• şənbə, 20 Aprel, 03:27
  • Baku Bakı 15°C

Paşinyan Kremlin hədələri qarşısında geri çəkildi

02.08.18 18:17 603
Paşinyan Kremlin hədələri qarşısında geri çəkildi
Ermənistanın yeni hökumətinin Rusiya ilə münasibətlərində soyuqluq günbəgün qızışmaqdadır. Bu ölkədəki tərəfdarlarının həbsinə sakit durmayan Kreml Paşinyan hakimiyyətinə qarşı hərtərəfli hücuma keçib. Xarici işlər naziri Sergey Lavrovun Ermənistanı hədələyən bəyanatının ardınca media rəsmi Yerevanı hədəfə götürən materialların sayını artırıb. Bu sırada "Kommersant”, "Nezavisimaya qazeta”, "Rosbalt”, "Gazeta.ru” və s. nəşrlər xüsusi fəallıq nümayiş etdirirlər. Məsələn, Rusiya XİN-ə yaxınlığı ilə seçilən "Kommersant” yazır ki, Ermənistanın indiki hakimiyyətinin son hərəkətləri Moskva ilə Yerevanın münasibətlərində ciddi qarşıdurmaya səbəb olub.Qəzet Rusiyanın dövlət strukturlarındakı mənbələrə istinadən bildirir ki, xüsusən KTMT-nin baş katibi, general Yuri Xaçaturovun cinayət məsuliyyətinə cəlb edilməsi Moskvada hiddətlə qarşılanıb.Kremldə bunu hərbi blokun imicinə ciddi zərbə hesab edirlər və istisna etmirlər ki, KTMT-yə başqa ölkənin vətəndaşı başçılıq edəcək. Habelə Rusiyanın Ermənistana 100 milyon dollarlıq güzəştli silah krediti ayırması da sual altında qalıb.
Ermənistan XİN-in sözçüsü Tiqran Balayan qəzetə açıqlamasında baş verən proseslərin xarici siyasətlə əlaqəli olmadığını bildirib."Ölkənin xarici siyasət prioritetləri Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinin daha da dərinləşməsinə və möhkəmlənməsinə hədəflənib” – deyə Balayan rusiyalı jurnalistə yaltaqlanmağa çalışıb.
Lakin Yerevandan səslənən bu kimi bəyanatlar Moskvanı inandırmağa bəs etmir. Qəzetin yazdığına görə Nikol Paşinyanın hökumətinin keçmiş vəzifəli şəxsləri, o cümlədən Robert Köçəryanı və Yuri Xaçaturovu 2008-ci ilin martında Yerevanda nümayişçilərə qarşı silah işlədilməsinə görə təqib etməsi Moskvanı qıcıqlandırır.
Rusiyanın dövlət strukturlarındakı mənbə deyib ki, Moskvada KTMT baş katibinin təqib edilməsi xüsusi qıcıq yaradıb. Çünki bu addım Rusiyanın liderlik etdiyi hərbi blokun imicini təhlükə altında qoyub. Doğrudur, R.Köçəryandan fərqli olaraq Y.Xaçaturovun barəsində həbs qətimkan tədbiri seçməyiblər, onu ev dustağı ediblər. Lakin Yerevan Xaçaturova qarşı cinayət işinin qaldırılması haqda KTMT üzrə tərəfdaşlarını xəbərdar etməyib. Generalı Yerevana ancaq şahid qismində ifadə vermək üçün çağırıblar. KTMT-yə yaxın mənbə isə deyib ki, ola bilsin Xaçaturovu və bütün bloku "ləkələmək” cəhdinin arxasında regiondankənar oyunçular dayanır.
Artıq Yerevan KTMT-də Xaçaturovun Ermənistanın başqa bir nümayəndəsi ilə əvəzlənməsinə dair proseduru da başladıb. Hərçənd KTMT üzvləri deyirlər ki,Yerevandan bu barədə heç bir sənəd almayıblar. Rusiya Prezident Administrasiyasındakı mənbənin bildirdiyinə görə, Ermənistandakı çəkişmələr bütün blokun imicinə zərbə olub. Ona görə də noyabrın 8-də KTMT sammitində Ermənistanın yeni namizədi təsdiqlənməsə, bloka əlifba sırası ilə Belarus nümayəndəsi başçılıq edəcək.
Yuxarıda qeyd etdiyimiz kimi, Ermənistanla Rusiya arasında qarşıdurma Yerevana güzəştli kredit hesabına silah təchizatına dair bundan əvvəl əldə edilmiş razılaşmanı da sual altında qoyub. Ermənistan bu sövdələşməyə əsasən, Rusiyadan daha 100 milyon dollarlıq silah almalı idi.Ermənistan mətbuatı yazmışdı ki, bu pula Rusiyadan "xeyli sayda "İsgəndər” raketləri alınacaq və onları Azərbaycanla sərhəddə yerləşdirəcək”. İndi isə Rusiya Ermənistanda baş verənləri "anlamadığına görə” güzəştli silah krediti sual altına düşüb.
Gözənildiyi kimi, erməni mediası da Rusiya XİN rəhbərinin bəyanatını cavabsız qoymur. Bu fonda "1in.am” saytı xüsusi fəallıq göstərir. Sayta açıqlamasında erməni vəkil Norayr Norikyan bildirib ki, Lavrovun açıqlaması yolverilməz diplomatik leksikondadır. Onun sözlərinə görə, bu, Ermənistan Respublikasına, onun suverenliyinə qarşı demarşdır. Onun qənaətincə, Rusiya hakimiyyəti öz nazirini ortaya atmaqla demək istəyir ki, yeni erməni hökumətinə etibar etmir. Bu isə o deməkdir ki, erməni-rus münasibətlərində gərginlik qarşısıalınmaz mənfi nəticələrə səbəb ola bilər. Faktiki olaraq Lavrovun fikirlərində Ermənistanın ünvanına şantaj var.
Erməni mediası yazır ki, Paşinyanın avqustun 17-də baş nazirliyinin 100 günlüyü ilə bağlı keçirəcəyi aksiya Lavrovun bəyanatına bir növ cavab olacaq. Yerevan bununla böyük ictimai legitimliyini göstərəcək.
Son məlumatlara görə, Ermənistan Xüsusi İstintaq Xidməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Y.Xaçaturova fəaliyyətini davam etdirmək üçün Moskvaya getməsinə icazə verib. Bunu Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan bildirib. "Xaçaturov Ermənistan ərazisinin bir müddətə tərk edə bilər. Ona qarşı tədbir artıq mane deyil”, - deyə o, vurğulayıb. Bundan əlavə xidmətdən bildiriblər ki, Ermənistanın keçmiş prezidenti Serj Sakisyan və keçmiş baş nazir Ovik Abramyan 2008-ci ildə Konstitusiya quruluşunu devirmək işi ilə əlaqədar ifadə verməyə çağırıla bilər. Bunu Ermənistan Xüsusi İstintaq Xdimətinin sədri Sasun Xaçatryan deyib. "İfadə verməyin vacibliyini müstəntiqlər həll edir. Mən demişəm ki, bu cinayət işi üzrə dəyərli dəlil təqdim edə biləcək istənilən məmur sorğu-sual edilsin. 2008-ci ilin martında ordu siyasi proseslərə müdaxilə edib. Bu, əsas ittihamdır. Konstitusiyaya görə, bu, qanunsuzluqdur. Ordunun cəlb edilməsi yolverilməzdir. Ordu yalnız hərbi vəziyyət elan olunduqdan sonra proseslərə müdaxilə edilə bilər. Hərbi vəziyyət isə elan olunmayıb”, -deyə o vurğulayıb.
Qeyd edək ki, martın 1-də etiraz aksiyası iştirakçılarına qarşı hərbçilər tərəfindən güc tətbiq edilib. Artıq o vaxtkı prezident Robert Koçaryan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər