• cümə axşamı, 25 aprel, 11:38
  • Baku Bakı 14°C

Paşinyan istefaya gedə bilər

08.02.19 18:33 628
Paşinyan istefaya gedə bilər
Nikol Paşinyanın inqilabdan dərhal sonra Ermənistanı dəyişəcəyi barədə vədi, belə görünür, vəd olaraq da qalacaq. Gah iqtisadi inqilabdan bəhs edir, gah da investisiya axını yaradacağını vəd etsə də, ortada heç nə yoxdur. Və açıqlamaları onu deməyə əsas verir ki, ona ümid yeri kimi baxan soydaşları hələ uzun müddət gözləməli olacaqlar. Baş nazir də artacaq narazılıqlardan özünü sığortalamaq məqsədilə, lazım gəlsə, vəzifəsini tərk edəcəyini bəyan edir. "Xalq mənim vəzifəmdən getməyimi tələb etsə, ya jurnalistikaya qayıdacağam, yada ki, kitab yazacağam”, - deyə baş nazir İsveçrənin RTS radiostansiyasına müsahibəsində bildirib. Paşinyan bildirib ki, hələ ki, xalq ondan razıdır. Lakin narazılıq hiss edən kimi xalqın iradəsini yerinə yetirəcək.
Yeri gəlmişkən, Ermənistan hökuməti faktiki olaraq beşillik proqramı qəbul edib və yaxın günlərdə parlamentin müzakirəsinə çıxarılacaq. Lakin artıq indidən bu proqramın "xilas” deyil, daha çox "iflas” proqramı olacağı erməni mediası, aparıcı iqtisadi ekspertlər tərəfindən xüsusi vurğulanır. "1in.am” saytı yazır ki, hökumətin beşillik proqramı strateji sənəd kimi qəbul edilir. Lakin məsələ ondadır ki, "məxməri inqilab”dan əvvəlki proqramlar da belə idi. Müəllif yazır ki, proqramı həyata keçirmək üçün hakimiyyətin bazası yoxdur. Paşinyan bir neçə ay bundan əvvəl kadr bankı yaradacağını iddia etsə də, bu, hələ də reallaşmayıb.
Saytda dərc olunan başqa bir məlumatda bildirilir ki, tək noyabr-dekabr aylarında ölkənin dövlət borcu 200 milyonu keçib. Ermənistan Statistika Komitəsinin məlumatına görə, ölkənin dövlət borcu 7 milyard dollara çatıb. Nikol Paşinyanın bu borcu necə qaytaracağı hazırda ekspertləri ciddi şəkildə düşündürür. Ekspert Tatul Manaseryan hesab edir ki, hökumətin məlum proqramı ölkəni inkişafa gətirib çıxara bilməz. Onun sözlərinə görə, proqramda sosial istiqamət nəzərdə tutulmayıb. "Məsələn, yoxsulluğun aradan qaldırılması ilə bağlı vəziyyət absurd səslənir. Yoxsulluğun aradan qaldırılması barədə deyil, onun səviyyəsini aşağı salmaq barədə düşünmək gərəkdir. Konkret addımlar atmaq lazımdır”, - deyə ekspert vurğulayıb. Əlavə edib ki, qarşıya qoyulan hədəflərin reallaşması mümkünsüzdür. Ekspert hesab edir ki, 5 faizlik iqtisadi inkişaf tempi belə proqramla reallaşa bilməz. Paşinyanın "inqilab” bəhrəsini hələ ki, öz üzərilərində alimlər hiss edirlər. Yerevan Dövlət Universitetinin işçiləri ixtisara düşmələri ilə hesablaşmayaraq etirazlara başlayıblar. "Qolos Armenii” yazır ki, alimlər artıq işsizlər ordusunun bir hissəsinə çevriliblər. İxtisara düşənlər arasında bank sektorunun da əməkdaşları var: "Erməni ekspertləri xəbərdar edir və xüsusi vurğulayırlar ki, dövlət aparatının optimallaşdırılması, özlüyündə həddən artıq nəhəng sosial-iqtisadi riskləri birləşdirir. Statistik Komitəsinin açıqladığı 12 aylıq yekun da onu deməyə əsas verir ki, Paşinyanın bəh-bəhlə elan etdiyi iqtisadi transformasiya barədə fikirləri əsassızdır. May və postinqilab hadisələri dövlətin makroiqtisadi əsaslarının güclü olmadığını üzə çıxardı”. Materialda bütün sahələr üzrə hər hansı bir irəliləyişin qeydə alınmadığı konkret rəqəmlərlə göstərilir. Məqalə maraqlı bir sonluqla başa çatır – "bizim həyatımız gələcəkdə də yaxşılığa doğru dəyişməyəcək, əksinə, daha da pisləşəcək”.
"Tert.am”a müsahibəsində isə ekspert Aleksey Zubeç bildirir ki, Ermənistan hakimiyyət orqanlarının investisiyalarla bağlı açıqlamaları reallaşması mümkün olmayan bir haldır. Onun qənaətincə, hazırda Ermənistan Gürcüstanın vəziyyətindədir. "İnqilabdan sonra gürcü hakimiyyət orqanları ümid edirdilər ki, ölkəyə investorlar öz pulları ilə axışacaqlar, təsərrüfat subyektləri ilə dolacaq. Onlar hesab edirdilər ki, qapını açan kimi xarici investorların pulları xəzan kimi ölkəyə axacaq. Qapını aşmaq başqa məsələ, investorların arzusu tamam başqa şeydir. Lakin Gürcüstanda bu, baş vermədi. İndi də Ermənistanda belə hal yaşanır. Rəsmi Yerevanın korrupsiyaya qarşı mübarizə aparmaq çağırışı o demək deyil ki, ölkə inkişaf edəcək. Ermənistanın iqtisadi resursları yoxdur. Yeganə çıxış yolu müxtəlif inteqrasiya strukturlarında iştirak, diasporanın potensialından istifadədən keçir”.
"Jamanak” qəzeti isə milli valyuta – dramın dəyərsizləşməsinə toxunub. Qəzet yazır ki, Mərkəzi Bank rəhbərinin ölkənin makroiqtisadi vəziyyətinin sabit olması barədə bəyanatına baxmayaraq, biz ötən gün mili pulun növbəti devalvasiyasının şahidi olduq”. Əlavə edilir ki, Mərkəzi Bank repressiv yollarla dramın kursunu saxlamağa cəhd göstərir – banklara tələbat olsa belə, dollar almağa imkan vermir. Başqa bir nəşr "İrates” isə yazır ki, Ermənistanın keçmiş baş naziri Karen Karapetyan Ermənistana geri dönüb. Məlumata görə, Karapetyan kölgədə qalaraq Koçaryanın komandasını siyasi proseslərdə dəstəkləyəcək: "Karapetyanın reytinqi hazırda çox yüksəkdir. Hakimiyyətin daimi buraxdığı səhvlər, iqtisadi siyasətdəki uğursuzluqlar fonunda onun meydanda yenidən görünməyi effektli ola bilər. Karapetyan kölgədə qalaraq öz planlarını energetika nazirinin keçmiş müavini Ayk Arutyunyan və onun mütəxəssislər bloku vasitəsi ilə icra edir”.

Azər
banner

Oxşar Xəbərlər