• cümə, 29 Mart, 18:34
  • Baku Bakı 14°C

Paşinyan ölkəni xaosa aparır

05.04.19 19:00 485
Paşinyan ölkəni xaosa aparır
Paşinyan hakimiyyətinin iqtisadi inqilab proqramının populist və söz yığnağından ibarət olduğunu elə ermənilərin özləri də etiraf etməyə başlayıblar. Erməni mediası yazır ki, ən çox müzakirə olunan və tənqidlərə tuş gələn sahələrdən biri kənd təsərrüfatı sahəsidir. "1in.am” saytı yazır ki, bu sahədə artıq sözün əsl mənasında xaos yaşanır və ictimaiyyət, siyasi və peşəkar dairələrin tənqidi yanaşması məntiqidir. Nəşr yazır ki, bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də ciddi durğunluq hiss olunur.
Xüsusən də inqilabi hökumətin kənd təsərrüfatı sahəsində çalışan insanlar üçün ən maraqlı sürprizi Kənd Təsərrüfatı Nazirliyini ləğv etməsi olub - qurum İqtisadiyyat Nazirliyində bir bölmə kimi qalacaq. Halbuki, Ermənistanın bütün hakimiyyətləri dövründə hökumətlər kənd təsərrüfatına xüsusi önəm verirdilər. Müəllif yazır ki, hakimiyyət dəyişikliyindən sonra insanlarda belə bir ümid yarandı ki, vəziyyət yaxşılığa doğru dəyişəcək. Heç olmasa, ilk növbədə su təchizatı yaxşılaşacaq, fermerlərə dəstək veriləcək, kimyəvi maddələrlə təchizat yaxşılaşacaq. Lakin indiyə qədər bu istiqamətdə hər hansı bir addım atılmayıb. Ümumiyyətlə, kənd təsərrüfatının inkişafı ilə bağlı hər hansı bir irəliləyiş yoxdur. Yalnız güzəştli kreditlərlə bağlı cəmi bir və yaxud iki proqram imzalanıb.
Bu yaxınlarda "İşıqlı Ermənistan” fraksiyasından olan deputat Arkadi Xaçatryanın kənd təsərrüfatındakı bərbad vəziyyətlə bağlı sorğusunu cavablandıran baş nazir Nikol Paşinyan bildirib ki, inqilabdan sonra sabitliyi qoruyub saxlamaq, eləcə də iqtisadi çöküşün qarşısını almaq mümkün olub. Hətta iddia edib ki, iqtisadi yüksəliş əldə olunub. Etiraf edib ki, bu müddət ərzində kənd təsərrüfatı sahəsində ciddi durğunluq yaranıb - bu da ziyanvericilər, düzgün olmayan planlama ilə bağlıdır: "Bağışlayın, hətta toyun planlaşdırılması üçün on ay belə az olur. Mən deməzdim ki, kənd təsərrüfatında fəaliyyətin bu spektri ümumi əhəmiyyət kəsb edir”. Faktiki olaraq baş nazir etiraf edib ki, kənd təsərrüfatında durğunluq ziyanvericilər və düzgün olmayan planlama ilə bağlıdır. Baş nazirin bütün məsələlərdə səriştəsiz olduğuna işarə edən müəllif onun açıqlamasını məntiqsiz və mənasız adlandırır. "Ən gülməlisi odur ki, ziyanvericilər barədə danışanda, baş nazir Cənubi Amerika pomidor güvəsini günahkar çıxarıb. Heç kim, o cümlədən Nikol Paşinyan nəyin düzgün, nəyin səhv planlaşdırıldığını söyləyə bilməz. Bu sahədə heç bir planlaşdırma yoxdur, hər şey öz-özünə axır. Baş nazirin sevə-sevə təkrar etdiyi "kölgə bağları” qeyri-məntiqi və absurddur. Hər halda bu bağlardan yığılan məhsullar bazara göndərilir. Bu torpaqlar hər zaman olub və olacaq da. Hansı "kölgə”dən söhbət gedir? Hansısa bir qanunsuzluq varsa, bu, su və torpağa görə verginin ödənilməməsidir. Baş nazir hamıya yalan xəbərlər yaymaqla məşğuldur”, - deyə müəllif yazır. Məqalədə daha sonra xüsusi vurğulanır ki, baş nazir və onun komandası, ümumiyyətlə vəziyyətə nəzarət etmirlər. Və əlavə edilir ki, bu il hansısa bir nailiyyətin əldə olunmasından danışmağına dəyməz.
Yeri gəlmişkən, "İrates” qəzeti qeyd edir ki, Nikol Paşinyanın öz komandasından narazılığı artmağa başlayıb. Nəşrin yazdığına görə, Paşinyanın komandasından narazılığın səbəblərindən biri də parlamentdə "Mənim addımım” bloku üzvləri arasında yaranan gərginlikdir. "Bəzi dəyərləndirmələrə əsasən, Paşinyan hökuməti təkcə hər gün itirdiyi reytinq, iqtisadiyyatın çökməsi, investisiyaların yoxluğu ucbatından yox, həm də parlament ucbatından zəifləyir. Parlamentdə ciddi iş sayəsində hər dəqiqə yeni çoxluq formalaşdırmaq mümkündür. Bu iddialar son zamanlar Edmon Marukyan və erməni oliqarx Qaqik Çarukyanın yaxınlaşması şayiələrindən sonra daha da güclənib”, - məqalədə bildirilib. Qeyd edək ki, bundan öncə Ermənistan mətbuatı "Mənim addımım” blokunun deputatları arasında fikir ayrılığının güclənməsi barədə məlumat yayıb. Mətbuat fikir ayrılığının, xüsusilə Mülki Müqavilə Partiyasına üzv deputatlarla partiyaya üzv olmayan deputatlar arasında olduğunu bildirib. Narazılığa əsas səbəb partiya üzvü olmayan deputatların blok rəhbərliyi ilə hesablaşmaq istəməməsidir.
Öz növbəsində politoloq Riçard Kirakosyan isə hesab edir ki, indiki hakimiyyətin legitimliyinə olan ən böyük təhlükə cəmiyyətin gözləntilərinin yüksək olmasıdır. Onun sözlərinə görə, indiki və əvvəlki hakimiyyət arasında ən ciddi fərq odur ki, indiki legitimdir. Lakin cəmiyyətin gözləntiləri hətta xarici təhlükədən də güclüdür. O, əlavə edib ki, ötən ilin siyasi hadisələrini inqilab adlandırmaq olmaz. Yalnız onu demək olar ki, baş verənlər zorakılıqla baş verməyib.

Beləliklə, Ermənistanda ictimai-siyasi, iqtisadi vəziyyət gərgin olaraq qalır. Ölkə kreditlərini belə qaytara bilmir. Ermənistan Rusiyanın "Metsamor” Atom Elektrik Stansiyasının müasirləşdirilməsi üçün ayırdığı krediti vəsaitolmadığına görə qaytara bilmir. Bunu Ermənistanın Energetika və Təbii Sərvətlər Nazirliyinin beynəlxalq əlaqələr üzrə idarəsinin rəisi Tiqran Melkonyan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 19-ci iclasında deyib. T.Melkonyan kreditin ödəmə vaxtının təxirə salınmasını istəyib. "Metsamor” AES-in istismar müddətinin uzadılması layihəsinin reallaşdırılması işlərinin yubanması ilə bağlı məsələni qaldırmaq istəyirəm. Biz, bir neçə həm obyektiv, həm də subyektiv səbəblər aşkarlamışıq. Layihənin uğurla başa çatması üçün kreditin qüvvədə olma müddətinin uzadılması barədə qərar qəbul etmək lazımdır. Hələlik kredit üzrə illik ödənişlərin yeganə mənbəyi "Metsamor" AES-in elektrik enerjisinin satışından əldə edilən vəsaitdir", - deyə Melkonyan qeyd edib.
Dilicanda isə narazı kütlə Yerevan-Dilican magistral yolunu dörd saata yaxın bağlı saxlayıb. Etirazçıların əsas narazılığı yerli sakinlərin pay torpaqlarının kütləvi şəkildə bəzi oliqarxlar tərəfindən saxta yollarla özəlləşdirilərək mənimsənilməsi ilə bağlıdır. İddia olunur ki, onlar indi çarəsiz vəziyyətədirlər. Bunun günahını isə etirazçılar Dilicanın icra başçısı Armen Santrosyanda görürlər. Bundan başqa, Dilican sakinləri Tavuş vilayətinin hüquq-mühafizə sisteminin işindən də narazıdırlar. İnsanlar vilayətin məhkəmə sisteminin çıxardığı saxta qərarlardan beziblər. Ümumiyyətlə, bölgənin bitib-tükənməyən problemləri gündən-günə artır. Vətəndaşların şikayətlərinə baxan yoxdur. Dilicanlılar çıxış yolunu Yerevan-Dilican magistral yolunu bağlamaqda görüblər. Yüzlərlə maşın bir müddət tıxacda qalmalı olub.

Azər
banner

Oxşar Xəbərlər