• cümə axşamı, 28 mart, 12:30
  • Baku Bakı 16°C

Paşinyan “erməni şakəri”ndən qurtula bilmədi

12.10.18 19:29 501
Paşinyan “erməni şakəri”ndən qurtula bilmədi
Ermənistanın baş naziri Nikol Paşinyan Frankofoniya təşkilatının açılışında etdiyi çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair yalan və həqiqətdən uzaq fikirlər səsləndirib. Bundan əvvəl isə o, BMT Baş Assambleyasının 73-cü sessiyasında da buna bənzər şəkildə çıxış edib. Artıq məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi münasibət bildirib və yayılan məlumatda qeyd edilir ki, bu cür ritorika Düşənbədə baş tutmuş söhbətin ruhuna tamamilə uyğun gəlmir:
"Əgər Ermənistan baş naziri dürüst olmaq istəyirsə, o zaman onu tam ədalətli olmağa və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarından zor gücünə öz evlərindən qovulmuş yüz minlərlə azərbaycanlıların fundamental hüquqlarının pozulduğunu etiraf etməyə çağırırıq. Məqsədyönlü şəkildə erməni icmasını "Dağlıq Qarabağ xalqı” adlandıran Ermənistan baş naziri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına qarşı etnik təmizləmənin həyata keçirildiyinə göz yumur”.

Mövzu ilə bağlı qəzetimizə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Ermənistanın paytaxtında oktyabrın 11-i və 12-də keçirilən Frankofoniya təşkilatının tədbiri bir sıra neqativ məqamları ilə yadda qaldı: "İlk növbədə onu nəzərdə tuturam ki, bu sammit çərçivəsində Frankofoniya şəhərciyi təşkil edilib və burada Ermənistan pavilyonu fəaliyyət göstərir. Qondarma "Dağlıq Qarabağ” rejimi həmin pavilyonun tərkibində öz sərgisini təşkil edib. Bu isə tamamilə beynəlxalq qanunlara zidd məsələdir. Bir daha məlum olur ki, Ermənistan dövləti Frankofoniya tədbirindən öz işğalçılıq siyasətini davam etdirmək üçün istifadə edir. İkinci hadisə isə, Fransanın iki şəhərinin merinin qondarma separatçı rejimə səfəri ilə bağlıdır. Əvvəla, onu qeyd edim ki, bu səfərlər Azərbaycan qanunvericiliyinə, eləcə də beynəlxalq hüququn normalarına və prinsiplərinə ziddir. Eyni zamanda bu, Fransa dövlətində yerli özünüidarəetmə orqanlarının beynəlxalq fəaliyyəti ilə bağlı mövcud qaydaların əksinədir və separatçı rejimə legitimlik gətirmək mahiyyəti kəsb edir. Bunu da xüsusilə vurğulamaq lazımdır ki, bu addım Fransanın münaqişənin tənzimlənməsi ilə bağlı vasitəçilik missiyasına daban-dabana ziddir”.
E.Nəsirov qeyd etdi ki, tədbirin açılış mərasimində Ermənistanın baş naziri Paşinyan Düşənbə sammitində Azərbaycan prezidenti ilə əldə etdiyi razılaşmaların ümumi ruhuna zidd bəyanatla çıxış edib: "O həmin bəyanatında qondarma "Dağlıq Qarabağ” rejimindəki erməni icmasını, "Dağlıq Qarabağ xalqı” kimi təqdim edib. Halbuki, belə bir xalq yoxdur. Yalnız Dağlıq Qarabağın erməni və azərbaycanlı icması var. Eyni zamanda Paşinyan belə bir mövqe ortaya qoyub ki, Dağlıq Qarabağ danışıqlar prosesində həlledici səsə malik olmalıdır. Guya Azərbaycan Dağlıq Qarabağın ərazisini istəyir, amma əhalisini istəmir. Bu, göründüyü kimi, cəfəng bəyanatdır. Əvvəla, Azərbaycanın Dağlıq Qarabağa heç bir iddiası yoxdur, çünki bura bizim əzəli, tarixi və hüquqi torpaqlarımızdır. İddiası olan Ermənistandır və Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonu işğal edib. Münaqişə Ermənistan və Azərbaycan münaqişəsidir və burada Dağlıq Qarabağ tərəf kimi olmayıb və ola da bilməz. Çünki bu, Ermənistanın yaratdığı oyuncaq separatçı bir rejimdir. Eyni zamanda qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğundan orada məskunlaşmış erməni icması da bizim vətəndaşlarımız sayılır və onlar da azərbaycanlılar kimi bərabər hüquqlara malikdir. Kim Azərbaycanın qanunlarını qəbul etmirsə, bu halda o, separatçıdır və Azərbaycan dövlətinin həmin insanlara məlum hüquq çərçivəsində yanaşması olmalıdır, burada təəccüblü heç nə yoxdur. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin edildikdən sonra ermənilər azərbaycanlılarla bərabər yaşayacaq və bu ölkəmizin dəyişməz siyasətidir”.

Politoloq Qabil Hüseynli də bildirdi ki, Paşiyanın Frankofoniya tədbirində səsləndirdiyi fikirlər Düşənbə sammitindəki söhbətə tamamilə ziddir: "Onun fikirlərinə görə, guya Ermənistan kömək eləməsə, Azərbaycan Dağlıq Qarabağdakı erməniləri oradan qovub çıxara bilər, hətta sərsəmləyərək soyqırımı haqqında danışıb. Əlbəttə, "Dağlıq Qarabağ xalqı” deyilən bir xalq yoxdur. Orada erməni və azərbaycanlı icması var idi. Dağlıq Qarabağdakı azərbaycanlı icmasını və işğal edilmiş yeddi rayonun 1 milyon əhalisini oradan qovub çıxaran Ermənistanın silahlı qüvvələri olub. Həmçinin bu etnik təmizləmə nəticəsində Xocalı, Qaradağlı və Bağanis-Ayrım kimi soyqırımları törədiblər. Ümumiyyətlə, Paşinyan ermənilərə məxsus olan yalan danışmağı, əzab çəkmiş erməni xalqının obrazını yaratmağı sevir. Düşənbədə razılıq əldə olunmuşdur ki, Ermənistan Minsk qrupu çərçivəsində danışıqlar prosesinə qayıdır, Dağlıq Qarabağ bu prosesdə iştirak etmir. Amma Paşinyan Frankofoniya tədbirindəki çıxışında bildirir ki, guya Dağlıq Qarabağdakılar ayrıca bir xalqdır və danışıqlarda birbaşa iştirak etməlidirlər. O, yenə də "köhnə hava”nı oxumağa başlayıb. Paşinyan Düşənbədə əldə edilmiş razılaşmanı ciddi şəkildə pozdu”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər