• cümə axşamı, 25 aprel, 17:33
  • Baku Bakı 23°C

Paşinyan indi də Yerevan merini hədəfə alıb

21.06.18 18:42 805
Paşinyan indi də Yerevan merini hədəfə alıb
Ermənilər bir neçə gündür ki, yaşadıqları şokun təsirindən ayılmamış növbəti qalmaqalın şahidi olublar. Məsələ ondadır ki, bu ölkənin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin Korrupsiya və İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsi Yerevan meri Taron Markaryana qarşı cinayət işinin başladılması üçün ölkənin Baş Prokurorluğuna müraciət edib. Bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb.
Mətbuat Baş Prokurorluğun artıq Markaryana qarşı cinayət işi başlatdığını bildirib. Onun böyük məbləğdə pul vəsaitlərinin mənimsənilməsində, böyük həcmdə vergidən yayınmaqda, dövlət sənədlərinin saxtalaşdırılmasında ittiham olunduğu vurğulanıb. Erməni hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, Ağsaqqallar Şurası "Yerevan” fondu təsis edib və Markaryan da onun təsisçisi olub. Uzun illər ərzində fonda dövlət xəzinəsindən və Yerevanın büdcəsindən milyonlarla dollar vəsait daxil olub. Məsələn, tək ötən il dövlət büdcəsindən fonda 570 mln. dram daxil olub. Bir çox layihələr də bu fondun xəttilə sənədləşdirilib. Yəni layihələr adı ilə fonda milyonlarla dram vəsait daxil olub. Bu layihələrin necə icra olunduğu isə bəlli deyil. Bu problemlər barəsində mütəxəssis və ekspertlər illər uzunudur ki, danışırlar. Lakin heç bir zaman onlar təhqiqat mövzusu olmayıb. Ağsaqqallar Şurasının üzvü Anait Baxşyan fondu "mənasız bir qurum” adlandırır. Fonda yaşanan korrupsiya elementləri barədə "Çıxış” blokunun Ağsaqqallar Şurasında təmsil olunan keçmiş üzvü, hazırda təhsil və elm naziri Araik Arutunyan da bəhs edib. Belə söz-söhbət gəzib ki, Markaryan Yerevanda obyektləri özəlləşdirən şəxslərə qarşı "vergi” tətbiq edib. Araik Arutunyan da bu faktları araşdırmağa çalışıb. Lakin ona hər hansı bir məlumat təqdim etməyiblər. O da o vaxt şuranın digər üzvü Lena Nazaryanla birlikdə fondu məhkəməyə verib. İndi isə bəlli olur ki, fond bağlanır. Markaryan çox güman ki, izləri itirməyə çalışır. Mer bu tip fondların hesabına özünün maliyyə problemlərini həll edib və hakimiyyətdə mövqeyinin saxlamağa müvəffəq olub. Markaryanın başlılıq etdiyi başqa bir fond – Xut vasitəsilə də Yerevan büdcəsindən milyonlarla vəsait əldə edib. Təsadüfi deyil ki, Markaryanın müdafiəsinə qalxanlar arasında bu fondun əməkdaşları da olub. N.Paşinyan bildirib ki, merin istefası ilə bağlı məsələ qalxarsa, onda bu məsələ həllini tapacaq. O, əminliklə bildirib ki, Markaryan bu addımı atacaq.
Ermənistan İstintaq Komitəsi "Yans” restoranlar şəbəkəsində də əməliyyat-axtarış tədbirləri həyata keçirib. "Selena” şirkətinə məxsus restoranlar kompleksində külli miqdarda maliyyə fırıldaqçılığı və mənimsəmə faktları aşkarlanıb.
İstintaq Komitəsinin mətbuat xidməti bildirib ki, kompleksin mühasibi 2012-ci ilin oktyabrından 2017-ci ilin mayınadək sifarişlər və maliyyə vəsaitləri ilə bağlı məlumatları saxtalaşdıraraq fərdi şəkildə, yaxud da menecerin köməyi ilə 25 milyon dram pul mənimsəyib. Açılan cinayət işi çərçivəsində həmçinin, "Selena” şirkətinin direktoru S.Karapetyanın və şirkətin faktiki sahibi R.Beqlaryanın evlərində də axtarış həyata keçirilib. Nəticədə 2 ədəd odlu silah və 1 milyon dollardan çox pul aşkarlanıb.
Qeyd edək ki, "Yans” restoranlar kompleksi Vaçaqan Kazaryana məxsusdur. Kazaryan Ermənistanın sabiq prezidenti, etiraz aksiyaları nəticəsində istefa verən baş nazir Serj Sarkisyanın təhlükəsizlik xidmətinin rəisi olub.
Yeri gəlmişkən, həbs edilən erməni general Manvel Qriqoryanın Azərbaycanın işğal olunmuş Qarabağ ərazisində yerləşən iqamətgahında aparılan axtarışın bəzi təfərrüatı da məlum olub. Bu faktlar erməniləri əməllicə şoka salıb. Axtarış zamanı generalın evindən bir sıra arxiv fotoları tapılıb. Belə ki, fotoların vaxtilə Qriqoryana haqq vermədiyi üçün cəzalandırılaraq onun evinin zirzəmisində qul kimi saxlanılan erməni iş adamlarına aid olub. Bundan başqa, general M.Qriqoryanın evindən 1994-cü ildə Ağdərədə ona tabe olmayan erməni döyüşçüsünü asaraq öldürdüyünü əks etdirən video və fotoşəkil də aşkarlanıb.
Qeyd edək ki, bir müddət öncə Ermənistan Milli Təhlükəsizlik Xidməti Qriqoryanın evində axtarış aparıb. Axtarış zamanı generalın iqamətgahından üzərində "Əsgər payı” yazısı olan çoxlu sayda ət konservi və satışı qadağan edilən məhsullar, siqaret, əsgər paltarları, bintlər, benzin, 7,62 mm və 5,45 mm-lik güllələr tapılıb.
M.Qriqoryan Füzuli və Cəbrayıl rayonları istiqamətində aparılan döyüşlər zamanı azərbaycanlılara qarşı xüsusi qəddarlıq nümayiş etdirənlərdən biri olub. O, həmçinin aprel müharibəsində də Bakıya qarşı sərt çıxışlar edib.
Övladları Dağlıq Qarabağda məhv edilən analar da etiraza qalxıblar. "Biz uzun illər boyu orduda quldurluq, qarət, korrupsiya barədə danışanda bizim sözlərə əhəmiyyət vermirdilər. Mənim oğlumu onlar öldürdülər. O, hərbi hissədən necə yanacağın oğurlandığını görmüşdü”,- deyə dinc dövrdə ölən əsgər Valeri Muradyanın anası bildirib. Onun sözlərinə görə, tək Qriqoryan deyil, o zamankı bütün hərbi rəhbərlik cəzalandırılmalıdır. Bu sırada keçmiş baş qərargah rəisi Movses Akopyan, keçmiş nazirlər Seyran Ohanyan və Vigen Sarkisyan və nəhayət Serj Sarkisyan da olmalıdır.
Son məlumatlara görə, Ermənistan Dövlət Nəzarət XidmətiMüdafiə Nazirliyində yoxlama aparacaq. Bunu xidmətin rəisi David Sanasaryan bildirib. Onun sözlərinə görə, yalnız hərbi məqsədlər üçün mallarınalınması məsələsi deyil, bütövlükdə Müdafiə Nazirliyinin fəaliyyəti yoxlanılacaq: "Bu yoxlama aldığımız informasiyaya əsasən, keçirilir. Təftiş korrupsiyaya ilə bağlıdır”. D.Sanasaryan yoxlamanın nəticələri barədəəlavə informasiyaların veriləcəyini də vurğulayıb.
Artıq sabiq müdafiə naziri Seyran Ohanyan orduda yaşananlar barədə şahid qismində dindirilib. O bildirib ki, istintaq sirri olduğundan ona hansı sualların ünvanlandığını söyləyə bilməz. Lakin Xüsusi İstintaq Xidməti bildirib ki, sabiq nazirə 2014-2017-ci illərdə nazirlikdəki fəaliyyəti barədə suallar ünvanlanıb. Daha dəqiq desək, hansı texnikanın alındığı, tenderlərin keçirildiyi barədə suallar verilib. Aprel müharibəsi zamanı Müdafiə Nazirliyinə rəhbərlik etmiş Ohanyan bildirib ki, həmin hadisələr zamanı orduya göndərilən yardımların Qriqoryanın villasına daxil olduğundan xəbərsiz olub. Seyran Ohanyan deyib ki, Xüsusi Təhlükəsizlik Xidmətinin videosuna baxanda "ürək ağrısı” keçirib. O israr edib ki, ianələrin mənimsənməsi barədə heç bir məlumata malik olmayıb. "Adamların orduya yardımını sənədləşdirmək üçün xüsusi komissiya təşkil olunmuşdu. Bu komissiya ianə edilmiş malların təyinatı üzrə istifadəsinə cavabdeh idi”, - deyən Ohanyan əlavə edib ki, bütün günah ianələri ordu hissələrinə çatdırmalı olan "adsız” strukturlardadır. Beləliklə, gəlinən qənaət budur ki, Paşinyanın başlatdığı antikorrupsiya kampaniyası birbaşa keçmiş prezident Serj Sarkisyana qarşı yönəlib. Baş nazir bununla eks-prezidentin həbsi üçün zəmin yaratmağa çalışır. Onun buna onun nail olub-olmayacağını söyləmək hələ ki, çətindir. Məsələ ondadır ki, hələ də kriminal-oliqarxik sistemin əlində xeyli vəsait və güc var. Baş nazir də hələ ki, Sarkisyanın yaxın ətrafını zərərsizləşdirməyə çalışır.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər