• cümə axşamı, 28 mart, 20:18
  • Baku Bakı 13°C

Paşinyan geri çəkilmək fikrində deyil

26.04.18 19:38 654
Paşinyan geri çəkilmək fikrində deyil
Ermənistanda yaşanan gərginlik səngimək bilmir. Demək olar ki, hər gün, hər saat maraqlı hadisələr yaşanır. Siyasi destabilizasiya ilə yanaşı, ölkənin çökməkdə olan iqtisadiyyatı daha da pisləşməyə başlayıb. "Qraparak” qəzetinin iddiasına görə, ölkədən son bir neçə gündə kapital axını artıb. Bəzi investorlar isə ölkəyə yatırım niyyətlərindən imtina etməli olublar. Ən böyük itki isə erməni əsilli rusiyalı iş adamı Kamo Avaqumyanla bağlı olub. O, etirazların başlanmasından sonra ölkəyə yatırmaq istədiyi 100 milyon dollarlıq investisiyadan imtina edib.
Daşnaksütun Partiyasından olan nazir və qubernatorlar da istefa veriblər. Ərazi idarəetmə və inkişaf üzrə nazir David Lokyan, təhsil və elm naziri Levon Mkrtçyan, ekologiya naziri Arsvik Minasyan, həmçinin Şirak vilayətinin qubernatoru Artur Xaçatryan və Araqatsotn vilayətinin qubernatoru Aşot Simonyan istefa qərarlarını açıqlayıblar. Yeni baş nazirin seçilməsi məsələsi isə may ayında müzakirə ediləcək. Bu barədə Ermənistan parlamentinin sədri Ara Babloyanınbəyanatında deyilir. Qeyd edilib ki, məsələ ilə bağlı mayın 1-də xüsusi iclas keçiriləcək.

Sarkisyan Marqaryan və Köçəryanın namizədliyini təklif edib?

Hakimiyyətdən getməyə məcbur olan Serj Sarkisyan ötən gün Respublika Partiyasının fraksiyası ilə görüşü zamanı baş nazir postuna yeni namizədi müzakirə edib. Sarkisyan baş nazir postuna Yerevan meri Taron Marqaryanın və keçmiş prezident Robert Köçəryanın namizədliyini təklif edib. Bildirilir ki, "Qazprom”un adamı Karen Karapetyanı namizədliyi Respublika Partiyasında birmənalı dəstək qazanmır. Çünki o, baş nazir kimi hakim partiyanın bir sıra nüfuzlu üzvlərinin maraqlarına toxunub.

Nalbandyan təcili Moskvaya yollandı

Xarici işlər naziri Edvard Nalbandyan isə K.Karapetyanın hakimiyyətdə saxlamağın qeyri-mümkün olduğunu anlayandan sonra təcili Moskvaya yollanıb. Analitiklərə görə, Moskva Ermənistanda qəfil vüsət alan xalq hərəkatının nəticəsində S.Sarkisyanı hakimiyyətdə saxlaya bilməsə də, "Qazprom”un adamı K.Karapetyanın heç olmasa keçid müddətində baş nazir postunu tutacağına ümid edirdi. Lakin ötən gün Nikol Paşinyan hakimiyyətə ultimatum verib və ölkədə artıq hökumətin olmadığını elan edib. Nəticədə Moskvada Ermənistanın nəzarətdən çıxacağına dair narahatlıqlar artıb. Proseslər başlayandan bəri ilk dəfə Rusiya prezidenti Vladimir Putin situasiyaya müdaxilə edib və prezident Armen Sarkisyana zəng vurub. Dünən baş nazirin müavini səlahiyyətlərini icra edən Armen Gevorkyan da gözlənilmədən Moskvaya çağırılıb.

Patruşev Yerevanda?

Ən maraqlı hadisə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin gözlənilmədən, həm də məxfi şəkildə Yerevana getməsidir. Mətbuatın iddiasına görə, Patruşevin təyyarəsi Soçidən birbaşa Yerevan hava limanına gedib və qısa müddət sonra Ermənistanı tərk edib. Hələlik bu səfərin məqsədinin nə olduğu aydın deyil. Ermənistanda hərbi bazası olan Rusiya "durumu çox diqqətlə izlədiyini” bildirib. "Hələ də bunu daxili məsələ sayırıq və ümid edirik ki, erməni dostlarımız bu durumdan çıxa biləcəklər, tezliklə sabit strukturu müəyyənləşdirəcək, konsensus qərara gələcəklər”, - deyə Kremlin sözçüsüDmitri Peskovdeyib.

Paşinyan Rusiya səfiri ilə nələri müzakirə edib?

Belə bir durumda müxalifətin lideri Nikol Paşinyan Rusiyanın bu ölkədəki səfiri İvan Volınkinlə görüşüb. Görüşünün detallarını danışan Paşinyan RBK televiziyasına müsahibəsində müzakirələrin onun təşəbbüsü ilə keçirildiyini bildirib. O, görüş zamanı etirazların anti-Rusiya xarakteri daşımadığını deyib: "Biz çox məsələləri müzakirə etdik və başlıca məsələ Yerevandakı situasiya və proseslərin bundan sonrakı inkişafı idi. Biz Rusiyanın bu məsələni necə həll edə biləcəyini müzakirə etdik. Ukrayna variantını burada nəzərə almaq istəmirəm. Ona görə ki, bu, tamam ayrı məsələdir. Qeyd etmək istəyirəm ki, bu hərəkatın heç bir geosiyasi konteksti yoxdur. Bu hərəkat nə Rusiya, nə ABŞ, nə Aİ, nə İran, nə də Gürcüstana qarşı yönəlib. Bizimki korrupsiya, qeyri-effektiv idarəçiliyə qarşı hərəkatdır. Çox şadam ki, Rusiya nümayəndələri Ermənistanın daxili işlərinə qarışmaq niyyətində olmadıqlarını deyirlər”. O, Volınkinlə Qarabağ məsələsini də müzakirə etdiyini bildirib, ancaq detalları açıqlamayıb.

"Etirazlar mən baş nazir olana qədər davam edəcək”

N.Paşinyan onu deyib ki, o baş nazir əvəzi K.Karapetyana fövqəladə vəziyyət elan etməmək xəbərdarlığı edib. Paşinyan bunu da iddia edib ki, hakim Respublika Partiyasının bir sıra millət vəkilləri K.Karapetyanı yox, "xalqın namizədini” dəstəkləmək barədə qərar qəbul ediblər. O bildirib ki, Rusiya Karapetyanı dəstəkləmir və o, Rusiya rəsmilərindən Moskvanın Yerevanın daxili işlərinə müdaxilə etməyəcəyi barədə zəmanət alıb. Paşinyan Karapetyana xəbərdarlıq edib ki, əgər o, baş nazir postuna yeni namizəd təyin etməyə cəhd göstərsə, xalq parlamentin binasını blokadaya alacaq: "Bu andan etibarən mən Karen Karapetyana xəbərdarlıq edirəm ki, o, hətta heç bir hökumət binasına daxil olmamalıdır. Biz xalq olaraq qalib gəlmişik və heç kəs bu fakta şübhə edə bilməz”. N.Paşinyan müvəqqəti hökumətdə baş nazir təyin edilməyənə qədər kütləvi aksiyaları davam etdirəcəyinə söz verib. Bunu o, RBK-ya müsahibəsində deyib. "Başqa kimisə müvəqqəti baş nazir postunda görürmü” sualına cavabında Paşinyan deyib ki, "bu məsələ dünən axşam meydanda həll olunub”.

"Kreml bir-birinin ardınca uğursuzluqlara düçar olur”

Rusiyanın tanınmış politoloqlarından Konstantin Eggert liberal Snob.rusaytında yazır ki, "Kreml bir-birinin ardınca uğursuzluqlara düçar olur. Moskvada heç cür inana bilmirlər ki, adamları korrupsiya, hakimiyyətin dəyişməzliyi və məmur özbaşınalığı boğaza yığa bilər”. Politoloqun fikrincə, Rusiyanın ən yaxın müttəfiqi, keçmiş SSRİ üçün ən çox xiffət çəkən Ermənistanda baş verənlər göstərir ki, Medvedevin on il əvvəl "Rusiyanın imtiyazlı maraqlar zonası” adlandırdığı ərazidə qarşıdan qaçılmaz dəyişikliklər gəlir. Eggert yazır ki, Ermənistanda 20 il müddətində "Qarabağ klanı” hakimiyyətdə idi. Bunlar ermənilərin təbirincə deyilərsə, əslən Qarabağdan olanlardı. Bakı ilə kompromisə getməyə hazır olan prezident Levon Ter-Petrosyanı da onlar yıxmışdılar. Politoloq yazır ki, bunun ardınca Qarabağ klanı ölkədəki biznesi ələ aldı, müxalifəti gettoya qovdu və əbədi hökmranlıq etmək qərarına gəldi. Əvvəlcə başqa bir Qarabağ veteranı Robert Köçəryan iki müddətdə prezident oldu, onun ardınca bu vəzifəyə keçmiş müdafiə naziri Serj Sarkisyan keçdi. Lakin bundan sonra belə görünür ki, "qarabağlıların” ehtiyat skamyasında adam qalmadı. Amma yol tapdılar. Eggertin fikrincə, "hələ 2015-ci ildə ölkədəki siyasi strukturu dəyişdirəcək referendum keçiriləndə ermənilər bunun Sarkisyanın siyasi ömrünün uzadılması üçün edildiyindən duyuq düşmüşdülər. Sarkisyan baş nazir olmayacağı barədə söz verəndən sonra referendumu keçirə bildilər. Amma Sarkisyan vədinə əməl etmədi. Adamlar hiddətləndilər, inqilab baş verdi. Sarkisyan yalnız hərbçilər etirazçılara qoşulanda istefa vermək qərarına gəldi. Etirazların zorla yatırılması vətəndaş müharibəsi ilə nəticələnə bilərdi”. K.Eggert əmindir ki, Ermənistandakı hadisələr Moskva üçün tam gözlənilməz olub. Axı ikicə gün əvvəl Vladimir Putin Sarkisyanı baş nazir seçilməsi münasibətilə təbrik etmişdi. Politoloq hesab edir ki, baş verənlər Rusiya xarici siyasətinin məğlubiyyətidir. Bu məğlubiyyət həm də Moskva üçün ona görə ağırdır ki, ən yaxın müttəfiqin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İttifaqının ən etibarlı üzvünün ərazisində baş verib. Burada həm də Rusiyanın xaricdəki ən böyük hərbi bazalarından biri yerləşir.

Azər
banner

Oxşar Xəbərlər