• çərşənbə axşamı, 19 mart, 11:07
  • Baku Bakı 8°C

Paşinyan korrupsiyaya qarşı mübarizədə “əsas maneə”ni müəyyən edib

19.02.19 20:19 455
Paşinyan korrupsiyaya qarşı mübarizədə “əsas maneə”ni müəyyən edib
Korrupsiyaya qarşı başlatdığı populist, şou kampaniyasının bir nəticə vermədiyini görən baş nazir Nikol Paşinyan sərt addımlar atmaq qərarına gəlib. Ölkədən kapital axını, investisiya azlığı yaşanır. Gərginləşən sosial-iqtisadi vəziyyətdə baş nazir qeyri-adi təkliflə çıxış edib. Əmlakın məhkəməyə qədər müsadirə olunması barədə ideya səsləndirib və bu ideya da Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan tərəfindən dəstəklənib.
"Kommersant” yazır ki, erməni hakimiyyət orqanları belə bir qərarın korrupsiyaya qarşı mübarizəni aktivləşdirəcəyinə ümid edirlər. Məsələnin nə vaxt müzakirəyə çıxarılacağı barədə "Kommersant”ın sualına deputatlar cavab verməkdə çətinlik çəkiblər. Sadəcə bildirilir ki, söhbət cinayət yolu ilə əldə olunan əmlakın müsadirə olunmasından gedir. Paşinyanın qənaətincə, belə bir mexanizm "keçid dövrünün ədalət məhkəməsi”nin elementidir. Əlavə edib ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bunu insan haqlarının pozuntusu hesab etmir. Maraqlıdır ki, AİHM-nin məlum reaksiyası olmaya-olmaya erməni tərəfi onun yerinə danışır. Erməni baş nazir bildirir ki, elə bir vəziyyət yaranır ki, vətəndaş öz gəlirinin mənbəyi barədə məlumat verməyə məcbur olur. "Mövcud vəziyyətdə günahsızlıq prezumpsiyası yox, günah prezumpsiyası qüvvədə olur”, - deyə Paşinyan öz ideyasını əsaslandırmağa çalışıb. Qəzet xatırladır ki, Paşinyan hakimiyyətə gələndən dərhal sonra "korrupsiya” və "keçid dövrü ədalət məhkəməsi”ni elan edərək bunları prioritet məsələ kimi qeyd etmişdi. Lakin zaman keçdikcə, bəlli oldu ki, onun bu proqramı elə də asanlıqla reallaşmayacaq. Əvvəlki parlament ona bu arzusunu reallaşdırmağa mane olurdu. İndi isə parlament çoxluğu onun tərəfində olsa da, maneçilik məhkəmələrdə ola bilər. Məsələ ondadır ki, hakimlərin çoxu Sarkisyan dövründə təyin ediliblər.
"Transparency International” antikorrupsiya mərkəzinin proqram rəhbəri Varujan Oktanyan hesab edir ki, baş nazirin ideyasına praktikada yalnız Böyük Britaniyada rast gəlinir. Ekspert hakimiyyətin siyasi rəqiblərinə qarşı motivləşdirilmiş qərarlar qəbul edə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, repressiv kampaniya tək əvvəlki rejimin nümayəndələrinə deyil, həm də yeni hakimiyyət nümayəndələrinə qarşı tətbiq edilməlidir. Qafqaz İnstitutunun elmi işçisi Qrant Mikaelyan hesab edir ki, Paşinyanın ideyası müəyyən effekt doğura bilər. Lakin onun tətbiq etmək istədiyi sistemin hüquqi prosedurunun necə olacağı aydın deyil. O bildirib ki, Ermənistanda elitanın pulunun böyük bir hissəsinin mənbəyi gizli olub. Bu səbəbdən də bu təşəbbüsü reallaşdırmaq bir qədər çətin olacaq.
Yeri gəlmişkən, Paşinyan artıq ideyasını reallaşdırmaq istiqamətində aktiv fəaliyyətə başlayıb. Dünən erməni saytları belə bir xəbər yayıblar ki, keçmiş prezident Serj Sarkisyanın qardaşı Aleksandr 18,5 milyon dollar vəsaiti qarşılıqsız olaraq dövlətə verib. "Sputnik-Ermənistan” xəbər verir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan bildirib. A.Sarkisyan iri iş adamı, Ermənistan parlamentinin keçmiş deputatıdır. Daha öncə Ermənistan KİV-ləri bildirmişdilər ki, A.Sarkisyanın erməni banklarından birindəki hesablarında 30 milyon dollar aşkarlanıb və bu hesaba həbs qoyulub. Eks-prezidentin qardaşı hesaba qoyulmuş həbsin ləğvinə çağıraraq, məbləğin bir hissəsini dövlətə verəcəyini vəd etmişdi. Paşinyanın sözlərinə görə, bu yaxınlarda Sarkisyan bütün məbləği büdcəyə qaytarmağa qərar verib. Qeyd edək ki, 2018-ci ilin iyul ayında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq idarəsinin qərarına görə, Aleksandr Sarkisyanın mülkiyyətinə həbs qoyulmuşdu. Elə o zaman Nikol Paşinyan eks-prezident Robert Köçəryandan və başqa oliqarxlardan "oğurlanmış vəsaitləri” xalqa qaytarmağı tələb etmişdi. Ələlxüsus, o, Aleksandr Sarkisyana möhlət vermişdi ki. könüllü olaraq 30 milyon dolları büdcəyə qaytarsın.
Görünən odur ki, Paşinyanın əvvəlki hakimiyyətə qarşı sərt addımları ona qarşı gizli bir müxalifət formalaşdırır. Məsələn, Ermənistanın "Jamanak” qəzeti belə bir məlumat yayıb ki, sabiq baş nazir, Moskvanın təlimatı ilə Yerevana qayıdan Karen Karapetyan ötən şənbə günü ölkənin keçmiş hakimiyyətinin elit nümayəndələrinin yığıncağını təşkil edib. Bildirilir ki, keçmiş iqtidar komandasının yüksək vəzifəli üzvlərinin görüşündə sabiq nazirlər və qubernatorlar da iştirak ediblər. Karapetyanın bu cür yığıncaq keçirməsinin məqsədi hazırkı baş nazir Nikol Paşinyana qarşı vahid koalisiya yaratmaq olub. "Görüş zamanı iştirakçılar Ermənistanda yaranmış mövcud daxili siyasi vəziyyətdə mümkün fəaliyyətlərini, eləcə də vahid komanda formasında çıxış etməyi müzakirə ediblər” – qəzet yazıb.
Rusiyalı hərbi ekspert,"Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Ermənistanda nəşr edilən "168 saat” qəzetinə müsahibəsində maraqlı bir məsələyə toxunub. O bildirib ki, Ermənistandakı Böyük Britaniya səfirliyinin himayəsi altında qeyri-formal gizli klub fəaliyyət göstərir və erməni elitasının bir çox nümayəndələri həmin klubun üzvlərdir. "Biz qeyd etməliyik ki, əlimizdə olan məlumatlara görə, indiki erməni elitasının bir sıra yüksək rütbəli məmurları Böyük Britaniya səfirliyinin nəzdindəki qeyri-formal klubun üzvləridir. Yeri gəlmişkən, mən etibar etdiyim mənbələrə istinad edib deyə bilərəm ki, müdafiə naziri David Tonoyan və baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akobyan, habelə indiki erməni istebleşmentinin digər nüfuzlu nümayəndələri həmin klubda yer alır” - Korotçenko deyib.
Rusiyalı hərbi ekspert qeyd edib ki, həmin qeyri-formal klub Ermənistanın Rusiya ilə münasibətlərini özünün sonrakı siyasətinin strateji istiqaməti kimi nəzərdən keçirə bilməz. Ona görə də Rusiyada Ermənistanla münasibətlərin keyfiyyətini sözlərlə deyil, ancaq praktiki hərəkətlərlə qiymətləndirəcəklər. "Beləliklə, hər şey Yerevandan asılıdır. Rusiya Ermənistanla münasibətləri bütün istiqamətlərdə dərinləşdirməkdə maraqlıdır, lakin Yerevanın eyni vaxtda iki stulda oturmaq cəhdini, Moskvada aydın məsələdir ki, qəbul etməyəcəklər” - Korotçenko bildirib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər