• şənbə, 20 Aprel, 03:11
  • Baku Bakı 15°C

Paşinyan insanları yenidən meydanlara çağırdı

25.04.18 20:53 838
Paşinyan insanları yenidən meydanlara çağırdı
Ermənistanda gərginlik səngimək bilmir. Etiraz aksiyalarından sonra Serj Sarkisyan baş nazir vəzifəsindən istefa versə də, işğalçı ölkədə hadisələrin hansı səpkidə inkişaf edəcəyi maraq doğurur. Gəlinən qənaət bundan ibarətdir ki, son 10 ildə hökmranlıq edən hərbi xunta rəhbəri devriləndən sonra ölkədə vəziyyət xaotik məcraya yol alır. Proqnozlar budur ki, baş verən proseslər mərkəzdənqaçma meyillərini gücləndirir. Proseslər göstərir ki, işğalçı ölkədə vətəndaş qarşıdurması daha da dərinləşəcək.

"ERP rədd ol!”, "Nikol - baş nazir”

Yeri gəlmişkən, minlərlə etirazçı dünən də "Azad, müstəqil Ermənistan”, "ERP rədd ol!”, "Bizik bu ölkənin sahibi”, "Nikol - baş nazir” şüarları səsləndirərək hakim Respublika Partiyası qərargahı istiqamətində hərəkət ediblər. BBC xəbər verir ki, etiraz hərəkatının lideri Nikol Paşinyanın çağırışı ilə minlərlə insan Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının siyasi səhnədən çəkilməsi tələbilə çıxış edir. Ətraf küçələrə böyük sayda polis qüvvələri və zirehli texnika, tikanlı məftil yüklənmiş maşınlar gətirilib. "Polis cərgələrinin yanından keçən nümayişçilər asayış keşikçilərini çəpiklərlə salamlayır, hərəkata birləşməyə çağırırlar. Tələbə qızlar "polis bizimlədir” – çağırıblar.
Dünən Ermənistanın idman və gənclərlə iş üzrə nazirinin səlahiyyətlərini icra edən Qraçya Rostomyan da istefa verib. "Bu anın vacibliyini və vətəndaş məsuliyyətimi dərk edərək, istefam barədə bildirirəm."Çiçəklənən Ermənistan” Partiyasının tərəfdarı olaraq, partiyanın sədri Qaqik Tsarukyanın milli səfərbərlik çağırışını dəstəkləyir və şəxsən küçəyə çıxıram", - deyə Q.Rostomyan bildirib.

Ən nüfuzlu oliqarxdan etirazçılara dəstək

Yeri gəlmişkən, Ermənistan parlamentində sayca ikinci siyasi qüvvə - "Tsarukyan” parlament fraksiyasının rəhbəri, "Çiçəklənən Ermənistan” Partiyasının lideri, oliqarx Q.Tsarukyan partiyasının üzvlərini "küçəyə çıxmağa, xalqın yanında olmağa” çağırıb. "Partiyanın lideri Qaqik Tsarukyanın ümumxalq etiraz dalğasına qatılmaq çağırışına və partiya liderinin xalqla bir olduğu haqda bəyanatını nəzərə alaraq, Yerevan və ölkənin bütün bölgələrində partiya üzvlərini səfərbər olub, küçəyə çıxıb xalqın yanında olmağa çağırırıq”, - deyə "Çiçəklənən Ermənistan” Partiya Siyasi Şurasının bəyanatında deyilir.
Ermənistanın ən varlı biznesmenlərindən olan Q.Tsarukyanın doğma Kotayk vilayətində böyük nüfuzu var. O, öz vilayəti və Ermənistanın müxtəlif bölgələrində xeyriyyəçiliyi ilə tanınır.

"Ermənistan müxalifəti nə qərbyönlüdür, nə də rusiyayönümlü”

"Ermənistan müxalifəti nə qərbyönlüdür, nə də rusiyayönümlü. Başqa ölkələrlə münasibətlər digər dövlətlərin ziyanına inkişaf etməyəcək. Biz nə qərbyönlü, nə Rusiyayönlü, nə də iranyönlüyük. Heç bir ölkə ilə münasibətləri digər dövlətlərlə əlaqələrə ziyan vurmaqla inkişaf etdirməyə hazırlaşmırıq. Avropa İttifaqı, Rusiya və ABŞ-la münasibətlər bizim üçün vacibdir. Lakin onların heç biri ilə münasibətlər digərlərinə ziyan vurmaqla inkişaf etməməlidir”, - deyə N.Paşinyan bildirib.

Paşinyan baş nazir olmaqla israrlıdır

O, deyib ki, S.Sarkisyanın istefasından sonra baş nazir vəzifəsinə xalqın nümayəndəsi seçilməli, bundan sonra müvəqqəti hökumət yaradılmalı və mümkün qədər tez müddətdə növbədənkənar parlament seçkiləri keçirilməlidir. N.Paşinyan bəyan edib ki, Respublika Partiyasının heç bir təmsilçisi baş nazir olmayacaq. Jurnalistlər üçün keçirdiyi mətbuat konfransında hərəkatın lideri bir daha təkrarlayıb ki, baş nazir xalqın namizədi olmalıdır. "Bu, o deməkdir ki, Respublika Partiyasının heç bir təmsilçisi baş nazir olmayacaq”, - deyə Paşinyan bəyan edib. Mətbuat konfransından az sonra məlum olub ki, Paşinyanla Karapetyan arasında görüş olmayacaq. Bu barədə Ermənistan hökumətinin rəsmi internet saytında məlumat dərc edilib. Baş nazir Paşinyanla daha əvvəl elan edilən görüşün baş tutmayacağını bildirib. "Çünki Nikol Paşinyan birtərəfli şəkildə yeni tələblər irəli sürüb, məsələn, görüşün formatı, gündəliyi və mətbuatda işıqlandırılmasına dair. O, həmçinin biz tərəfdən iştirak edənlərin siyahısını təqdim edib, eləcə də danışıqları müstəsna olaraq öz gündəliyi üzrə aparacağını deyib. Buna danışıqlar və ya dialoq demək olmaz”, – deyə K.Karapetyanın bəyanatında deyilir. Baş nazir əvəzi ölkə prezidenti Armen Sarkisyanı daxili siyasi vəziyyətdən çıxmaq və mümkün əməkdaşlıq, o cümlədən, hətta növbədənkənar seçkilərin keçirilməsi məsələlərini müzakirə etmək üçün geniş spektrdə siyasi partiyaların iştirakı ilə görüş təşkil etməyə çağırıb.

Sarkisyanı erməni diasporu yıxdı?

Sarkisyanın hakimiyyətdən getməsində mühüm rolu erməni diasporu oynadı. Bu fikir Rusiya prezidenti Vladimir Putinin eks-müşaviri Andrey İllarionovun "Obozrevatel” saytında dərc olunan məqaləsində yer alıb. "Sarkisyan niyə "Putin-Medvedev” tandemindən istifadədə uğursuzluğa düçar oldu? Rusiyadan fərqli olaraq, Ermənistanda daha yumşaq avtoritar rejim mövcuddur. Bu ölkədə qeyri-azad siyasi rejimin mövcudluğu təxminən 10 il olur. Ermənistandakı avtoritar rejimdə mərkəzi mövqeyi hərbçilər, Rusiyada isə xüsusi xidmət orqanları tutur. İrəvandakı etirazlarda mühüm rolu kəskin antisarkisyan mövqeyi tutan erməni diasporu oynadı. Ermənistan xaricindəki ermənilərin sayı respublikadakı əhalinin sayından 3-4 dəfə çoxdur. Diasporun iqtisadi potensialı da ölkənin resurslarını üstələyir. Diaspordan ayrılan qrant və subsidiyalar Ermənistanın ümumdaxili məhsulunun son 10 ildə 13,5%-ni təşkil edib. Ermənistanda Serj Sarkisyana siyasi dəstək 39%-dir. Sarkisyan xüsusilə Tsarukyan (73%) və Karen Karapetyandan (72%) çox geri qalır”, – deyə o bildirib.

Saakaşvili: "Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yüksəkdir”

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili "Rustavi-2” telekanalına müsahibəsində Ermənistanda Serj Sarkisyanın istefası ilə nəticələnən etiraz hərəkatını şərh edib. Onun sözlərinə görə, Ermənistandakı hadisələrə təkcə ağır sosial fon deyil, həm də antirusiya əhval-ruhiyyəsi təsir edib. "Sarkisyanın arxasında bir neçə oliqarx dayanırdı, üstəgəl erməni mənşəli rusiyalı oliqarxlar. Onlar bütün Ermənistana nəzarət edirdilər və praktiki olaraq süni şəkildə ölkə əhalisinin yarısını qovmuşdular. Çünki ölkədə imkanlar yox idi, tükənmişdi” - Saakaşvili deyib. Onun sözlərinə görə, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yüksəkdir və bu ölkə Kremlin orbitində qalmayaq. "Hamı başa düşdü ki, Rusiya Qafqazda hansı oyunu oynayır. Rusiya maraqlı deyil ki, müharibəni Ermənistan udsun, yaxud Azərbaycan. Bir əli ilə Ermənistana silah verir, o biri əli ilə Azərbaycana. Bir tərəfdən Ermənistanı qızışdırır, o biri tərəfdən Azərbaycanı. Və sonda onun marağı Qafqazda münaqişənin saxlanılmasından ibarətdir”, - deyə gürcü inqilabının lideri bildirib. Əlavə edib ki, seçkilər həm Ermənistanda, həm Gürcüstanda formal xarakter daşıyır və real dəyişikliklərə gətirib çıxarmır. Bdzina İvanişvili Gürcüstanda kifayət qədər böyük imkana, sərvətə sahibdir. Onun fikrincə, Ermənistanda hadisələrin bu cür inkişaf etməsinə gənclərin güclü təsiri oldu. Saakaşvili hesab edir ki, Ermənistanın əsas vəzifəsi deoliqarxizsiya olmalıdır. "Əgər oliqarxların kökünü kəsməsən, insanların vəziyyəti düzəlməyəcək... Ermənistanda da bütün oliqarxların kökü kəsilməsə, heç nə alınmayacaq” – deyə M.Saakaşvili vurğulayıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər