• cümə axşamı, 25 aprel, 13:00
  • Baku Bakı 23°C

Paşinyan idarəçiliyinin fəlsəfəsi nədir?

26.07.19 19:51 12889
Paşinyan idarəçiliyinin fəlsəfəsi nədir?
Erməni mediası və ekspert dairələrində Nikol Paşinyan hakimiyyətinin bir illik fəaliyyəti ilə bağlı ziddiyyətli fikirlər, tənqidlər davam edir. Gəlinən əsas qənaət budur ki, bu bir ildən də artıq müddətdə ölkədə əlamətdar heç nə yaşanmayıb. "1in.am” erməni saytı "əgər Nikol Paşinyan hakimiyyətinin bir illik fəaliyyətini analiz etsək, üç əsas yanaşma üzərində dayana bilərik: qısa müddətli populist qərarların qəbulu, statistik manipulyasiya və plagiat” - deyə yazır.
Nəşr qeyd edir ki, Nikol Paşinyanın hakimiyyəti dövrünün ən açı nəticəsi belədir ki, hökumətin dəqiq bir strategiyası mövcud deyil: "Bu hökumət uzunmüddətli siyasi fəlsəfə və ideyaları həyata keçirmək iqtidarında deyil. Strategiyanın olmaması qısamüddətli populist qərarların qəbuluna gətirib çıxarır. Statistik manipulyasiya və plagiat isə siyasi fəlsəfənin olmaması səbəbindən yaranır”. Əlavə edilir ki, strategiyanın olmaması son günlərdə - Ermənistanın şimalında ağacların kəsilməsi ilə bağlı yaşanan problemdən sonra xüsusilə qabarıq şəkildə üzə çıxıb. "Bu həqiqətən də dövlət üçün ciddi bir imtahan idi. Hakim komanda mütəmadi olaraq bu imtahanı ödəyə-ödəyə gəlir. İlk baxışda hakimiyyətin odun mafiyasına qarşı apardığı mübarizədə pis bir şey yoxdur. Təbiəti məhv edənlərə qarşı sərt addımlar atılır. Lakin bu qiymətləndirmə lokal xarakter daşıyır. Çünki tək bir məsələ ilə - İcevanın meşələrinin qırılmasına qarşı mübarizə ilə məhdudlaşır”.
Müəllif yazır ki, bu tək bir misaldır: "Problem praktiki olaraq idarəetmənin bütün sahələrində - məişətdə, iqtisadi məsələlərdə, təhsil və mədəni sahələrdə mövcuddur. Onu deyə bilərik ki, dövlət qısamüddətli populist qərarlarla idarə oluna bilməz. Strateji statusa malik sahələr dəqiq strategiya və ümumi oyun qaydalarına malik olmalıdır. Ermənistanın ekoloji siyasətinin strategiyası necədir, hansı oyun qaydalarına malikik və ona kim sahiblik edir? Əvvəlki məqalələrimizdə də qeyd etdiyimiz kimi, hakim komandanın əsas sualı belədir – yüksək reytinqi necə saxlamaq? Bu məntiqlə hökumətin fəaliyyəti xəstə formada öz reytinqini xilas etməyə yönəlib. Onlar hər vəchlə, hər yolla reytinqi saxlamağa və xalqı başa çatmayan atəşfəşanlığa doğru aparmağa çalışır. Bu yanaşma isə hərdən kuryoz hallara da gətirib çıxarır – adi bir zibilin daşınması əməliyyatı az qala mühəndis möcüzəsi kimi təqdim edilir. Həqiqətən də qəribədir, baş nazir Nikol Paşinyan son vaxtlar müxtəlif statistik məlumatlara o qədər başını qatıb ki, əvvəlki baş nazir Serj Sarkisyanın məşhur praktikasını unudub. Son 10 ildə xalqı müxtəlif statistik rəqəmlərlə doyuzdururdular, lakin sonda gördük ki, nə baş verdi. Yeri gəlmişkən, əgər Paşinyan və Sarkisyan statistikada yarışa girsələr, sözsüz ki, Sarkisyan qalib çıxacaq. Robert Koçaryan isə dərhal onların ikisini də pensiyaya yollayacaq”.
"Nikol Paşinyan artıq göstərib ki, o yeni Ermənistan qurmur, əksinə, Levon Ter-Petrosyanın Ermənistanına qayıdır. Məqsəd də xarici qüvvələrin ələ keçirilən torpaqların geri qaytarılması ssenarisinin həyata keçirilməsidir”. "Yerkamas” erməni saytı yazır ki, bu sözləri "Milli təhlükəsizlik” partiyasının lideri Qarnik İsqulyan səsləndirib. Onun sözlərinə görə, bu ssenarinin vaxtilə həyata keçməsinə Vazgen Sarkisyan, Robert Koçaryan və Serj Sarkisyan mane olublar. Partiya sədri iddia edir ki, 1999-cu il 27 oktyabr terror aktının məqsədi Vazgen Sarkisyanı cəzalandırmaq məqsədi güdüb. R.Koçaryanın müddəti başa çatdıqdan sonra Levon Ter-Petrosyan yenidən hakimiyyətə dönməyə cəhd göstərdi. Lakin ona imkan vermədilər. Bu zaman isə 1 mart hadisələrini həyata keçirdi, lakin proseslər rəngli inqilaba keçmədi: "Mən dərindən əminəm ki, 1999-cu il və 2008-ci il hadisələrinin arxasında eyni qüvvə durur. Elə həmin qüvvə də Nikolun hərəkətlərinin arxasında durub. Nəticədə hakimiyyət dəyişikliyi baş verdi”. Onun sözlərinə görə, Paşinyan xarici qüvvələrin əlində bir alətdir: "Onlar bizim ölkəmizdə xaos yaratmaq istəyirlər. Baş nazir öz ətrafında parlamentdə Ermənistan Respublika Partiyasını satan insanları, eləcə də savadsız və yarıtmaz şəxsləri yerləşdirib. Çox tezliklə varlanan bu şəxslər artıq dəyəri 4 min dollar olan ayaqqabı və kostyumlar geyinirlər. Bank hesablarında isə 50-100 min dollarlar peyda olub”. İsaqulyanı təccübləndirən odur ki, Paşinyan ətrafındakı bu dəyişiklikləri "görmür”. "Paşinyan və komandası hakimiyyətə Levonun həyata keçirə bilmədiklərini reallaşdırmaq üçün gəlib. Baş nazirin "istedadlı general müharibəsiz də qalib gəlir” bəyanatı təsadüfi səslənməyib. Nə üçün baş nazir istedadlı generalla bağlı bir misal da çəkə bilməyib. Çünki tarix belə misalları bilmir. Əksinə, müharibə zamanı generalların qələbə qazandığını bilir. Vazgen ölüb, Koçaryan həbsdədir. Hakimiyyət çox tezliklə Sarkisyanı da eyni aqibətlə üzləşdirəcək” - partiya sədri deyib.
"Qolos Armenii” isə daha bir maraqlı məsələyə toxunur. Nəşr yazır ki, insanlar elə bilirdilər ki, Paşinyanda sehrli çubuq (bunu onun özü parlamentdə bir dəfə bəyan etmişdi) var. İndi də ondan tələb edirlər ki, həmin çubuğu praktikada həyata keçirsin. Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan nəşrə açıqlamasında bildirib ki, bu çubuq artıq polis dəyənəyinə çevrilib: "İcevanda həddən artıq güc tətbiqi vətəndaşları qorxutmağa, kütləvi aksiyaları beşikdəcə boğmağa yönəlib. Paşinyan öz qurduğu tora özü düşüb”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər