• çərşənbə axşamı, 16 aprel, 13:55
  • Baku Bakı 19°C

Paşinyan hakimiyyətdən devriləcəkmi?

17.05.19 19:54 570
Paşinyan hakimiyyətdən devriləcəkmi?
Ermənistanda ötən il baş verən hakimiyyət dəyişikliyindən sonra hakimiyyətə gələn Nikol Paşinyan öz təsir dairəsini genişləndirmək üçün "Qarabağ klanı”na qarşı cəbhə açmağa çalışdı. Bu səbəblə o keçmiş baş nazir Serj Sarkisyanın qohumlarına qarşı müxtəlif ittihamlarla cinayət işləri başlatdı. Eyni zamanda keçmiş prezident Robert Koçaryanı həbs etdi. Lakin bütün bunlar "Qarabağ klanı”nı nəinki zəiflətdi, əksinə, onların daha sıx birləşməsinə gətirib çıxardı. Gizli şəkildə Paşinyan hakimiyyətinə qarşı birləşən "Qarabağ klanı” artıq Ermənistanın mövcud hakimiyyəti üçün ciddi təhlükəyə çevrilib.
Müşahidələr göstərir ki, Paşinyan indiki halda bu qruplaşmaya qarşı tutarlı addımlar atmasa, gələcəkdə xoşagəlməz hallarla üzləşə bilər. Belə ki, son günlər məhkəmə gətirilən Koçaryanın alqışlanması, Sarkisyanın Qarabağa tez-tez səfərləri, həmçinin erməni mediasında Paşinyana qarşı çıxışların yer alması onu göstərir ki, "Qarabağ klanı” heç də geri çəkilməyib və yenidən hakimiyyəti geri qaytarmağa cəhd edə bilər. Bəs görəsən separatçılar Ermənistanda yenidən çevriliş edəcəklərmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, müasir erməni tarixində "Qarabağ klanı” ilə Ermənistanda yaşayan ermənilər arasında problemlər və ziddiyyətlər müxtəlif zamanlarda özünü aktual şəkildə büruzə verib: "Paşinyan hakimiyyətə gələndən sonra onlar arasında olan ziddiyyətlər pik nöqtəyə gəlib çatdı. Ümumiyyətlə, Paşinyanın təkcə Ermənistan daxilində olan "Qarabağ klanı” ilə deyil, bir çox qruplarla problemi var. Çünki əsas səbəb ondan ibarətdir ki, Paşinyan istər siyasi, itərsə də ölkənin iqtisadi sistemində öz bildiyini etmək istəyir və özünə qarşı rəqib görmək istəmir. Bunlardan biri Çiçəklənən Ermənistan partiyasının lideri Qaqik Sarukyandır ki, Paşinyan hakimiyyətə gələrkən ona dəstək vermişdi. Təbii ki, onun milyarder olması Paşinyanın rəqibinə çevrilməsinə səbəb olur. "Qarabağ klanı” da kifayət qədər siyasi təcrübəsi olan və Ermənistanda oturuşmuş bir qruplaşmadır. Onlar Paşinyanla bir növ gizli şəkildə münaqişədədirlər. Lakin bir az sonra bunun üzə çıxacağı hər kəsə məlumdur. Ötən bir ilə ərzində qondarma rejimin "strukturları”nın rəhbərləri tərəfindən verilən bəyanatlar, əslində Paşinyana qarşı təhqir dolu bəyanatlar idi. Onların istər Ermənistandakı siyasi proseslər, istərsə də Dağlıq Qarabağ münaqişəsi il bağlı Paşinyanı hədələmələri onu göstərir ki, kifayət qədər ciddi subyektdirlər və özlərinə arxalanırlar. Əslində Paşinyan da istəyirdi ki, qondarma rejimin rəhbərliyinə öz adamını gətirsin, lakin sonradan başa düşdü ki, bu ona müyəssər olmayacaq”.
Z.Məmmədovun sözlərinə görə, Paşinyanın gələcək taleyi ilə bağlı onu demək olar ki, xalq eyforiyadan ayılır və heç nəyin düzəlmədiyini görür: "Demokratlar”ın hakimiyyətə gəlişindən sonra Ermənistan cəmiyyəti pozitiv notların şahidi deyil. Düşünürəm ki, Ermənistanda hər an hakimiyyət dəyişə bilər. Hələlik bu tez bir zamanda baş verməyəcək. Çünki bir müddət Paşinyanın hakimiyyətdə olması lazımdır. Müəyyən vaxtdan sonra isə Ermənistan cəmiyyətində yenidən köhnə avtoritetlərin siyasi arenaya qayıtma iddiaları açıq səviyyəyə keçəcəkdir”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağ separatçıları arasında fikir ayrılığı getdikcə dərinləşir: "Qarabağ separatçılarının təmsilçiləri ilə Ermənistanın baş naziri Nikol Paşinyan bir-birlərini kəskin tənqid edirlər. Paşinyan separatçıların liderinə xəbərdar etsə də, Bako Saakyanın yaxın ətrafındakılar Paşinyana və Ermənistan hakimiyyətinin digər üzvlərinə qarşı tənqidlərini dayandırmırlar. Paşinyan bunu separatçıların Ermənistanın daxili işlərinə qarışması kimi qiymətləndirir. Məsələ ondadır ki, Nikol Paşinyan "Qarabağ klanı”nı Ermənistanda bütün vəzifələrdən uzaqlaşdırıb, bir qismi isə həbs olunub. Faktiki olaraq, Serj Sarkisyanı hakimiyyətdən uzaqlaşdırıb və onun qohumlarına qarşı korrupsiya ittihamları ilə bağlı cinayət işləri açılıb. Robert Koçaryan isə həbsdədir və onun üzərində məhkəmə prosesi davam edir.
Məsələ ondadır ki, Paşinyanın Qarabağa səfərləri də nəticə vermir. Paşinyan düşünürdü ki, Xankəndinə səfərləri ilə separatçıların lideri Bako Saakyan üzərində nəzarəti gücləndirəcək. Bu alınmadı. Bako Saakyan Robert Koçaryan və Serj Sarkisyanın təsiri altındadır və onlara xidmət edir. Sarkisyanın tez-tez Dağlıq Qarabağa gəlişləri də bundan xəbər verir. Paşinyan "Qarabağ klanı”nı Ermənistanda hakimiyyətdən uzaqlaşdırdıqdan sonra Qarabağdakı separatçılar Moskvanın nəzarəti altına keçiblər. Xankəndinə təlimatlar daha Yerevandan deyil, Moskvadan gəlir”.
E.Şahinoğlu əlavə etdi ki, son məlumatlara görə, Ermənistan Dağlıq Qarabağla sərhəddə hərbi postların sayını artırıb, gəlib-gedənlərin kimliyi yoxlanılır: "Paşinyan Dağlıq Qarabağ separatçılarının Ermənistandakı tərəfdarları vasitəsilə Yerevanda çevriliş cəhdindən ehtiyat edir. Əgər Dağlıq Qarabağ separatçıları və Yerevandakı "Qarabağ klanı” Paşinyana qarşı çevriliş planını həyata keçirmək istəsə, bu, Moskvanın razılığı ilə baş verəcək. Dağlıq Qarabağ separatçıları artıq bir dəfə Ermənistanda çevriliş ediblər, 1997-ci ildə prezident Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırıblar. Ona görə "Qarabağ klanı”nın çevriliş etmək təcrübəsi var və Paşinyanın mövqelərinin zəifləməsini, eləcə də hansısa səhv addım atmasını gözləyirlər”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər