• şənbə, 20 Aprel, 17:49
  • Baku Bakı 23°C

Paşinyan indi də polisi hədəfə alıb

03.02.20 19:21 1276
Paşinyan indi də polisi hədəfə alıb
Paşinyan müxalifətlə mübarizəyə üzvlərini - qızı Maryam və qayınatası Qraçya Akopyanı da qoşub

Erməni mediası indi də baş nazir Nikol Paşinyanın polis sisteminə qarşı hücuma keçməkdə ittiham edir. Baş naziri antisistemlilikdə və antidövlət elementi olmaqda ittiham edən "Qolos Armenii” erməni qəzeti yazır ki, Paşinyan yalnız hər şeyi dağıtmaqda seçilir. "Qurub-yaratmaq alınmır, çünki onun mahiyyəti belədir. Baş nazir statusunda olan adam bəyan edəndə ki, dövlət aparatı inqilaba müqavimət göstərir, hər şey aydın olur. Dövlət aparatı Paşinyanın həqiqətən də eklektik, nizamsız və heç bir ölçüyə sığmayan addımlarına müqavimət göstərir. Məhz bu səbəbdəndir ki, bizim dövlət hələ də mövcudluğunu qoruyub saxlayır. Belə vəziyyətdə proseslərin iki inkişaf ssenarisi var – ya dövlət aparatı destruktiv elementi rədd edir, ya da bu davranış dövlətin məhvinə gətirib çıxarır”, - deyə məqalədə vurğulanır. Əlavə edilir ki, bu yaxınlarda Paşinyanın "Aykakan jamanak” qəzetində belə bir material dərc edilib. Orada bildirilir ki, baş nazirin vəzifədən götürülməsinə cəhd edilib. Bunun da qarşısı Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinin vəzifədən götürülməsi ilə alınıb. "Qolos Armenii” yazır ki, Nikolun bu versiyasına siyasi komandasının heç bir üzvü qoşulmayıb: "Paşinyan döyüşə öz ailə üzvlərini – qızı Maryam və qayınatası Qraçya Akopyanı da qoşub. Paşinyanın qızı Vaneçyanla sosial şəbəkədə emosional sahədə mübarizə aparıb. Qayınatası isə ailə qəzetin istinad edərək bildirib ki, Vaneçyan dövlət çevrilişinə cəhd edib. Maraqlıdır ki, onun bu bəyanatına Milli Təhlükəsizlik Xidməti tərəfindən reaksiya daxil olub və bildirilib ki, dövlət çevrilişinə cəhd olmayıb. Bundan sonra Nikol ailə mühitində qəbul edilən qərarı korrektə etməli olub. Bildirib ki, söhbət dövlət çevrilişindən deyil, "hibrid çevriliş”dən, necə deyərlər revanşdan gedir. Lakin bunun qarşısı alınıb. Paşinyanın sonrakı addımları sübut edir ki, o, hətta öz bəyanatlarına belə inanmır və əvvəlki kimi hesab edir ki, ona qarşı dövlət daxilində qəsd hazırlanıb. İndi də onun hədəfinə polis düşüb”. Paşinyanın "Aykakan jamanak” qəzeti maraqlı bir yazı ilə çıxış edib. Bildirilir ki, "xalq”ın baş naziri bir neçə bundan əvvəl baş verən qalmaqallı proseslərin ona qarşı yönəldiyinə inanır. Söhbət erməni ordu günündə müxalifət nümayəndələrinə qarşı həyata keçirilən zorakılıqlardan və onların həbsindən gedir. Redaksiya məqaləsində bildirilir ki, polisin atdığı addımlar nəticəsində hakimiyyət ciddi zərbə alıb, udan isə onun opponentləri olub. Nikol müxalifətçilərin tutulmasında qəribə nüanslar müəyyən edib. Polislər bildiriblər ki, onlar operativ məlumatları toplayıb həbsləri həyata keçiriblər. Lakin sonradan bəlli olub ki, bu məlumatlar yalandır. Buradan da belə qənaətə gəlinir ki, polisə elə öz daxilindən kimsə yalan məlumat ötürüb, ya da rəhbərliyə yalan məlumat sızdırılıb. Sonda belə bir sual ortaya qoyulur – belə bir ehtimal ola bilərmi? Ardınca da bildirilir ki, hər şey mümkündür. Diqqət edin – Nikolun qəzeti faktiki olaraq polisi opponentlərin maraqlarına uyğun fəaliyyət göstərməkdə ittiham edib. Sonda isə belə fikir ortaya qoyulur - belə vəziyyətdə Ermənistanın siyasi hakimiyyəti nə etməlidir? Təbii ki, polis rəhbərliyinə müvafiq tapşırıqlar vermək və xidməti təhqiqata başlamaq istənilə bilər. Müəllif yazır ki, N.Paşinyan biabırçı həbslərlə bağlı məsələdən sonra çox pis varianta əl atıb – bütün baş verənlərdə polisi günahlandırıb. Bu isə polisi özünə qarşı çevirmək deməkdir. Bütün bunlardan belə nəticəyə gəlinir ki, baş nazir polisə nəzarəti tamamilə itirib.
Yeri gəlmişkən, ölkədə Paşinyana qarşı keçirilən etiraz aksiyalarının sayı-hesabı yoxdur. Bura sosial problemlərdən tutmuş əsgər ölümlərinə kimi bütün etirazlar daxildir. Ötən gün Ermənistanın müdafiə naziri David Tonoyan yanvarın 30-da həlak olmuş hərbçinin etiraz aksiyası keçirən qohumlarını aksiyanı dayandırmaqla bağlı yola gətirib. Bu barədə "RİA Novosti” xəbər verir. Qeyd edilir ki, hərbçinin qohumları Armavir əyalətindən Yerevana aparan yolu bağlayıblar. Onlar əsgərin intihar etməsi haqqında rəsmi versiya ilə razılaşmırlar. "Gəlin bunu qurtaraq. Hadisənin başvermə şəraiti haqqında alınan informasiyaya görə, mən onun (hərbçinin) intihar etdiyini düşünürəm”, - Tonoyan deyib. Onun sözlərinə görə, hadisə ilə əlaqədar səhlənkarlıq edən komandirlər ciddi cəzalandırılacaq, təqsirkarların adları açıqlanıb. Nazir etirazçıları aksiyanı dayandırmağa çağırıb. O bildirib ki, yas mərasimlərində şəxsən iştirak edəcək.
Tonoyanla danışıqlardan sonra etiraz aksiyası dayandırılıb. Daha əvvəl Ermənistanın İstintaq Komitəsi bildirib ki, cümə axşamı 20 yaşlı əsgər Vaqram Avaqyanın ölümü faktı üzrə "intihar həddinə çatdırma" maddəsi üzrə cinayət işi qaldırılıb. Bazar günü səhər əsgərin qohumları onun tabutu və V.Avaqyanın şəkli ilə yürüş keçiriblər. Müdafiə naziri etirazçılarla Ermənistan paytaxtının girişində görüşüb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər