• şənbə, 20 Aprel, 05:35
  • Baku Bakı 15°C

“Paşinyan Koçaryan və Sarkisyandan daha artıq separatçıdır”

18.03.19 18:35 497
“Paşinyan Koçaryan və Sarkisyandan daha artıq separatçıdır”
Dünən Beynəlxalq Avrasiya Mətbuat Fondunda "Yeni regional çağırışlar fonunda Qarabağ danışıqları” mövzusunda tədbir keçirilib.
Tədbirdə "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu günlərdə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərindən sonra yaydıqları bəyanata toxunaraq qeyd etdi ki, bu sənədin müsbət tərəfləri ilə yanaşı, orada Azərbaycan və Ermənistana mesajlar da var idi: "Həmsədrlər deyirlər ki, dialoq davam etdirilməlidir, liderlər görüşməlidir. Eyni zamanda, onlar Paşinyanın danışıqların formatının dəyişdirilməsi ilə bağlı fikirlərinə toxunaraq bildirdilər ki, danışıqlar indiki formatda davam etdirilməlidir. Digər bir məqam isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə bağlı idi, hansı ki, Azərbaycan hökuməti onun fəaliyyəti ilə bağlı öz etirazını bildirmişdi. Həmsədrlərin bəyanatında Kasprşikin fəaliyyətinin guya qənaətbəxş olması da vurğulanırdı. Bundan sonra biz gördük ki, Paşinyan bu bəyanata əhəmiyyət vermədən özünü Koçaryan və Sarkisyandan daha artıq separatçı kimi göstərdi. Yəni, Ermənistanın təhlükəsizlik şurasının iclasını Xankəndində keçirdi.
Biz indiki vəziyyətdə formatın dəyişdirilməsinin əleyhinəyik və heç şübhəsiz ki, bu məsələdə Azərbaycana beynəlxalq dəstək mövcuddur. Hesab edirəm ki, Dağlıq Qarabağın azərbaycanlı icması da təşəbbüslə çıxış etməlidir və qeyri-rəsmi şəkildə icmaların görüşü mümkündür.
Onu da qeyd edim ki, Paşinyan indiki durumda açıq şəkildə danışıqlardan qaçır və formatın dəyişdirilməsi bəhanədir. O bilir ki, Azərbaycan buna razı olmayacaq və bununla danışıqların uzadılmasını istəyir. Çünki vaxtilə Koçaryan və Sarkisyan separatçı olaraq həm Ermənistana, həm də Qarabağa rəhbərlik edirdilər. Amma bu məsələdə Paşinyan rahat deyil və müəyyən məsələlərdə separatçılarla münasibətində gərginlik var. Həm də qarşısında güclü "Qarabağ klanı” dayanıb ki, onlar da hazırlıqlı şəkildə pusqudadırlar. Ona görə də hesab edirəm ki, Qarabağa danışıqları il ərzində monoton şəkildə davam edəcək. Çünki Paşinyanın Qarabağ danışıqlarında məsuliyyəti öz üzərinə götürməklə bağlı Koçaryan və Sarkisyan qədər "cəsarəti” yoxdur”.
E.Şahinoğlu qeyd etdi ki, informasiya müharibəsi sahəsində də müəyyən addımlar atılmalıdır: "Misal üçün, bu günlərdə İranda ermənilərin mövcud hərəkətinə qarşı orada yaşayan azərbaycanlıların etirazının biri erməni mətbuatında gözə dəymədi. Onlar bu informasiyanın daxili auditoriyada yayılmasına imkan vermədilər. Eyni zamanda bilirik ki, ermənilər daha çox Rusiya mətbuatı üzərindən informasiya əldə edirlər. Biz də məhz 3-cü ölkə vasitəsilə bu informasiyanın erməni cəmiyyətində yayılmasına çalışmalı idik. Amma təəssüflər olsun ki, hansısa erməni politoloqun dezinformasiyasına bizim bəzi mətbuat orqanları münasibət öyrənir. Düşünürəm ki, indiki məqamda həm dövlət qurumları, həm də ictimai fəallar bu məsələyə xüsusi diqqət yetirməlidirlər”.
Politoloqun sözlərinə görə, ermənilər faktiki olaraq təxribatla məşğuldurlar: "İran və Rusiya ilə bağlı baş verən son hadisələrdə də erməni radikallarının rolu özünü göstərir. Düşünürəm ki, bu hadisələrdə ermənilər sadəcə oyunçudurlar. Bunun arxasında böyük güclər və ya beyin mərkəzləri var ki, təəssüflər olsun, Azərbaycana qarşı müəyyən təxribatçı ssenarilər hazırlayıblar. Hesab edirəm ki, biz bu qüvvələrin ssenarilərini neytrallaşdırmağı bacarmalıyıq”.
Daha sonra tədbirdə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və jurnalistlərin sualları cavablandırılıb.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər