• cümə, 19 Aprel, 16:12
  • Baku Bakı 25°C

Paşinyan Ermənistanın siyasi elitasının savad və səviyyə barometridir

20.09.18 17:55 461
Paşinyan Ermənistanın siyasi elitasının savad və səviyyə barometridir
Sentyabrın 20-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu növbəti "Qarabağ saatı” keçirib. O qeyd edib ki, Paşinyanın son açıqlamaları ATƏT-in Minsk qrupunu münaqişənin həlli prosesdən uzaqlaşdırmağa yönəlib: "Onun Qarabağın statusu ilə bağlı qərar vermək səlahiyyəti yoxdur. Amma bu haqda danışır. Bəlkə də Paşinyan savadsız və yaxud məntiqsiz adam rolunu ifa edir. Onun həyat tərzində bunu görmək mümkündür. Paşinyanın Dağlıq Qarabağı Ermənistanın tərkibinə qatması ilə bağlı bəyanatları birmənalıdır. Həmin bəyanatları başqa variantda başa düşmək mümkün deyil. O, Ermənistanın baş naziri postunda ən azı 2 dəfə Dağlıq Qarabağı Ermənistanın tərkibində gördüyünü bəyan edib. Sonuncu bəyanatında Dağlıq Qarabağı Ermənistanın tərkibinə qatmağın yolunu axtardığını bildirdi. Əslində bu, Paşinyan hakimiyyətinin Qarabağın statusunun müəyyən olunmasına müdaxiləsidir. Dağlıq Qarabağın statusunu Ermənistan deyil, ATƏT-in Minsk qrupu müəyyən etməlidir. Əgər Paşinyan statusu müəyyənləşdiribsə, danışıqlara və ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmır”.
Politoloq qeyd edib ki, N.Paşinyan Ermənistanın siyasi elitasının savad və səviyyəsinin barometridir: "Məsələnin digər tərəfi də diqqəti çəkir. Belə ki, Paşinyanın ATƏT-in Minsk qrupunun nizamnaməsinə zidd bəyanatlarına vasitəçilər tərəfindən bugünədək heç bir reaksiya verilməyib. Bununla da Minsk qrupu həmsədrləri beynəlxalq hüquqa, özlərinin nizamnaməsinə, təmsil etdikləri dövlətlərə hörmətsizlik nümayiş etdirirlər. Əgər həmsədrlər özünəhörmət hissi ilə tanışdırlarsa, Dağlıq Qarabağ tənzimlənməsindən uzaqlaşmalıdırlar. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin tənzimlənməsində kömək üçün Azərbaycan ordusuna müraciət etməklə, özünün imicinin daha da ləkələnməsinin qarşısını ala bilər”.
M.Əhmədoğlunun sözlərinə görə, Ermənistanın XİN rəhbəri Mnasakanyanın ABŞ-da BMT Baş Assambleyasının iclasında iştirak zamanı azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşməlidir: "Ermənistanının xarici işlər naziri həmsədrlərin Ermənistana təqdim etdiyi tənzimlənmə variantı ilə tanışdır. Paşinyanın verdiyi açıqlamaya görə isə Ermənistana təqdim olunan layihədə Dağlıq Qarabağın statusu ilə bağlı aydın fikirlər olmasa da, ətraf ərazilərin Azərbaycana qaytarılması ilə bağlı maddələr çox aydındır. Məhz Mnasakanyan separatçı rejim rəhbərləri ilə görüşdə 2 məqamı diqqətdə saxlamışdı. Birincisi, Azərbaycan XİN rəhbəri və həmsədrlərlə görüşə gedərkən Dağlıq Qarabağda da görüşlər keçirdiyini bildirməli və bununla da məzmunlu danışıq tərəfdarı olduğunu göstərməli idi. Digər məqam isə odur ki, Mnasakanyan Ermənistanın çətin vəziyyətdə olduğunu bilir. Dağlıq Qarabağ rejimi liderlərinin mövqeyindəki hər hansı yumşalma Ermənistana yeni nəfəs verə bilər. Bəllidir ki, Dağlıq Qarabağ problemində irəliləyiş olmayanadək beynəlxalq aləm Ermənistana investisiya qoymayacaq. Paşinyanın blef resursu yaxınlarda bitəcək”.
Politoloq onu da deyib ki, Z.Mnasakanyan Dağlıq Qarabağda sürprizlə rastlaşıb: "Qondarma rejimin rəhbərliyi Z.Mnasakanyanı aldatmağa çalışdı ki, Dağlıq Qarabağın tanınması meyilləri var. Parlament diplomatiyası aktivləşib və buna Ermənistan da təkan verməlidir. Həqiqətən, avroparlamentin, Fransa parlamentinin və ABŞ Konqresinin üzvlərindən ibarət 3 nəfərilik qrup Qarabağda olub. Bununla qondarma qurumun rəhbərliyi yalnız Ermənistanda bir neçə nəfəri aldada bilər. Hamıya bəllidir ki, bu parlamentarilərin səfərlərini ermənilər özləri təşkil ediblər. Saakyan isə hərbi təlimlərlə bağlı müşavirə keçirərək Mnasakanyanı Dağlıq Qarabağda hərbi gücün artdığına inandırmağa çalışdı. Belə vəziyyət iqtisadiyyatla da bağlı təkrarlandı. Hər halda, Mnasakanyan analitik təfəkkürə malikdir. 30 il ərzində Dağlıq Qarabağ özünü hətta kənd təsərrüfatı məhsulları ilə təmin edə bilməyib, Ermənistanın dövlət büdcəsindən ayırmalar və diaspordan gələn yardım hesabına yaşayır”.


BƏXTİYAR
banner

Oxşar Xəbərlər