• cümə, 19 Aprel, 01:58
  • Baku Bakı 18°C

Paşinyan güzəştcil, sülhpərvər lider cildinə girməyə çalışır

19.07.19 19:21 33118
Paşinyan güzəştcil, sülhpərvər lider cildinə girməyə çalışır
Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə "Azadlıq” radiosunun erməni xidmətinə geniş müsahibə verib. O bildirib ki, Yerevanla Bakı arasında "qaynar xətt” işləyir, lakin bu, qurbanların olmayacağına zəmanət vermir. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən və görüləcək işlərə toxunan erməni baş nazir deyib ki, danışıqların konkret nəticələrə gətirməsi üzərində işlənilir. "Nəyə görə danışıqların konkret nəticəsi yoxdur” sualına aydınlıq gətirən N.Paşinyan deyib ki, Qarabağ məsələsinin həlli üçün Ermənistan və Azərbaycan xalqları üçün qənaətbəxş sayılacaq variant lazımdır. Erməni baş nazir söylədiklərini misli görünməmiş bəyanat kimi qələmə verərək, indiyə qədər Ermənistanın heç bir rəhbərinin "münaqişənin həlli Azərbaycan xalqı üçün də qaneedici olmalıdır” fikrini səsləndirmədiyini vurğulayıb. N.Paşinyan bildirib və əminlik ifadə edib ki, bu, danışıqlarda tərəqqi üçün ciddi əsas yaradır. Erməni baş nazir əlavə edib ki, kimsə Azərbaycan üçün qənaətbəxş həllin Ermənistan üçün yolverilməz olacağını düşünürsə, o, nə Ermənistan xalqını, nə də ümumilikdə erməni xalqını tanımır.

Bütün bunları ümumiləşdirsək, Ermənistanın baş naziri N.Paşinyan açıq şəkildə bəyan edib ki, Dağlıq Qarabağ probleminin həlli Azərbaycan xalqını da qane etməlidir. Belə bəyanatın Ermənistan cəmiyyətində narazılıqla qarşılanacağını, onun əleyhinə işləyəcəyini bilə-bilə erməni baş nazirin bu cür fikirlər səsləndirməsi sual doğurur. Görəsən N.Paşinyanı belə fikirlər dilə gətirməyə nə vadar edir? Yoxsa, işğalçı Ermənistanın baş nazirini belə bəyanatla çıxış etməyi kimlərsə məcbur edir? Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan politoloq Fikrət Sadıxov bildirib ki, N.Paşinyanın bəyanatı ritorikadır. Qeyd edib ki, bu cür ritorik bəyanatların heç bir mənası yoxdur: "Əgər belə bəyanatlardan sonra cəbhə xəttində, Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan atəş açılmaqla atəşkəs rejimi pozulursa, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulursa, əsgərimiz yaralanırsa, erməni təxribatı davam edirsə, o zaman Paşinyanın bəyanatının heç bir qiyməti yoxdur. Digər tərəfdən, Paşinyan belə bəyanatlarla yeni Amerika kəşf etmir. Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə dair beynəlxalq təşkilatların çoxsaylı qətnamələri mövcuddur. Eyni zamanda, bütün dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıyır, münaqişənin də məhz bu çərçivədə həllini dəstəkləyirlər. İndiyə kimi heç bir təşkilat və dövlət işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən yaradılan qondarma qurumu tanımayıb. Belə olan halda münaqişə ədalətli həll olunarkən ilk növbədə Azərbaycanın, onun xalqının maraqları nəzərə alınmalıdır və bu, təbiidir”.

Siyasi şərhçi onu da əlavə edib ki, indiyə qədər N.Paşinyan kifayət qədər populist bəyanatlar səsləndirib, erməni əhalinin maraqlarına xidmət edəcək ritorik fikirlər səsləndirib: "Paşinyan bu bəyanatlar, populist fikirlər, yağlı vədlər əsasında hakimiyyətə gəlib. Lakin hazırda verdiyi vədlərin heç birini yerinə yetirə bilmir. Bundan başqa, görünür ki, Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də digər şəxslərlə görüşlər zamanı dünyanın aparıcı ölkələrinin münaqişənin həllinə dair prinsipial mövqeyini eşidib. Bundan sonra anlayıb ki, Azərbaycana qarşı hansısa formada jest edilməlidir. Lakin bu, heç də o demək deyil ki, səsləndirilən fikirlərin praktiki nəticələri olacaq. Erməni baş nazir səsləndirdiyi bəyanatlarla özünü zərbə altına saldığının da fərqindədir. Yəni, onun mövqeyi ikili yanaşmadır. O, bir tərəfdən erməni cəmiyyətinə dəstək verir, Azərbaycanla heç zaman barışmayacağını, Dağlıq Qarabağ separatçılarının münaqişənin həllinə dair danışıqlarda iştirakının vacibliyini dilə gətirir. Bununla erməniləri sakitləşdirir. İndi isə yuxarıda qeyd olunan formada, guya Azərbaycana jest edirmiş kimi bəyanatlar səsləndirir. Bir qədər əvvəl vurğuladığım kimi, bu bəyanatlar reallığa söykənmir”.

Politoloq Nəzakət Məmmədova isə bildirib ki, Paşinyanın bir il əvvəlki ritorikası xeyli dəyişib. Onun sözlərinə görə, hazırda erməni baş nazir güzəştcil, sülhpərvər lider cildinə girməyə çalışır və son fikirlər də bunun təzahürüdür: "Bununla o, ilk növbədə beynəlxalq ictimaiyyətə, xarici güclərə sülhə hazır olması mesajı vermək istəyir. Çünki Ermənistanın vəziyyəti çox ağırdır. İşğalçı ölkə heç zaman bu qədər təcrid vəziyyətinə düşməmişdi. Doğrudur, Koçaryan, Sarkisyan rejimləri dövründə də vəziyyət pis idi, amma onda Rusiya ilə müttəfiqlik sayəsində Ermənistan bir güc mərkəzinin forpostu idi. Bunun nəticəsində Rusiyadan siyasi, iqtisadi, hərbi dəstək ala bilirdi. İndi isə Paşinyan balanslaşdırma siyasəti elan etməklə, Rusiyadan uzaqlaşmaq və digər güc mərkəzləri ilə yaxınlaşmağa üstünlük verməyə çalışır. Lakin əks nəticə alınır. Ermənistan böyük güc mərkəzlərindən gözlədiyi nəinki siyasi, heç iqtisadi yardımları da ala bilmir”.

Siyasi şərhçi qeyd edib ki, Paşinyan Rusiya, İran, Avropa İttifaqına üzv ölkələrə dəfələrlə səfər edərək, Ermənistana sərmayələr cəlb etməyə, ölkəsinin rifah halını və iqtisadi inkişafını təmin etməyə çalışıb. Lakin Ermənistana erməni diaspor üzvləri olan xaricdəki bir neçə erməni milyarderindən başqa heç kim sərmayə qoymaq istəmir: "Paşinyan anlamağa başlayıb ki, işğaldan əl çəkib milyardlıq meqalayihələrə qoşulmağa Azərbaycanın razılığını ala bilsə, ölkəsinin və əhalinin iqtisadi tərəqqisini təmin edə bilər. Ermənistan üçün ən real gəlir əldəetmə vasitəsi budur. Digər tərəfdən, son zamanlarda Avropa İttifaqının yüksək rəsmisi Donald Tuskun və NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Todd Voltersin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatları Ermənistanı ciddi təlaşa salıb”.


Politoloq deyib ki, N.Paşinyan indiyədək hakimiyyətdə olan heç bir erməni liderinin bu cür bəyanatlar vermədiyini vurğulamaqla, Rusiyanın Qarabağ məsələsinə müdaxiləsinə yol verməyəcəyini bildirmək istəyir. Onun fikrincə, Ter Petrosyan istisna olmaqla, Paşinyana qədərki bütün erməni liderlər Rusiyaya bağlı olublar və onların danışıqlardakı mövqeyi Moskvanın təlimatından kənara çıxmayıb: "Amma Paşinyan qeyd etdiyimiz fikirləri səsləndirməklə, bununla artıq Ermənistanın Rusiyanın təsiri atında olmadığını göstərir. Bu, həm də Qərbin yanında olmağa hesablanmış addımdır. Çünki Ermənistan ABŞ-dan ona göstərilən yardımların bərpasını istəyir. Ermənistan parlamentinin spikeri Mirzoyanın ABŞ Senatındakı respublikaçı çoxluğun rəhbəri Makkonellə görüşündə bu məsələ müzakirə olunub. Xatırladım ki, "Minilliyin çağırışı” proqramı əsasında 2006-2008-ci illərdə Ermənistana 177 milyon yardım ayıran Dövlət Departamenti 2008-ci il martında Qərbyönümlü müxalifətə, nümayişçilərə təzyiqdən sonra bu yardımı dayandırıb. Lakin Paşinyanın iqtidara gəlməsindən sonra ABŞ yardımları yenidən bərpa etmək qərarına gəlib. Odur ki, Paşinyanın sülhpərvər imic formalaşdırmaq istəyinin arxasında ABŞ-dan gözlənilən milyardlarla dollar yardımın dayandığını istisna etmək olmaz”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər