiyadan aldığı qazın qiymətində də artımların baş verəcəyi gözlənilir. Beləliklə, Paşinyan açıq şəkildə bildirib ki, ölkədəki kütləvi informasiya vasitələrinin əsas sahibləri keçmiş hakimiyyətin iki nümayəndəsidir, ancaq onların kimlər olduğunu deməyib. Baş nazir etiraf edib ki, ölkədəki vəziyyət unikallığı ilə seçilir: "Çünki mahiyyət etibarilə indiki hakimiyyət nə maliyyə, nə də informasiya resurslarına malikdir”. O bildirib ki, əvvəlki hakimiyyətə xidmət edən KİV-lər media sahəsində konkret tezis təqdim edirlər: "Belə bir təəssürat yaratmağa çalışırlar ki, guya biz əvvəlki hakimiyyətin yolu ilə gedirik. Əvvəlki ilə indiki hakimiyyətin arasında heç bir fərqin olmadığını bəyan edirlər. Əslində bütün bunlar əsassız və yalandır”. Onun sözlərinə görə, mətbuatda ailəsinin və komanda üzvlərinin hədəfə alınması prosesi gedir. Konkret misal kimi də oğlunun hərbi xidmət keçməsi ətrafında yaşananları göstərib: "Məni xaş yeməyimə görə tənqid edirlər. Velosiped sürməyimi müzakirəyə çıxarırlar, ya da harasa niyə vertolyotla getdim? Təsəvvür edirsiniz? Belə çıxır ki, ölkədə dəyişikliklərin baş verməsini aydın göstərmək üçün mən ya eşşək, ya da ata minməli idim”, -deyə baş nazir bildirib. Onun qənaətincə, bununla indiki hakimiyyətin fəaliyyətinə ləkə salmağa cəhd göstərirlər. "Cəmiyyətdə pessimist əhval-ruhiyyəni gücləndirmək əsas hədəf seçilib və bununla da ölkənin gələcəyinə inamın tamamilə itməsi və miqrasiyanın artmasına çalışırlar.
Yeri gəlmişkən, baş nazir qeyd etdiyimiz kimi, konkret planlar təqdim etmək əvəzinə, hədəf kimi rəqiblərini zərərsizləşdirməkdə davam edir. Bu dəfə hədəf keçmiş müdafiə naziri Seyran Ohanyan seçilib. Bunu Seyran Ohanyan da bəyan edib. O bildirib ki, özünü 2008-ci il mart hadisələri ilə bağlı günahkar hesab etmir. Sosial şəbəkələrdə yazdığı statusunda keçmiş nazir bəyan edib ki, ölkənin ali qanuni hüquqi aktı konstitusiyadır. Onun sözlərinə görə, barəsində qaldırılan cinayət əsassız və hüquq normalarının kobud şəkildə pozulmasıdır. Əlavə edib ki, Xüsusi İstintaq Xidməti və Milli Təhlükəsizlik Xidməti rəhbərləri arasındakı danışıqların yayılması hər iki qurumun rəhbərinin yuxarıdan tapşırıq aldıqlarını sübut edir. Seyran Ohanyan sərbəst dolaşmaq hüququnun məhdudlaşdırılmasını qanunsuz hesab edir, eləcə də, əlavə edir ki, ölkəsinin və separatçı qurumun müdafiəsi və suverenliyi yolunda çalışıb: "Mən 1 mart hadisələrinin açılmasını dalan kimi qiymətləndirirəm, irəli sürülən ittihamların məntiqi isə onu deməyə əsas verir ki, yeni "yaradıcı yanaşmalar” istisna deyil. Belə bir təəssürat yaranır ki, gizli xadimlər müxtəlif manipulyasiyalar adı altında 1 mart hadisələrini öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Mən dövlətçiliyimizin yaranmasında, döyüş yolu keçmiş bir general kimi, eləcə də Ermənistanın üç prezidenti ilə birlikdə işləmiş biri kimi yaranmış vəziyyəti qarışıq və bizi dalan vəziyyətinə aparıb çıxaracaq bir hal kimi görürəm. Bu səbəbdən də qəti şəkildə xəbərdar edirəm - belə qanunsuzluqlar dövlətin möhkəmləndirilməsi və inkişafını təhlükə altına alır. İttihamın irəli sürüldüyü dövrdə də, indi də israr edirəm ki, onun heç bir əsası yoxdur və günahımın olmadığını deyirəm. İstəməzdim ki, bizim məhkəmə-hüquq sistemimiz antikonstitusion fəaliyyətlə məşğul olsun. Ədalət məhkəməsi sifarişlə və yaxud küçənin təsiri ilə idarə olunmur. Ədalət müstəqil və məhkəmə-hüquq sisteminin ən yaxşı mütəxəssislərinin iştirakı ilə həyata keçirilməlidir”.
Beləliklə, Paşinyanın növbəti hədəfi keçmiş müdafiə naziridir və görünür onun da həbsinə nail olacaq. Erməni nəşrləri yazır ki, Paşinyanın hədəfində digər məmurlar da olacaq. Mütləq hakimiyyətini formalaşdıran baş nazirə mane ola biləcək hər hansı bir qüvvə yoxdur və bu yolda sona kimi addımlayacaq. Lakin məsələ ondadır ki, ölkənin problemləri tək 1 mart hadisələrinin təhqiqatından ibarət deyil. "1 in.am” saytı yazır ki, baş nazirliyini rəsmiləşdirən Paşinyan üçün ən çətin bir dönəm başlayır. Müəllif yazır ki, Paşinyanın birinci və ikinci baş nazirliyi arasında kifayət qədər fərq var. "Məxməri inqilab”ın lideri ilk dəfə ikinci cəhddən sonra baş nazir kürsüsünə yüksələ bilib. Birinci müddət keçid dövrü idi və ölkəni dağılmaqdan xilas etməyə yönəlmişdi. Məqalədə vurğulanır ki, hakimiyyətin keçən aylar ərzində effektiv sistem qura bilməməsi əhəmiyyətli məsələdir. Parlament seçkiləri hakimiyyətə legitimlik verdi, lakin siyasi keyfiyyət yox. Və ötən hər gün Nikol Paşinyan və onun kabinetinin əleyhinə işləyir”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər