• cümə, 29 Mart, 00:01
  • Baku Bakı 7°C

Paşinyan geri çəkildi

15.04.19 19:42 759
Paşinyan geri çəkildi
Ermənistanda 1999-cu il 27 oktyabrda yaşanan gülləboran hadisəsi ilə bağlı qalmaqal səngimir. Parlamentin gülləboran edilməsində Rusiya prezidenti Vladimir Putini ittiham edən parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Koçaryan verdiyi bəyanatın KİV tərəfindən təhrif olunduğunu bildirib. Çox güman ki, komitə sədri baş nazirin təzyiqlərindən sonra bu açıqlamanı verməyə məcbur olub. Erməni saytlarının yaydıqları xəbərə görə, deputat, kütləvi informasiya vasitələrində gedən informasiyanı yalan və absurd adlandırıb. Həmin xəbərdə deyilirdi ki, oktyabr gülləboranın sifarişçiləri bəllidir – bunu Rusiya xüsusi xidmət orqanları Putinin sifarişi ilə həyata keçiriblər. "Belə bir absurd bəyanatı səsləndirməyi dövlət strukturları özlərinə sığışdırmazdılar. Birincisi, həmin hadisə ilə bağlı təhqiqat başa çatmayıb. İkincisi, heç kim belə bir ehtimal edə bilməz”, - deyə komitə sədri vurğulayıb. Bütün bunları təxribat adlandıran Koçaryan əlavə edib ki, bu xəbərlər Rusiya ilə Ermənistan arasındakı strateji münasibətləri pisləşdirməyə xidmət edir. O, əmiliklə bəyan edib ki, buna nail olmaq mümkün deyil. Ancaq komitə sədri bu xəbərin saytlara necə yol tapmasına aydınlıq gətirə bilməyib. Xəbəri dərc edən 7or.am saytının redaktoru Areqnez Manukyan isə bəyan edib ki, onlar xəbərin ilk mənbəyi olmayıblar. "Biz bu xəbəri internetdən götürmüşük. Uzun müddət heç bir reaksiya olmadığından, biz onu yaydıq. A.Koçaryan lap əvvəldən bu xəbəri təkzib etməli idi. Təkzib olmadığından, biz də bunu dərc etdik”, - deyə fikrini tamamlayıb.
Maraqlıdır ki, parlamentin komitə sədri xəbərin haradan qaynaqlanmasına şərh vermək istəməyib. Onun sözlərinə görə, 27 oktyabr qətliamı ilə bağlı onun ittihamlarının obyekti Ermənistanın ikinci prezidenti Robert Koçaryan olub. Onun qənaətincə, indiyə qədər hələ də bir suala cavab tapa bilməyib. "Cənab Koçaryan, siz bağlı qapılar arxasında Nairi Unanyanla (parlamenti gülləboran edən şəxs) nədən danışıbsınız? Çünki dünyanın heç bir ölkəsində belə görüşün baş verməsi mümkün deyil. Belə görüş, adətən, üçüncü şəxsin iştirakı ilə, ya da sırf təhlükəsizlik tədbirləri çərçivəsində baş tutur”. Əslində, Ermənistanın hakim partiyasının deputatının Putinin əleyhinə açıqlaması Moskvada ciddi rezonans doğurmalı idi. Çünki bu açıqlama Ermənistanın hansısa müxalifət partiyasının nümayəndəsindən deyil, hakim partiyanın deputatının dilindən səsləndirilib. Bu isə o deməkdir ki, hakim partiyada da Putinə qarşı eyni əhval-ruhiyyə var.
Xatırladaq ki, 1999-cu ildə bir neçə terrorçu Ermənistan parlamentinin binasına daxil olaraq, spiker Karen Dəmirçiyanı, baş nazir Vazgen Sərkisyanı, spikerin müavinləri Yuri Baxşyanı və Ruben Miroyanı, operativ məsələlər üzrə nazir Leonard Petrosyanı, deputatlar Armenak Armenakyanı, Henrix Abramyanı və Mikael Kotanyanı güllələyiblər. Onu da bildirək ki, Ermənistan parlamentinə edilən hücum zamanı V.Putin Rusiyanın baş naziri idi, eyni zamanda prezident səlahiyyətlərini icra edirdi.
Maraqlıdır ki, Nikol Paşinyan deputat olan zaman açıq şəkildə bildirirdi ki, 27 oktyabr qətliamı Rusiya tərəfindən həyata keçirilib. Əlavə edirdi ki, hakimiyyətə gələcəkləri təqdirdə, əsas fəaliyyətləri məhz bu qətliamım üstünün açılması olacaq.
Öz növbəsində həmin hadisələr zamanı öldürülən Yuri Baxşyanın xanımı Anait Baxşyan "1in.am” saytına müsahibəsində bildirib ki, həmin hadisələrlə bağlı parlamentdə dinləmələrin keçirilməsini zəruridir, qaçılmazdır. Lakin bunun üçün düzgün vaxt seçmək gərəkdir. Məlumat üçün bildirək ki, parlamentin keçmiş deputatı, prezidentin Rusiyadakı xüsusi nümayəndəsi vəzifəsində çalışmış Taron Saakyan bu günlərdə parlamentə müraciət edərək, 27 oktyabrla bağlı dinləmələrin keçirilməsini xahiş edib. Saakyan bəyanatında onu da yazıb ki, bu prosesə aydınlıq gətirilməsinə maraqlı olan bütün tərəflər dinləmələrdə iştirak edə bilərlər. O bildirib ki, dinləmələrdə Milli Təhlükəsizlik Xidməti rəhbərinin müavini Arzuman Arutunyan, adıçəkilən idarənin keçmiş rəhbəri Karlos Petrosyan və digər şəxslər iştirak etməlidirlər. Lakin parlament sədrinə ünvanlanan müraciət cavabsız qalıb. Nəticədə, "İşıqlı Ermənistan” partiyasının parlamentdəki fraksiya rəhbəri Edmon Manukyana analoji müraciətini edib. Lakin buna da cavab ala bilməyib.
Əksəriyyət hesab edir ki, rəsmi Yerevan Rusiyanın təzyiqləri qarşısında hələ uzun müddət bu məsələyə aydınlıq gətirmək istəməyəcək. Belə bir fikirdə var ki, Paşinyan hakimiyyəti bu məsələyə aydınlıq gətirməsə, bu, onun reytinqinə ciddi şəkildə təsir edəcək.
Bütün bunların fonunda ölkə ciddi problemlərlə üzbəüz qalıb və bu vəziyyətdən keçmiş iqtidar partiyası yararlanmağa çalışır. "Ötən həftənin hadisələrini analiz etsək, yaxın zamanlarda inqilabi terrorun yeni mövsümünün şahidi olacağımızı deyə bilərik”. Bu sözləri öz "facebook” səhifəsində Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib. "Hakimiyyət tənqidi qeyri-adekvat qəbul edir və reytinqinin düşməsinə görə narahatdır. Həmçinin öz vədlərini icra etmək, ölkəni qəbul etdiyi vəziyyətdə saxlamaq gücündə deyil. Hökumət daxilində fikir ayrılıqlarının olması artıq aydındır. Rejim siyasi məqsədlə olan təqiblərin, davam edən reytinq azalmasının qarşısını almayacağını dərk etmir. Bununla yalnız mövcud prosesi sürətləndirmək olar. Ona görə də yaxın zamanlarda təkcə "Taxt oyunları”nın yeni mövsümünü yox, həm də "Nikol – Avropanın yeni diktatoru” trillerini izləyə bilərik”, - o bildirib.
"1in.am” saytında dərc olunan məqalədə bildirilir ki, Paşinyanın problemləri artıq günbəgün artır. Sayt yazır ki, inqilabdan sonrakı Ermənistan qarşısında duran əsas məsələ dağılan idarəçilik sisteminin qarşısının alınması və köhnə sistem əsasında yenisinin qurulmasıdır. "Birinci problem deyəsən həllini tapıb və dövlət əlavə problemlərdən qurtula bilib. İkinci problem isə hələ də həllini tapmamış qalır. Bütün bunlara rəğmən Nikol Paşinyan hələ də effektiv və işləyən sistem qurmağa müvəffəq olmayıb”, - deyə məqalədə bildirilir. Əlavə edilir ki, kənd və şəhərlərdə problemlər Ermənistanın hakimiyyəti üçün ən ciddi problemdir və onların həll edilməməsi ölkənin çöküşünü sürətləndirə bilər. "Kəndlər hazırda hakimiyyət üçün ən ciddi problemdir. Bu problem həlini tapmazsa, onda Paşinyan hökumətinin məğlubiyyəti məhz kəndlərdən başlayacaq. Problem ondadır ki, hökumət hələ də kənd icmalarının inkişafı və islahatı proqramını təklif edə bilməyib”.
Bütün bu problemlər o qədər artıb ki, artıq hər həftə, hər gün ölkədə etirazlar keçirilir. Dünən Ararat şəhərində etiraz aksiyası başlayıb. Bu məlumatı "Verelq.am” saytı yayıb. Məlumata görə, etiraz aksiyasını "Araratsement” qapalı səhmdar cəmiyyətinin işçiləri təşkil ediblər. İşçilərə, zavodun 2 ay ərzində bağlanacağının bildirilməsi onların etirazına səbəb olub. Qeyd edək ki, "Araratsement” Ermənistanın ən böyük sement istehsalçılarından biridir. Zavod "Multi qrup” şirkətinin tərkibinə daxildir. Bu şirkət Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyana məxsusdur. Çarukyan zavodu 2002-ci ildə əldə edib. Bundan öncə zavoda Ermənistanın mərhum baş naziri Vazgen Sərkisyanın ailəsi nəzarət edib. Ermənistan hökumətinin daxili borclanması da aktiv şəkildə artırır. Məlumata görə, son 3 ay ərzində ölkənin daxili borclanması 56 milyon dollara qədər artırılıb. Qəzet, hələlik ölkənin daxili borclanmasının niyə artırmasına aydınlıq gətirilmədiyini bildirib. Qeyd edək ki, Ermənistanın hazırda dövlət borcu 6,934 milyard dollardır. Belə ki, cari ilin ilk rübündə İrəvan xarici borclanmasını cəmi 12 milyon dollar artırıb. Bundan öncə Ermənistan mətbuatı rəsmi İrəvanın il ərzində təxminən yarım milyard xarici borc almağı və dövlət borcunu 7,4 milyarda çatdırmağı planlaşdırdığı barədə məlumat yaymışdı.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər