• cümə, 19 Aprel, 14:44
  • Baku Bakı 25°C

Paşinyan Koçaryandan intiqam alır

21.06.19 18:45 520
Paşinyan Koçaryandan intiqam alır
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ilə bağlı qalmaqal səngimir. Səfirin həbsdən azad olunan Robert Koçaryanla görüşməsi erməni kütləvi informasiya vasitələri üçün prioritet məsələlərdən biri kimi qalır. Erməni cəmiyyətində Rusiyanın ölkənin daxili işlərinə qarışdığı, onun suverenliyini ələ salması, bir növ forpost ölkə kimi nəzərdən keçirməsi əsas xətt kimi keçir. "Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı ekspert İqor Korotçenko bununla bağlı erməni siyasi dairələrində Rusiyanın hədəfə alınmasını şərh edib. Onun sözlərinə görə, eks-prezidenti ölkəsində siyasi motivlərə görə izləyirlər: "Bu, sadəcə Paşinyanın intiqamıdır. Burada şəxsi haqq-hesab çəkilir. Bu, tək Koçaryan, Xaçaturov və başqalarını əhatə etmir. Yerevan indi özünün 1937-ci ilini yaşayır”, - deyə ekspert vurğulayıb. Əlavə edib ki, səfir digər diplomatların etdiklərini edir. Ölkənin siyasi xadimləri ilə görüşlər keçirir. Bu, səfirin aktiv iş praktikasıdır: "Niyə Ermənistan XİN ABŞ səfirini nazirliyə çağırıb bildirmir ki, ölkədə amerikalı diplomatların sayı çoxdur. Orada işləyənlərin çoxu hərbi rütbəlilərdir. Qoy Paşinyan tələb etsin ki, həmin o 300-400 diplomat ölkəni tərk etsin. Erməni tərəfinin Rusiya səfirinə qarşı iradları axmaqlıqdır. Bu, bir növ Ermənistanın öz ayağına atəş açması deməkdir”. Ekspert daha sonra diqqəti başqa bir məsələyə yönəldir: "Baş nazir Ermənistanda iqtisadi inqilab haqqında danışır - yaxşı olardı ilin sonunu gözləyək. Ölkədə əmək haqları və pensiyalarla bağlı vəziyyət necə olacaq, erməni xalqının vəziyyəti yaxşılaşaqmı?”- deyə fikrini tamamlayıb.
"Rusiyanın Ermənistandakı səfiri Ermənistan Konstitusiya Məhkəməsinin rəhbərinə Koçaryanı müdafiə etmək qarşılığında vəzifəsində qalacağı zəmanəti verib. Bu məlumatı Teleqram sosial şəbəkəsində "Baqramyan 26” kanalı paylaşıb. "Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın Konstitusiya Məhkəməsinin rəhbəri Qrayr Tovmasyanla görüşüb. Tovmasyan Serj Sarkisyanın təyin etdiyi adamdır. Öz karyerasında irəliləməsinə görə o, Serj Sarkisyana borcludur. Səfir Koçaryanla görüşdən sonra Tovmasyanla görüşür, halbuki məhz Koçaryanla görüşə görə onu Ermənistan Xarici İşlər Nazirliyinə çağırıb, ölkənin daxili işlərinə müdaxilə etməməsi istənilmişdi. Kopırkinlə görüşə qədər isə Tovmasyan Qarabağda olub. Burada onunla eyni zamanda Serj Sarkisyan da olub və o, Tovmasyana gələcək fəaliyyəti ilə bağlı məsləhətlər verib. Aydındır ki, səfirlə Tovmasyanın görüşündə Rusiya-Ermənistan əməkdaşlığı müzakirə edilməyib. Səfir sadəcə Robert Koçaryanın ittiham olunduğu 1 mart işinin gələcəyi ilə bağlı maraqlanıb. İş artıq Konstitusiya Məhkəməsinə göndərilib. Burada Koçaryana qarşı cinayət işinin davam etdirilib-etdirilməməsinə qərar verilməlidir. Yəqin ki, səfir Tovmasyana Rusiya tərəfinin Koçaryanın işi ilə bağlı arzularını çatdırıb və Moskvanın ona dəstək verəcəyi ilə bağlı zəmanət verib. Səfir Kopırkin çox təhlükəli oyuna daxil olub və əvvəl yazdığımız kimi, Rusiyanın Belarusdakı eks-səfiri Babiçin taleyini təkrarlaya bilər”, - məqalədə bildirilib.
İkitərəfli münasibətlərdə gərginliklərin olduğunu göstərən başqa bir fakt. Ermənistan baş naziri işçilərinə Rusiyadakı neqativ proseslər, mərkəzi hakimiyyətə qarşı fəaliyyətlər, eləcə də Putinin reytinqi haqqında xüsusi hesabat hazırlanması barədə tapşırıq verib. Bu məlumatı "Past” qəzeti yayıb. Paşinyan xüsusi olaraq Rusiyadakı antihökumət nümayişləri və etirazların dinamikası haqqında məlumat almaq istəyib. Məlumatda hələlik Paşinyanın belə qərar verməsinin nə ilə əlaqədar olduğunun müəyyən edilə bilmədiyi vurğulanıb.
Yeri gəlmişkən, Yerevanda Konstitusiya Məhkəməsi hakimlərinin seçilməsi ilə bağlı gərginlik səngimədiyi bir vaxtda, Xankəndində separatçı qurumun yüksək rütbəli hərbçilərinin qovulması barədə xəbərlər dövriyyəyə daxil olmaqdadır. "1in.am” erməni saytı yazır ki, Bako Saakyan separatçı qurumun hərbi rəhbərinin müavini Vardan Balayanı vəzifəsindən azad edib. Bundan əvvəl qondarma qurumun polis rəisi Levon Mnaçakanyan və separatçı qurumun başqa bir generalı Samvel Karapetyan işdən qovulublar. Nəşrin yazdığına qovulma siyahısı bununla kifayətlənməyəcək və yeni istefalar gözlənilir. "Növbəti qovulan kim olacaq” - deyə nəşr sualla çıxış edir. Ardınca da əlavə edir ki, baş verənlər kadr siyasəti ilə bağlı deyil: "Biz daha dərin köklərə malik proseslə üz-üzəyik. Aydın olan odur ki, Saakyan öz arzusu ilə hərəkət etmir. Əksinə, Yerevanın arzusunu yerinə yetirir. Belə ehtimal etmək olar ki, separatçı qurumun rəhbəri və Nikol Paşinyan müəyyən razılıq əldə ediblər. Yaranmış vəziyyətdə separatçı qurumun rəhbəri Yerevanın arzusuna qarşı çıxa bilməz. Gərgin vəziyyət və növbəti dəfə hədəfə alınma onu qane etmir. Beləliklə də, Saakyan birbaşa qarşıdurmadan qaçmaq üçün əlindən gələni edir. Generalların qovulması isə kompensasiya xarakteri daşıyır. Yəni, Robert Koçaryana qarşı çıxarılan qərardan sonra vəziyyəti nizamlamağa çalışır”, - deyə nəşr yazır. Nəşrin dərc etdiyi başqa bir məqalədə isə qeyd edilir ki, Robert Koçaryan və onun tərəfdarları Putinə nahaq yerə böyük ümid bağlayıblar. Onların qənaətincə, avtoritar lider olan Putin bir neçə "cəbhədə” döyüşə bilməz. Və onun təklikdə qalacağı gün uzaqda deyil. "Putinin ətrafındakı halqa daralır”, - deyə nəşr yazır.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər