• cümə, 19 Aprel, 05:12
  • Baku Bakı 18°C

Paşinyan komandasına “sarı kart” göstərdi

13.09.19 15:49 539
Paşinyan komandasına “sarı kart” göstərdi
Erməni kütləvi informasiya vasitələrinin yazdığına görə, baş nazir Nikol Paşinyanın komandasından narazılığı günbəgün artır. "İnqilabçı” baş naziri özündən çıxaran komanda üzvlərinin onu "Amulsar” qızıl yatağı ətrafında yaşanan gərginlikdə, eləcə də, İstanbul konvensiyası ilə bağlı müzakirələrdə yetərincə dəstəkləməmələridir. "Sputnik Armeniya” agentliyi xəbər verir ki, baş nazir komanda üzvlərini "əvəzləyəcəyi” barədə xəbərdarlıq edib. Bu barədə erməni politoloq Vigen Akopyan agentliyə açıqlamasında bildirib. O, baş nazir tərəfindən "ehtiyat” qüvvə variantının nəzərdən keçirildiyini dilə gətirib. Bundan əvvəl "Past” erməni qəzeti də baş nazirin "ehtiyat” qüvvənin yaradılması istiqamətində işlərə başladığını yazmışdı. Bu təşəbbüs baş nazirin reytinqi aşağı düşəcəyi təqdirdə bir qalxan kimi işə düşməlidir. Nəşrin məlumatına görə, bura parlamentdə təmsil olunan qüvvələrlə yanaşı, hakimiyyətin "məxməri” siyasətinə qarşı çıxan parlamentdən kənar qüvvələr daxil olmalıdır. Siyasi texnoloqların qənaətincə, belə qənaətə gəlməyə səbəb tək son günlərin siyasi vəziyyətinin inkişaf ssenarisi (söhbət hakim komanda daxilində "Amulsar” qızıl yatağının işlənməsi ilə bağlı yaşanan ikitirəlikdən gedir) deyil, həm də "Sasna çrer” partiyasının liderləri ilə görüşdən gedir. "Bu görüş məqsədli şəkildə əhəmiyyətli bir siyasi hadisəyə çevrildi”, - deyə Akopyan bəyan edib. Onun fikrincə, Paşinyan anlayır ki, üç əsas siyasi bloku (Vətəndaş müqaviləsi, vətəndaş cəmiyyəti qanadı və Levon Ter-Petrosyanın komanda üzvləri) əhatə edən böyük siyasi komanda onun istədiyi kimi o qədər də yekdil, yığcam deyil.
Yay aylarında baş verən hadisələr, xüsusən də "Amulsar” yatağı ətrafında baş verənlər və İstanbul konvensiyası qalmaqalı məsələsi göstərdi ki, heç də hamı Paşinyanı güclü şəkildə dəstəkləmir. Özü də narazılıq və etiraz kütləvi xarakter alıb. "Paşinyan anlayır ki, bu komanda heç də həmişə onun dayağına çevrilə bilməz. İstisna deyil ki, onun ağlına "profliaktika” aparmaq və ehtiyat variantlar tapmaq gəlib. Bura ən əsası indiki komandaya alternativ yaradılmasıdır”, - deyə Akopyan bəyan edib.
Siyasi texnoloqun qənatəincə, söhbət real addımlardan yox, alternativ qüvvənin ideyasından, konsepsiyasından gedir. Müəllifin qənaətincə, Paşinyan öz komandasını saxlamaq və yaxud xəbərdar etmək istəyir. Bundan əlavə, baş nazir əmin olmalıdır ki, komandası ona sona kimi dəstək verəcək. "Əgər "Sasna çrer”in lideri Jirayr Səfilyan Paşinyanla görüşdən dərhal sonra bəyan edirsə ki, bir ildən sonra növbədənkənar parlament seçkiləri keçirilməlidir, onda belə bir ehtimal yaranır ki, bu sözlər baş nazirlə razılaşdırılıb. Bu isə minimum "Mənim addımım” və icra hakimiyyətinin üzvlərində narahatçılıq doğurmalıdır. Belə bir bəyanat onlar üçün xəbərdarlıq olmalıdır. Hakim komandaya alternativin ortaya çıxması imkanları Paşiyanın müxtəlif qüvvələrlə yeni, konkret razılaşmalarından asılıdır. "Ehtiyat” qüvvə həm parlamentdənkənar, həm də parlament qüvvələr hesabına formalaşa bilər.
"Nyus.am” isə "Past”qəzetinə istinadən yazır ki, hakimiyyət "Amulsar” məsələsində "məğlub” olduğunu başa düşdüyündən ictimai rəyi yayındırmaq üçün bütün vasitələri işə salır. "Hakimiyyət anlayır ki, qalmaqallı həbslər” etməklə gündəmi dəyişmək metodu artıq işləmir və bu səbəbdən də yeni "tamaşalar” oynayır. Lakin məsələ ondadır ki, ekoloqlar və cermuxlular qətiyyətlidirlər və geri çəkilmək fikrində deyillər. Bundan əlavə, gəzən şayiələrə görə, "Amulsar” qızıl yatağının işlənməsinə qarşı mübarizə yeni "Elektrik Yerevan”ın yaranmasına gətirib çıxara bilər. Yaxın günlərdə daha irimiqyaslı mitinqlər gözlənilir. Bu dəfə onlara qoşulanlar sırasında bir sıra tanınmış sima, o cümlədən şou-biznes nümayəndələri da olacaq. Hökumətdəki mənbənin verdiyi məlumata görə, bu barədə baş nazir N.Paşinyana məlumat verilib. Onu mümkün risklər, o cümlədən siyasi nəticələr barədə məlumatlandırıblar. Təsadüfi deyil ki, yürüş zamanı Paşinyanın istefası tələbləri səslənib”, - deyə nəşr yazır.
"1in.am” isə yazır ki, qızıl yatağı ilə bağlı qalmaqal və etirazlar Paşinyan hökuməti üçün ciddi başağrısına çevriləcək. Belə ki, ekoloqlar ötən gün Yerevanın mərkəzində etiraz aksiyası keçiriblər. "Yaranmış böhran baş nazirin Cermux sakinlərini "Amulsar”a gedən yolları açmağı xahiş etməsindən sonra güclənib. Baş nazir əlavə edib ki, yollar açılsa belə, işlərə 2020-ci ilin aprel ayından tez başlamaq mümkün olmayacaq. Ermənistan təbiəti mühafizə cəbhəsi sosial şəbəkədə yazılan statusda növbəti etiraz aksiyasının keçiriləcəyindən bəhs edib”, - deyə müəllif yazır. Əlavə edir ki, baş nazir bildirir ki, əgər bu yatağı bağlasalar, sabah belə bir formada KİV-i də bağlaya bilərlər: "Paşinyanın bəyanatı yumşaq ifadə etsək, qeyri-korrektdir və ədalətli olaraq da vətəndaş cəmiyyəti və KİV tərəfindən tənqidlərə tuş gəlib. İnqilab lideri alleqorik səviyyədə olsa belə, mətbuatın bağlanmasından danışmalı deyildi. Özü də dağ mədən sənayesi heç də demokratik dövlətin ən vacib hallarından biri demək deyil, həm də diqqətə alaq ki, Amulsar və digər yataqlar əvvəlki korrupsioner sistemin qalığıdır. Bu faktı da müxalifətçi, inqilab lideri N.Paşinyan dəfələrlə bəyan edib. Tək bu fakt "Amulsar”ın azad mətbuatla müqayisəsini yersiz edir. Əks halda cəmiyyət əvvəlki rejimlə indiki arasında heç bir fərq olmayacağını müşahidə edəcək”. Məqalədə daha sonra Paşinyanın səsləndirdiyi fikirlərin bir-biri ilə ziddiyyət təşkil etdiyi, onun inqilab gündəliyinin uğursuzluğunda kimi ittiham etməsinin aydın olmadığı vurğulanır. "Nəyə görə indiyə qədər sistemli islahatlar həyata keçirilməyib, niyə köhnə Seçki Məcəlləsi fəaliyyətdədir və nəyə görə məhkəmə islahatı real olmadı? Kriminal oliqarxiyaya lazımı qiymət verilmədi? Paşinyan bu suallara cavab verməlidir. Belə bir təəssürat yaranır ki, Paşinyan daha inqilaba inanmır”, - deyə müəllif fikrini tamamlayıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər