• şənbə, 20 Aprel, 18:42
  • Baku Bakı 24°C

Paşinyan güc nazirlərindən çəkinib

20.09.19 19:02 615
Paşinyan güc nazirlərindən çəkinib
Ermənistanda gurultulu istefalar ölkənin siyasi gündəmində çalxalanma yaradıb. Eks-prezident Robert Koçaryanın işi ilə bağlı qalmaqallı telefon danışıqlarında adı keçən milli təhlükəsizlik xidmətinin rəhbəri Artur Vaneçyanın istefasının ardınca, polis rəisi Valeri Osipyan da istefaya göndərilib. Erməni KİV-lərinin məlumatına görə, hər iki şəxs N.Paşinyanla münaqişə vəziyyətində idilər. Hökumət aparatının rəhbəri Eduard Aqacanyan hər iki istefanı şərh edərkən bildirib ki, Paşinyan onların fəaliyyətindən razı olmayıb. Bununla yanaşı, erməni mediası yazır ki, istefalar bununla bitməyəcək, hökumətin bütün heyəti dəyişəcək. İstefalar baş nazirin ABŞ səfərindən sonra da davam edəcək.
Bəs görəsən bu böyük siyasi təmizləmə nə ilə bağlıdır? Sualı Moskva-Bakı portalına müsahibəsində rusiyalı politoloq İqor Korotçenko şərh etməyə çalışıb. Onun qənaətincə, siyasi təmizləmələr erməni ali hakimiyyətində parçalanmanın kəskinləşməsi ilə bağlıdır. "Ermənistanda demokratiya artıq başa çatdı. Paşinyan şəxsi sadiqliyinə və loyallığına etibar etmədiyi, inanmadığı güc strukturları rəhbərlərini dəyişir. Şəxsən ona biət etməyən şəxslər şəxsi təhlükəsizliyinə təminat verən qohumları, tanışları və yaxud yerliləri ilə əvəzlənəcəklər. Baxın, Ermənistanda daxili siyasi və iqtisadi nöqteyi-nəzərindən vəziyyət yaxşılaşmır. Biz istisna edə bilmərik ki, gələcəkdə insanlar küçələrə çıxıb Paşinyanın istefasını tələb etməyəcəklər və yaxud kimsə hansısa bir yolla onu hakimiyyətdən uzaqlaşdırmağa çalışmayacaqlar. Komforta öyrənən Paşinyan üçün isə hakimiyyətdən getmək çətin olacaq. Axı o, artıq müxalifətçi, 2018-ci ildə ac-yalavac gəzən şəxs deyil. Artıq böyük və əhəmiyyətli şəxsdir və istəmir ki, bu hakimiyyəti tərk etsin. Güc strukturları isə dayağın əhəmiyyətli hissəsidir”, - deyə ekspert fikrini əsaslandırmağa çalışıb. O əlavə edib ki, "dövlət başçısı üçün də şəxsi etimad başlıca məsələdir. Paşinyan nə vaxtsa Vaneçyanı və Osipyanı özü vəzifəyə qoyub. Lakin vəziyyət dəyişir. Belə görünür, bu şəxslər baş nazirin gözündə etibarlı görünmürlər. Kobud desək, bonapartist idarəçilik üsulunu təkrarlamaq istəyir. Faktiki olaraq ondan qabaq hakimiyyətdə olanların törətdiklərini təkrarlayır. Bir də 37-ci il məntiqi ilə hərəkət edir. Opponentlərinə qarşı siyasi repressiyalar həyata keçirir. Təəccüblənmərəm ki, əgər sabah Paşinyan hansısa bir qəsdin üstünün açılmasından bəhs etsin. Bu səbəbdən də erməni generalitetində və təhlükəsizlik orqanlarında irimiqyaslı həbslər mümkündür. Paşinyan hər şeyə gedə bilər, çünki mövqelərini itirir, yerində qıvrılır. Bu səbəbdən də təmizləmə davam edəcək”.
V.Korotçenko bildirir ki, "dördgünlük müharibə” ilə bağlı təhqiqat da bu məqsədlə aparılır: "Məqsəd hərbi generaliteti təmizləmək üçün günah keçisi axtarıb tapmaqdır. Vaneçyanın erməni hakimiyyət orqanlarına qarşı ittihamları onu deməyə əsas verir ki, Paşinyanın ətrafında ona qədər mövcud olan korrupsiya hökm sürür”.
Rusiyalı ekspertin qənaətincə, kadr dəyişiklikləri ilk növbədə əhalinin diqqətini ölkədə hansısa bir dəyişikliklərin baş verməməsinə görə narahatçılıqlardan ayırmağa yönəlib. "Sadəcə, vaxt uzadır. Axı bir il, ilyarım sonra heç kim bu oyunlara getməyəcək. Xalq baş nazirə konkret sual ünvanlayacaq: axı sən həyat şəraitinin yaxşılaşması üçün nə etmisən? Onun isə cavabı olmayacaq. Yerdəyişmələr isə insanların həyat şəraitini yaxşılaşdırmayacaq. Ermənistan iqtisadiyyatı inkişaf etmir, ölkə yerində addımlayır, qarşıda isə dalana dirənmiş vəziyyətdir”, - deyə ekspert fikrini tamamlayıb.
Siyasi texnoloq Karen Koçaryan isə hesab edir ki, Paşinyanın xüsusi xidmət və polisdən narazılığında uyğunsuzluq var. "Axı iki ay bundan əvvəl Vaneçyan və Osipyana general rütbələri verib. Burada sadəcə bir versiya var: narazılıq bir-iki ay ərzində yaranıb”, - deyə Koçaryan vurğulayıb. Bütövlükdə isə onun qənaətincə, Paşinyanın komandasında problemlər mövcuddur. Bir də ki, bu problemlərdən qaçılmanın mümkünsüzlüyü barədə bir il bundan əvvəl danışılıb. İstisna edilmir ki, Vaneçyanın yüksək reytinqi ölkənin ali rəhbərliyində həyəcan təbili çalmağa səbəb olub.
Siyasi şərhçi Menua Arutyunyan "Kentron” telekanalında "Nikol Paşinyan diktatordur. Heç vaxt qəbul etməz ki, kimsə qanun və konstitusiyanı əlində rəhbər tutsun” deyib. Onun sözlərinə görə, ayaq üstə qalxan cəmiyyətə qarşı tikanlı məftillər uzadar, barrikadalar quraşdırıb, ordunu çıxarır. Ən maraqlı versiyanı isə "İrates” qəzeti bölüşüb. Qəzet yazır ki, bütün bunlar Petrosyanın hakimiyyətə qayıdışına hesablanıb. "Nikol Paşinyan hökumətindən ən çox Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi yararlanıb” yazan qəzetin məlumatına görə, siyasi arenada effektivliyini itirən güc yenidən oyanıb və Paşinyan hökumətinə diktə edən rolu üzərinə götürüb: "Erməni Milli Konqresi çalışır ki, oyuna yenidən qoşulsun. Ona görə gələcəkdə baş verən hadisələrə aktiv hazırlaşır. Tezliklə, bu siyasi qüvvəyə xidmət edən KİV-lər də aktivləşəcəklər. Onlar üçün bu, vacib siyasi mübarizə alətidir. Bu günlərdə Erməni Milli Konqresinin qapalı iclasının baş tutması da yeni siyasi gündəmə start verildiyini göstərir. Məlumatlara görə, onlar bəzən Paşinyana müqavimət göstərəcəklər, lakin əslində bir-birilərini müdafiə edəcəklər”.


Azər NURİYEV
banner

Oxşar Xəbərlər