• çərşənbə axşamı, 16 aprel, 09:11
  • Baku Bakı 14°C

“Paşinyan Ermənistan dövlətinin gücü ilə ordunun şəxsi heyətinin alt paltarının sayı arasında balansı tapmalıdır”

16.05.18 19:23 990
“Paşinyan Ermənistan dövlətinin gücü ilə ordunun şəxsi heyətinin alt paltarının sayı arasında balansı tapmalıdır”
"Ermənistanda baş verən inqilabların kökündə Dağlıq Qarabağ münaqişəsi dayanır. Eks-prezident Serj Sarkisyan bu məsələdə normal mövqe nümayiş etdirsəydi, indi ermənilər daha yaxşı yaşayırdılar”.Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Qarabağ saatı” layihəsi çərçivəsində jurnalistlərlə növbəti görüşü zamanı deyib.
O, bildirib ki, eks-prezident Levon Ter-Petrosyan bu məsələdə fərqli münasibət sərgiləyirdi: "Amma mən onun əleyhinə idim. Çünki o, ağıllı adamdır və nə istədiyini bilirdi. Hazırda baş verən proseslərdə də aparıcı element Dağlıq Qarabağ münaqişəsidir. Gedişat belə deməyə əsas verir ki, Ermənistanda vəziyyət sabitləşməyəcək.
Dağlıq Qarabağa ilk səfəri zamanı Nikol Paşinyanın verdiyi bəyanatların yaratdığı fon Ermənistanın ekspert və ictimai-siyasi mühitində bəzi məsələləri arxa plana keçirib. Ekspert mühiti N.Paşinyanı 7 rayonun Azərbaycana qaytaracaq lider kimi qəbul edirdi. İctimai-siyasi mühit, eləcə də xalqın böyük əksəriyyəti təhtəlşüurda 7 rayonun Azərbaycana qaytarılmasına çoxdan hazırdır. N.Paşinyanın mitinqlərinin gur olmasının əsas səbəblərindən biri də budur. Yerevan ermənilərinin böyük bir qismi hətta Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının tərəfdarıdır”.
Politoloqun fikrincə, N.Paşinyanın ermənilərin qulaqlarının alışdığı fikirləri Dağlıq Qarabağda təkrarlaması ekspert mühitində canlanma yaratdı. Özünü aldatmağı xoşlayan ekspert mühiti N.Paşinyanın səsləndirdiyi fikirlərdə bəzi tonallıqları görmək istəmədi: "Onun səsləndirdiyi fikirlərdən bəzilərisensasiyadır: N.Paşinyan Azərbaycanla danışıqları yalnız Ermənistanın adından aparacağını bildirdi. N.Paşinyanın fikrincə, Dağlıq Qarabağ da danışıqlar prosesinə ayrıca qoşulmalıdır. Əslində N.Paşinyanın belə mövqeyi Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın rəsmi doktrinasına tam uyğundur: Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsinin adı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Rəsmi Bakının fikrincə, ermənilərlə azərbaycanlılar arasında münaqişə 2 tərkib hissəsinə malikdir: 1.Ermənistanla Azərbaycan arasında tarixdən qaynaqlanan problemlər. Bura Zəngəzur, İrəvan, Göyçə və digər ərazilərin hissə-hissə Azərbaycana qaytarılması, 1987-ci ildən başlayaraq Ermənistan SSR-dən qovulmuş azərbaycanlıların Ermənistan Respublikasına qaytarılması və buna müvafiq olaraq Azərbaycan SSR-ni tərk etmiş ermənilərin Azərbaycan Respublikasına qayıtmasına şərait yaratmaq. 2.Dağlıq Qarabağ probleminin həlli. İlkin mərhələdə 7 rayonun Azərbaycanın nəzarətinə qaytarılması. Sonra isə tədricən Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması. Dağlıq Qarabağdakı ermənilər 1923-cü ildə olduğu kimi yenidən Azərbaycanın tərkibində qalmağı seçə bilərlər”.
M.Əhmədoğlu qeyd edir ki, N.Paşinyan özünün mərhələli həll variantını təklif edir: "Əvvəlcə Ermənistan-Azərbaycan münasibətləri normallaşdırılır. Bu mümkündür. İlkin şərt olaraq Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla bütün işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarır və bundan sonra nəqliyyat əlaqələri, investisiya, birgə iqtisadi layihələr və regional layihələrə qoşulmaq məsələlərinin müzakirəsi başlayır. Qısa müddət ərzində müzakirələr bitir və əməli fəaliyyət başlayır.
N.Paşinyanın yaratdığı hərəkat və baş nazir təyin olunması Dağlıq Qarabağ tənzimlənməsində aktivlik yaratdı. Bax burada N.Paşinyan Serj Sarkisyanın tam tərsinə hərəkət etdi. Serj Sarkisyanın bütün fəaliyyəti Dağlıq Qarabağ tənzimlənməsi ilə əlaqəli prosesləri tormozlamaq idi. İmitasiya edirdi. Paşinyan isə Aİ, ABŞ və RF-də müəyyən ümidlər yaratdı. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə yüksək təmsilçisi F.Moqerininin N.Paşinyana təbrik müraciətində Dağlıq Qarabağ tənzimlənməsini Aİ üçün bir nömrəli tapşırıq adlandırması təsadüfi deyil. N.Paşinyan görünür, təkcə aktivlik və ümid deyil, həm də iştah yarada bilib”.
Mübariz Əhmədoğlunun sözlərinə görə, 2016-cı il aprel təxribatının arxitektoru Ermənistanda müdafiə naziri təyin edilib: "Yeni müdafiə naziri D.Tonoyan Ermənistanın hərbi mühiti üçün yeni adam deyil. Amma onun ən böyük fəaliyyəti 2016-cı ilin aprel təxribatına arxitektorluq etməsidir. D.Tonoyan hədsiz aktiv nazir müavini idi. Rusiya ilə əlaqələri minimal olsa da, Qərbdə üzünə bütün qapılar açıq idi. Bu imkanlarından istifadə edərək o "passiv müdafiədən aktiv cilovlamaya” hərbi siyasi konsepsiyasını hazırladı. Bu konsepsiyanı iki dəfə NATO-nun Brüsseldəki iqamətgahında müzakirə etdikdən sonra ATƏT-in Vyandakı qərargahında və Londonda "Chatam House”də geniş müzakirələrdə yeni konsepsiyasının təqdimatını keçirdi. 2016-cı ilin fevralında baş tutmuş bu müzakirələrin finalı Ermənistanın Yazıçılar Birliyində D.Tonoyanla görüş zamanı baş tutdu. Konsepsiyanın qısa mahiyyəti belədir: Azərbaycan ordusu böyükdür, güclüdür. Statik müdafiə vəziyyətində arada baş verən hərbi əməliyyatlar Azərbaycana uğur gətirir. Yaranmış vəziyyəti erməni ictimaiyyətinə izah etmək çətin olur. Ona görə Ermənistan ordusu imkanlar yaradıb, Azərbaycan ordusuna zərbələr endirməklə onu erməni ordusuna qarşı hərbi əməliyyatlardan çəkindirməlidir. Çevik cilovlama zamanı Ermənistan ordusunun elit hissələrinin əldə etdiyi qələbələr erməni xalqını daha da ruhlandıracaq.
Bu konsepsiya 2016-cı il aprel döyüşlərinə gətirib çıxardı və nəticəsi bəllidir. D.Tonoyan az sonra yeni müdafiə naziri Vigen Sarkisyanla yola getmədiyi üçün nazir müavinliyindən uzaqlaşdırıldı. Amma onun Qərblə əlaqələri və təxribat törətmə potensialı o zamankı prezident Serj Sarkisyan tərəfindən yüksək qiymətləndirildiyi üçün Fövqəladə Hallar Naziri təyin edildi. D.Tonoyan isə bu nazirliyi ikinci hərbi nazirliyə çevirdi”.
Politoloqun fikrincə, N.Paşinyan D.Tonoyanı məhz Qərblə əlaqələrinə və təxribat törətmək potensialına görə müdafiə naziri təyin etdi: "Çünki N.Paşinyan Serj Sarkisyanın yolunu davam etdirir. Başa düşür ki, Rusiyanı Cənubi Qafqazda hərbi təxribatlara cəlb etmək Ermənistan üçün böyük geosiyasi və maliyyə resursudur. Naxçıvanda təxribat ssenarisi Ermənistan üçün hava və su kimi lazımdır. Əgər N.Paşinyana Rusiya ilə normal hərbi əlaqələr lazım olsaydı, o, D.Tonoyanı nazir təyin etməzdi. N.Paşinyan avantürist manerasına görə də Serj Sarkisyanı təkrarlayıb. Amma S.Sarkisyan təxribatları şüurlu şəkildə hazırlayırdı və Qərbdə müəyyən dairənin dəstəyini əldə edə bilirdi. Amma N.Paşinyan belə bacarığa və inama malik deyil.
N.Paşinyanın elə ilk günlərdən regional təhlükəsizlik məsələlərində Rusiyaya badalaq gəlməsi hər halda Kreml tərəfindən cavabsız qala bilməz. Çünki geosiyasi proseslər Moskvanı ən azı özünə hörmət etməyə vadar edir”.
M.Əhmədoğlu bildirir ki, N.Paşinyan militarist dövlət qurmaq sahəsində də S.Sarkisyanın yolunu davam etdirir: "S.Sarkisyanın qurduğu bu dövlət Ermənistan ordusunu alt paltarı ilə təmin edə bilməyibsə, N.Paşinyanın da qurduğu dövlət bu ordunu alt paltarı ilə təmin edə bilməyəcək. N.Paşinyan elə dövlət qurmalıdır ki, o dövlət ordunu alt paltarı ilə təmin edə bilsin və yaxud elə miqdarda ordu saxlamalıdır ki, o ordunu alt paltarı ilə təmin etmək dövlətinin gücü daxilində olsun. N.Paşinyan Ermənistan dövlətinin gücü ilə ordunun şəxsi heyətininin alt paltarla təminatı arasında balansı tapmağa məhkumdur. Əks təqdirdə həm ordu, həm də də dövlət olmayacaq”.
banner

Oxşar Xəbərlər