• şənbə, 20 Aprel, 20:13
  • Baku Bakı 24°C

Paşinyan Koçaryanı həbsdən buraxmadı

17.09.19 16:44 851
Paşinyan Koçaryanı həbsdən buraxmadı
Sürpriz baş vermədi və Ermənistanın baş naziri Nikol Paşinyan Robert Koçaryanı həbsdə saxlamaq qərarına gəldi. Dünən hakim Anna Danibekyanın sədrliyi ilə keçirilən məhkəmə eks-prezident Robert Koçaryanın həbsdə qalması barədə qərar çıxarıb. Müvafiq qərar birinci instansiya məhkəməsi tərəfindən qəbul edilib. "Məhkəmə həbsdən dərhal azad edilməsi barədə ərizəni rədd etmək qərarına gəldi. Qərardan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər”, - deyə Anna Danibekyan bildirib. Vəkillər Koçaryanın həbsdən azad edilməsini tələb edirdilər. Onların əsas arqumenti Konstitusiya Məhkəməsinin qərarına əsaslanır. Qərara əsasən, Koçaryanın həbsi onun eks-prezident kimi toxunulmazlığı və şəxsi azadlığının pozulması kimi qiymətləndirilir.
Baş Prokurorluğun nümayəndəsi isə öz nitqində Konstitusiya Məhkəməsinin qərarının Koçaryanın azadlığa buraxılması üçün əsas vermədiyini israr edib. R.Koçaryan məhkəmə prosesini özünə qarşı "siyasi təqib” adlandırıb. "Bu, Ermənistan tarixində ən biabırçı məhkəmədir. Prokurorluq üçün qanun elə bil ki, plastilindir: istədikləri kimi şərh edirlər. Gələcəkdə bu cinayət işi barədə dərsliklərdə yazacaqlar, mənfi və müsbət qəhrəmanları təsvir ediləcək. Və mən mənfi qəhrəmanın kim olacağına şübhə etmirəm” - Koçaryan deyib.
Ermənistanın sabiq prezidentinin iş üzrə paralel olaraq sabiq müdafiə naziri Seyran Ohanyan, sabiq Yerevan hərbi qarnizonunun komandanı Yuri Xaçaturov və Təhlükəsizlik Şurasının sabiq katibi Armen Gevorkyan da ittiham olunurlar. Ümumi Yurisdiksiya Məhkəməsinin qərarını dinlədikdən sonra vəkillər sabiq Ermənistan prezidentinin pul girovu müqabilində istintaq müddətində azadlığa buraxılması təklifi ilə vəsatət hazırlayıblar.
Xatırladaq ki, R.Koçaryan 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində Ermənistanın konstitusiya quruluşunu devirməkdə təqsirli bilinir.
Artıq Koçaryan tərəfdarları sosial şəbəkədə geniş müdafiə kampaniyasına start veriblər. "Facebook”da "Müstəqillik marafonu: Qalib gələn” adlı səhifə fəaliyyət göstərir. Bunun arxasında məhz Koçaryan komandasının durduğunu "1in.am” irəli sürüb. Sayt yazır ki, bu qrupun metodologiyası çox effektivdir.
Yeri gəlmişkən, qeyd edək ki, prosesin keçirildiyi məhkəmə binasının qarşısında keçmiş prezidentin tərəfdarları və əleyhdarları aksiya keçiriblər. Bina qarşısında paralel şəkildə dayanmış dəstələrin arasına polis qüvvələri yerləşdirilib. Məhkəmə qarşısına toplaşan Koçaryan tərəfdarları "Koçaryan qəhrəmandır!”, əleyhdarları isə "Ömürlük həbs tələb edirik” şüarları səsləndiriblər. Onu da qeyd edək ki, sentyabrın 12-də keçirilən bundan əvvəlki məhkəmə prosesi zamanı aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanmış, polis bir neçə nəfəri saxlamışdı.
Çoxları gözləyirdi ki, Rusiya prezidenti Vladimir Putinin Ermənistana mümkün səfəri ərəfəsində Paşinyan geri çəkiləcək və Koçaryanı azadlığa buraxacaq. Hər halda, Putin Koçaryanın ad günü ilə bağlı ona iki dəfə təbrik ünvanlayıb, eks-prezidenti Rusiyanın ən yaxın dostu və müttəfiqi adlandırıb. Lakin bu baş vermədi. Paşinyan geri çəkilmək fikrində olmadığını ortaya qoydu. Bu həm də o anlama gəlir ki, Kremllə Yerevan arasında müəyyən anlaşma var. Ermənistan bütün strateji məsələlərdə Rusiyanın dediyi ilə oturub-durur. Hətta Koçaryanın həbsdə saxlanmasına baxmayaraq, Putin ola bilsin Yerevana da gələcək. Nəzərə alaq ki, Birləşmiş Ştatlar bir neçə dəfə Ermənistandan narazılığını ifadə edib. Söhbət Suriyaya erməni hərbi kontingentinin göndərilməsindən gedir. Həmin qüvvələr Rusiyanın himayəsi altında bu ölkədə prezident Bəşər Əsədə yardım edirlər.
O ki qaldı hadisələrin bundan hansı axarla davam edəcəyinə - indi Koçaryanın ümidi ancaq Qarabağ separatçılarına qalır. Məhz həmin qüvvələr eks-prezidenti "qəhrəman” hesab edir, onun azadlığa buraxılmasını tələb edirlər. Hətta qondarma qurumun rəhbərliyi bununla bağlı bir neçə dəfə Ermənistan rəhbərliyinə müraciət də ünvanlayıb. Lakin bu xahiş və tələblər Paşinyan tərəfindən rədd edilib. Paşinyanın Koçaryanı azad etməməsinin səbəbi də bəllidir. Əgər o azad olsa, ətrafına Qarabağ klanının tanınmış simaları toplaşacaqdı. Nəzərə alsaq ki, baş nazirin də reytinqi durmadan aşağı düşür, onda onun düşəcəyi vəziyyəti anlamaq mümkündür. İstefalar və aksiyalar ölkədə mütəmadi hal alıb. Məsələn, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın istefasından sonra müdafiə naziri David Tonoyan və polis rəisi Valeri Osipyan da öz postlarını tərk edəcək. Bu barədə "Joqovurd” qəzeti yazıb. "Təsadüfi deyil ki, dünən parlamentdə ilk oxunuşda güc strukturlarının rəhbəri vəzifələrinə namizədlərin senzinə dəyişikliklər qəbul edildi. Bu dəyişiklik baş nazirə yalnız bu sahədən olan şəxsləri deyil, eyni zamanda 25 yaşı tamam olmuş və 4 il mütəmadi şəkildə ölkədə yaşayan Ermənistanın istənilən vətəndaşını polisə və MTX-yə rəhbər təyin etmək imkanı verəcək”, - nəşr yazıb. Qəzet hökumətdəki mənbələrə istinadən qeyd edib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə ən real namizəd N.Paşinyanın dostu Vaqe Kazaryandır. Bundan əlavə, sözügedən vəzifəyə keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın da namizədliyi irəli sürülür.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər