• cümə axşamı, 28 mart, 23:28
  • Baku Bakı 13°C

Paşinyan Kremllə münasibətləri pozmaqda ittiham olunur

21.07.20 16:40 612
Paşinyan Kremllə münasibətləri pozmaqda ittiham olunur
"Elə ki, köməyə ehtiyacınız yaranır, dərhal diz çöküb yalvarırsınız”

Tək erməni hakimiyyətində deyil, bütövlükdə erməni cəmiyyətində və siyasi dairələrində son sərhəd qarşıdurmasından sonra bir təşviş və gərginlik hiss olunur. Necə deyərlər, bu insidentdən sonra Ermənistan hakimiyyəti özünü yalqız və miskin durumda hiss edir. Sərhəddə toqquşma törətməklə Nikol Paşinyan hakimiyyəti ümid edirdi ki, Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatına (KTMT) üzv dövlətlər, xüsusən də təşkilatda söz sahibi olan Rusiya ona qahmar çıxacaq. Lakin elə ilk gündən təşkilat bəyan etdi ki, bu addımı atmaq niyyətində deyil. Hətta nəzərdə tutulan iclasını da təxirə saldı. Sərhəd insidenti başa çatdıqdan sonra isə erməni mediasında və siyasi dairələrdə Paşinyana qarşı tənqidlər kəskin şəkildə artıb. Məsələn, "Qolos Armenii” yazır ki, anti-Rusiya fəaliyyətinin və qərarların qəbul edilməsinin əsas moderatoru elə baş nazir Nikol Paşinyan və onun siyasi komandası olub. Qəzet yazır ki, onlar məqsədli şəkildə Rusiya-Ermənistan münasibətlərində qarşılıqlı etimadsızlığa və böhrana gətirib çıxaran siyasət yürüdürlər”. Müəllif bir neçə fakt da sadalayır – Rusiya prezidenti Vladimir Putinin yaxın dostu sabiq prezident Robert Koçaryanın həbsi, KTMT rəhbərliyi barədə həbs qərarının çıxarılması, eləcə də, Yerevanda "rəngli inqilablar” keçirməyə hazırlıq üzrə seminarların keçirilməsi. Əlavə edilir ki, son sərhəd qarşıdurmasına Moskvanın sakit reaksiyası da bundan xəbər verir. "Paşinyan elə bir vəziyyət formalaşdırıb ki, bu gün Ermənistan və separatçı qurumun yanında heç kim qalmayıb. Paşinyan yalnız NATO üzvü olan bəzi Qərb dövlətlərinə ümid edə bilər. Belə bir durumda Ermənistan siyasi elitası dərhal Nikol Paşinyanın və onun siyasi komandasının istefasını tələb edə bilər. Bu, zəruridir. Ermənistan-Azərbaycan sərhədində yaşanan son gərginlik fonunda mütləq baş nazir postuna Rusiyanın dəstək verdiyi biri irəli sürülməlidir. Yalnız bununla regionda qüvvələr balansını Ermənistanın xeyrinə dəyişmək mümkündür”, - deyə bildirilir.
Son hərbi əməliyyatlardan sonra Ermənistanın daha bir biabırçı durumu üzə çıxdı. Erməni mediası Nikol Paşinyanın döyüş zonasında məhv edilən, əlil olan hərbçilərin sığortası məqsədilə Hərbçilərin Sığortalanması Fonduna vəsait toplamaq üçün dilənçi kampaniya aparmaq çağırışı etdi. Sosial şəbəkədə yazdığı statusunda baş nazir vətəndaşlardan yalvara-yalvara Fonda ianələr etməyi xahiş edib. Hətta bildirib ki, bunu onlayn da edə bilərsiniz.
Ermənistanın "Siyasi iqtisadiyyat” tədqiqat institutunun rəhbəri Andranik Tevanyan hesab edir ki, Paşinyan erməni cəmiyyətini parçalamağa müvəffəq olub. "İndi də rusyönümlülərin və rusyönümlü olmayanların bölünməsinə başlayıblar. Bunun əvəzini dövlətin itirilməsi şəklində ödəyə bilərik. Daxili siyasi mübarizəni xarici oriyentasiyalar sahəsinə aparmaq ölkəmiz üçün hədsiz dərəcədə təhlükəlidir”, - deyə o qeyd edib. Əlavə edib ki, Paşinyanın Qarabağ məsələsindəki uğursuzluğu Ermənistanın yeni milli təhlükəsizlik strategiyasında təsdiq olunub: "Bu yaxınlarda qəbul edilmiş strateji əhəmiyyətli sənədlə bağlı bir neçə ilkin müşahidə: 2007-ci ildə qəbul edilmiş strategiyada ayrıca "Dağlıq Qarabağ Respublikası” başlıqlı fəsil var idi.
Paşinyan hakimiyyətinin qəbul etdiyi strategiyada nəinki ayrılmış bənzər fəsil yoxdur, həmçinin erməni tərəfinin məqsədlərində və strategiyasında uğursuzluq var”. A.Tevanyan onu da bildirib ki, hakimiyyət əvvəl olduğu kimi indi də opponentlərinin təqibini aparmaqda davam edir. "Sərhəd insidentləri üçün beynəlxalq mexanizmlərin tətbiqi barədə bəyanat oldu. Bu isə o deməkdir ki, hakimiyyət "lift diplomatiyası” ilə bağlı səhv buraxıb. Praktiki olaraq iki il müddətində Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi üçün hər şeyi etdilər. Hazırda da birinci şəxslər qismində bütün münasibətlər praktiki olaraq dondurulub. Tək bir fakt - sərhəddə baş verən insident zamanı Paşinyan Rusiya rəhbərliyi ilə bir dəfə də olsun telefonla danışa bilməyib. Yeganə danışa bildiyi şəxs Rusiya baş naziri Mixail Mişustin olub ki, bu da yalnız Minskdə baş tutdu. Bu çox kədərli məqamdır - çünki biz müttəfiqimizi itirmişik. Ümid edirik ki, Rusiyanın regionda maraqları var və buna görə Türkiyəyə Ermənistana hücum etməyə imkan verməyəcək”.
Ermənistanın Demokratik Partiyanın lideri Aram Sarkisyan da onunla həmfikirdir: "Biz çoxdan deyirdik ki, Qarabağ münaqişəsi öz hüdudlarından kənara çıxa və regional münaqişəyə çevrilə bilər. Belə durumda Nikol Paşinyan və mövcud hakimiyyət erməni-rus münasibətlərini son 20 ildə mövcud olan vəziyyətə qaytarmalıdır”. Partiya sədri erməni mediamenecer Marqarita Simonyanın bu günlərdə səsləndirdiyi fikirlərin hakimiyyətə qarşı mühüm siqnal olduğunu da bildirib. M.Simonyan qeyd edib ki, son illərin münasibətindən sonra Ermənistan hakimiyyətinin Tovuzda baş verən gərginliklə bağlı Rusiyadan kömək gözləməyə mənəvi haqqı yoxdur. Simonyan 2 iki ölkə arasında yığılıb qalan problemlərin pik həddə çatdığını bildirib. Partiya sədri də mövzunu davam etdirərək deyib ki, əgər Ermənistanda kimsə bunu anlamırsa, çox axmaq adamdır və milli maraqlara zidd gedir: "Bizim cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyənin formalaşmasının səbəbi indiki hakimiyyətin son iki ildə yürütdüyü siyasətdir. Sorosçular və bir çox qrant yeyənlər cəmiyyəti Rusiyaya qarşı yönəltməyə müvəffəq olublar. Bu, faktdır. İkincisi, dost və mehriban dövlətə malik olmaq istəyirsinizsə, buna can atmalısınız”. Partiya sədri əlavə edib ki, əvvəllər gərginlik yarananda, Rusiya rəhbəri hər dəfə Ermənistan siyasi rəhbərliyi ilə əlaqə qururdu: Bu dəfə isə bu, baş vermədi. Siz bilirsiniz bunlar nəyə gətirib çıxara bilər? Onlar açıq şəkildə bildirdilər ki, artıq sizinlə müttəfiq deyillər və münasibətləri birtərəfli əsasda qurmaq istəmirlər. Elə ki, köməyə ehtiyacınız yaranır, dərhal diz çöküb yalvarırsınız”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər