• cümə, 29 Mart, 10:18
  • Baku Bakı 5°C

Paşinyan Hitlerə bənzədildi

03.12.18 18:39 830
Paşinyan Hitlerə bənzədildi
Nikol Paşinyanın tez-tez yeddi aylıq hakimiyyəti dövründə ölkədə ciddi nailiyyətlərin, demokratiyanın yarandığı barədə bəyanatlarına artıq müxalifət sayılan keçmiş iqtidar partiyasından maraqlı bir qiymətləndirmə daxil olub. "Son 7 ayda bizlər küfrün, homoseksuallığın, sektantlığın təbliğ olunmasının şahidi olduq”. Bu sözləri Ermənistan hakimiyyətinin "məxməri inqilabı”ndan sonrakı fəaliyyətinə qiymət verən Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov səsləndirib. "Bizlər Eçmiədzindəki dini idarəyə basqının, cinsi azlıqların Şurnux küçələri ilə yürüş keçirməsinin və onların polis bölməsini ələ keçirmək cəhdlərinin şahidi olduq. Bütün bunların fonunda insanı dəhşətə gətirən və qəzəbləndirən hakimiyyətin susqunluğudur. Ən dəhşətlisi isə odur ki, hakimiyyət dini idarəyə qarşı keçirilən aksiyanın müəlliflərindən birini vəzifəyə təyin edir. Narahatçılıq doğuran həm də odur ki, ABŞ prezidentinin müşaviri Con Bolton Ermənistana səfər edir və bildirir ki, Ermənistan tarixi stereotiplərdən uzaqlaşmalıdır. Yəni, biz tarixi dəyərlərdən, ailə dəyərlərindən, erməni kilsəsindən, müttəfiqlik münasibətlərindən uzaqlaşmalı, Dağlıq Qarabağ məsələsində güzəştlərə getməliyik”, - deyə buraxılan parlamentin vitse-spikeri bəyan edib. Onun sözlərinə görə, bu gün Ermənistan hakimiyyət orqanları məktəblərdə dua etməyi belə sual altına alırlar. "Ax sizi siyasi yalançılar. Sizlər aldatmaqdan və yalan deməkdən savayı heç nə etməmisiniz. Axı nə qədər nifrət, kin-küdurət təbliğatı ilə məşğul olmaq olar? Baş nazir Ermənistanı 30-cu illərin Almaniyasına çevirmək istəyir? Özünü isə Hitlerə bənzətməyə çalışır? Əsas ruporu olan Milli Təhlükəsizlik Xidmətini isə gestapoya çevirmək istəyir. Hitler də öz opponentlərini gestapo ilə qorxudurdu”, - deyə Şarmazanov vurğulayıb.
Ümumiyyətlə isə Ermənistanda növbədənkənar seçkilər yaxınlaşdıqca daxili siyasi mübarizə daha sərt və gərgin xarakter almağa başlayır. "Vestnik Kafkaza” yazır ki, söhbət bu və ya digər siyasi qüvvənin rəqabətindən getmir. Məsələ Nikol Paşinyanın lideri olduğu "Mənim addımım” seçki blokunun total dominantlığından gedir. Müşahidəçilər bir fikirdə qətidirlər ki, qarşıdakı seçkilərin əsas intriqası parlamentdə əsas müxalifət qüvvəsinə çevriləcək qüvvə ilə bağlıdır. "GALLUPInternational Association”un keçirdiyi rəy sorğusunun nəticələrinə görə, "Mənim addımım” bloku 68 faiz səs toplaya bilər. Ondan sonrakı yeri 6,7 faiz səslə "Çiçəklənən Ermənistan” tutur. Əgər bu sorğunun nəticələrini əsas götürsək, onda parlamentdə cəmi iki siyasi qüvvə təmsil olunacaq. Nəşr diqqəti həm də ona yönəldir ki, sentyabrda Paşinyana dəstək 81 faiz idisə, indi artıq 68 faizdir. Bu isə onu deməyə əsas verir ki, insanların beynində inqilab eyforiyası artıq sönməyə doğru gedir. Müəllif yazır ki, hakim blokun nümayəndələri faktiki olaraq qalib olduqları halda, Paşinyanın nüfuzuna xələl gətirə biləcək addımlar atmaqda davam edirlər. Elə baş nazir səlahiyyətlərini icra edən şəxs də onlardan geri qalmır. Bəs buraxılan səhvlər hansılardır? Birincisi, separatçı rejimlə qarşıdurmaya gedilməsi. Son günlər Paşinyanın səsləndirdiyi emosional və mübahisəli fikirlər erməni cəmiyyətində ciddi rezonans doğurub. Yeri gəlmişkən, yayılan məlumatlara görə, Paşinyan separatçıların lideri Bako Saakayana əvəz də tapıb. Nikol Paşinyanın seçkilərdə qalib gələcəyi təqdirdə qondarma Dağlıq Qarabağın lideri Bako Saakyanı istefaya məcbur edəcəyi məlum olub. Bundan başqa, "Helsinki təşəbbüsü – 92” Dağlıq Qarabağ komitəsinin koordinatoru, qondarma rejimin rəhbəri Bako Saakyanın yaxın dostu Karen Ohancanyanın Ermənistanın news.am saytında N.Paşinyanı Qarabağ ermənilərindən üzr istəməyə çağırması və B.Saakyanın işinə qarışmamasını tələb etməsinin də təfərrüatı üzə çıxıb. Bəhs olunan məqaləni Feysbuk səhifəsində müzakirəyə çıxaran K.Ohancanyan Paşinyan qalib gələcəyi təqdirdə Dağlıq Qarabağda hakimiyyət dəyişikliyi olacağını, "Sasna Çrer” silahlı terror qruplaşmasının lideri Jirayr Səfilyanın seçkilərdən sonra erməniləri ayağa qaldıracağını və nəticədə qondarma rejimin rəhbəri olacağını bildirib. Qeyd edək ki, J.Səfilyan Dağlıq Qarabağ müharibəsində "Şuşa” əlahiddə batalyonuna rəhbərlik edib. O özü də açıqlamalarının birində parlament seçkilərindən dərhal sonra Dağlıq Qarabağda hakimiyyətin dəyişməsi məsələsi ilə məşğul olacağını bildirib. İkincisi, KTMT-yə baş katiblik məsələsi. Artıq məlum olub ki, Ermənistan üçün bu vəzifə əldə gedib. Nəşr yazır ki, bu, erməni xarici siyasəti üçün ciddi uğursuzluqdur.
Üçüncüsü, 2008-ci il mart hadisələrinin təhqiqatıdır. Paşinyan hakimiyyətə gələndə vəd etmişdi ki, qısa zaman kəsiyində bu məsələ həllini tapacaq. Lakin yeddi ay ərzində bu məsələdə hər hansı bir hədəfə çatılmadı. Hadisələrin əsas günahkarı Robert Koçaryan həbs edilsə də, qısa müddət sonra azad edildi. Dördüncü məsələ - hökumətin real uğurlarının olmamasıdır. Paşinyanın və komandasının əsas problemi sosial-iqtisadi sahədə hər hansı real nəticələr əldə edə bilməməsidir.
Nəhayət, Paşinyanın bəh-bəhlə təqdim etdiyi demokratiya məsələsi. İstənilən demokratik bir dövlətdə Xüsusi İstintaq Xidməti və Milli Təhlükəsizlik Xidməti rəhbərləri arasında qalmaqallı telefon danışığının mətni yayılsa idi, dərhal istefalar baş verərdi. Həmin yazı baş nazirin istintaqa necə təzyiq göstərdiyini üzə çıxarmışdı. Əvəzində isə o, Sarkisyan və Koçaryanı əksinqilabçılıqda ittiham etdi. Ən əsası hər hansı bir rəqabət mübarizəsindən söhbət gedə bilməz. Məqalədə jurnalist Marina Mkrtçyanın qeyd etdiyi kimi, "seçkiyə gedən 11 qüvvədən 10-u Paşinyanın qələbəsini tanıyır”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər