• cümə, 29 Mart, 14:14
  • Baku Bakı 14°C

Paşinyan “Lazarev klubu”nu boykot etdi

04.12.18 17:57 863
Paşinyan “Lazarev klubu”nu boykot etdi
Ötən həftə Yerevanda Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulinin təşəbbüsü ilə "Lazarev klubu”nun birinci iclası keçirildi. Əvvəldən də elan edildiyi kimi, tədbirə Ermənistanın siyasi elitasının bütün nümayəndələri, o cümlədən keçmiş prezidentlər – Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan, hazırki prezident Armen Sarkisyan və baş nazir səlahiyyətlərini icran edən Nikol Paşinyan dəvətli olsalar da, sonuncular onu boykot etməyə üstünlük veriblər. Bununla da ermənipərəst rusiyalı deputatı pərt vəziyyətdə qoyublar. Görüşdə sadəcə Rusiyaya sıx bağlı olan siyasətçilər, politoloqlar, alimlər və ekspertlər iştirak ediblər. Erməni mediasının yazdığına görə, iclasın yüksək səviyyədə keçirilməsi üçün Kremldən əvvəlcədən xüsusi tapşırıq gəlsə də, Paşinyan yenə də tədbirə qatılmaq istəməyib.
"Joxovurd” qəzeti yazır ki, Paşinyan daha vacib tədbirlərinin olduğunu əsas gətirərək, klubun toplantısında iştirakdan imtina edib. Maraqlı olan həm də odur ki, Paşinyan Yerevanda olan Rusiya nümayəndə heyəti ilə görüşmək belə istəməyib. Və təbii ki, bunu seçkiqabağı təbliğat kampaniyası ilə əlaqələndirib. Baş nazir səlahiyyətlərini icra edən şəxs halbuki bu günlərdə iddia etmişdi ki, Ermənistan-Rusiya münasibətləri yüksək mərhələyə daxil olur. "Mən heç bir ölkənin lideri ilə Rusiya prezidenti ilə görüşdüyüm qədər görüş keçirməmişəm”, - deyə Paşinyan bəyan edib. Rusiya kimi bir dövlətin parlamentinin komitə sədrinin müavinin iştirak etdiyi tədbirdə isə hökumətdən yalnız müdafiə nazirinin müavini Qabriel Balayan iştirak edib. Erməni nəşrləri yazır ki, belə baxanda Paşinyan bu iclasda iştirak etməli idi. Axı prinsip etibarilə bu görüş seçkiqabağı onun üçün əlavə bir vasitə ola bilərdi. Görünür, daha ciddi səbəb olub. Bunu isə çox güman ki, parlament seçkilərindən sonra daha açıq şəkildə hiss etmək mümkün olacaq.
Paşinyanın tədbirə qatılmaması onun əleyhdarlarının əlinə fürsət vermiş olub. Məsələn, keçmiş prezident Robert Koçaryan klubun tribunasından o ki var Paşinyan və yürüdülən siyasətə qarşı sərt fikirlər səsləndirib. İclasda çıxış edən Koçaryanın əsas hədəfi indiki hakimiyyət olub. Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətləri bu gün xüsusi qayğıya ehtiyac duyur. "Bu gün birbaşa və yaxud dolayısı ilə Ermənistanın mövcud ənənəvi geosiyasi prioritetlərinə yenidən nəzər salınması barədə çağırışlar ciddi təhlükə törədir. Sosial şəbəkələr və informasiya texnologiyaları bu gün ictimai rəyi manipulyasiya etmək üçün böyük imkanlar yaradır. Bunlar çoxillik əlaqələrin eroziyaya uğramasının əsasını qoya bilər”, - deyə eks-prezident bəyan edib.
Rusiya nümayəndə heyətinin Ermənistana seçkiqabağı səfər etməsini şərh edən "Qrparak” qəzeti isə məsələyə tamam başqa prizmadan yanaşıb. Qəzet yazır ki, Kreml Ermənistanın gələcək parlamentində qərbyönümlü, sorosçu qüvvələrin dominantlıq edə biləcəyindən narahatdır. Nəşr qeyd edir ki, bu günlərdə Ermənistanda olan Rusiya emissarlarının ("Lazarev klubu”nun iştirakçıları nəzərdə tutulur) səfəri kəşfiyyat xarakteri daşıyır. Rusiyanı daha çox narahat edən Paşinyanın "Sasna Çrer” silahlı qruplaşmasının, Avropa inteqrasiyası tərəfdarı olan qüvvələrin parlamentə salmaq ehtimalının güclü olmasıdır. Qeyd edilir ki, Moskva anti-Rusiya mövqeyi ilə seçilən şəxsləri də müəyyən edib. Bunlar "Putin go Fuck yourself” hərəkatının fəallarından olan David Sanasaryan və Babken Ter-Qriqoryan, eləcə də, "Soros”un bu ölkədəki koordinatorları Ovanes Ovanisyan və Soso Avetisyandır. Onlar da deputatlığa namizəddirlər. Bu şəxslərin deputat olmaları isə Kremlə əlavə problemlər yarada bilər.
"1in.am” saytı isə yazır ki, erməni siyasilər Zatulinin məqsədinin tamam başqa olduğu qənaətindədirlər. "Qarabağ klanı”nın tərəfdarları və Zatulini sevməyən təbəqə hətta belə bir fikir səsləndirir ki, "Lazarev klubu” Rusiya-Ermənistan münasibətlərini möhkəmləndirmək üçün deyil, Ermənistanın daha sıx şəkildə Rusiya planlarına cəlb edilməsi məqsədilə yaradılıb. Xüsusilə Zatulinin tədbirinə istisnasız olaraq hər kəsin, o cümlədən separatçı Dağlıq Qarabağ rejimi rəhbərliyinin də dəvət olunması Yerevanda maraqlı şəkildə qiymətləndirilib. Bildirilir ki, bu tədbir "Qarabağ klanı” tərəfindən Paşinyan komandasına qarşı təbliğat kimi istifadə olunub. Bu, klubun iclasında səslənən fikirlərdə də öz əksini tapıb. Məsələn, Respublika Partiyasından olan deputat Artaşes Geqamyan ABŞ və İsraili Qarabağ zonasında xaos yaratmaq cəhdində günahlandırıb. "Qarabağ klanın”ın "strateqi”nin çıxışında əsas məqam Ermənistanda müharibənin bütövlükdə Şimali Qafqazda müharibəyə səbəb olacağı barədə bəyanatı olub. Onun bu bəyanatının kimə qarşı yönəldiyini söyləmək çətindir.
Yeri gəlmişkən, Zatulin nə qədər iddia etsə də Rusiya-Ermənistan "dostluğu” əbədidir – buna inanan artıq yox dərəcəsindədir. Məsələn, Paşinyanla Putinin Avrasiya İqtisadi İttifaqının Soçidəki görüşü çərçivəsində nələr danışdığı ortaya çıxıb. "İrates” qəzeti yazır ki, görüş zamanı Paşinyan Putindən Ermənistanın sürücülük vəsiqələrinin bu ölkədə tanınmasını istəyib. Putin isə ona birbaşa "rus dilini ikinci dil kimi qəbul edin, heç bir problem olmayacaq” cavabını verib. "Görüşdə həmçinin Paşinyanın xarici məsələlər üzrə müşaviri Arsen Xaratyan da iştirak edib. Məhz o, Putinin cavabından sonra dərhal reaksiya verərək, bu məsələnin belə qoyulmaması gərəkdiyini, onun Ermənistan üçün həmişəlik qapandığını deyib. Rusiyadakı mənbələrimizin məlumatına görə, sonradan öz komandası ilə müzakirəsi zamanı Putin Arsen Xaratyan haqqında da fikir bildirib. O, Xaratyanı "anormal oğlan” adlandırıb. Artıq bir çoxları Xaratyanın Rusiyanın çağırışı əsasında KTMT baş katibi Yuri Xaçaturovun işiylə əlaqədar istefaya getdiyini bilir”, - deyə məlumatda qeyd olunub.


Azər NURİYEV
banner

Oxşar Xəbərlər