AZE | RUS | ENG |

Paşinyan əleyhdarlarından qisas almaqda davam edir

Paşinyan əleyhdarlarından qisas almaqda davam edir
Əvvəllər Nikolun əleyhinə çıxan deputatın 4 qardaşı həbs olunub

Ermənistan parlamentində sabit çoxluq əldə edilmədiyindən ölkədə fors-major, yəni Konstitusiyadan kənar vəziyyət yaranıb. Bunu Seçki Məcəlləsinə dəyişikliklər layihəsini millət vəkillərinə təqdim edən ədliyyə naziri əvəzi Artak Zeynalyan deyib. O, məhz buna görə hökumət tərəfindən Seçki Məcəlləsinə ən tez zamanda dəyişikliklərin edilməsinin təklif edildiyini bildirib. Ermənistan parlamentinin dünən keçirilən birinci səsverməsində dəyişikliklərin  72 saat ərzində müzakirə və qəbulu təklifi qəbul edilməyib. Parlamentin mövcud nizamnaməsinə əsasən, eyni qanun layihəsi ikinci oxunuşda 2 həftə ərzində, yaxud fövqəladə iclas zamanı qəbul edilə bilər. İnqilab eyforiyasının təsiri altında olan erməni cəmiyyəti hazırda seçki həyəcanını yaşayır. Populyarlığının bir növ dadını çıxaran Nikol Paşinyan indidən özünü növbədənkənar parlament seçkilərinin qalibi hesab edir. Onun parlamenti də ələ keçirəcəyi heç kimdə şübhə doğurmur. Ancaq məsələ ondadır ki, bu pik reytinq müvəqqətidir və Paşinyan da bunu bilməmiş deyil. Elə onun da tez bir zamanda seçki keçirmək istəyi bununla bağlıdır. Məsələ ondadır ki, real islahatların olmaması və mövcud iqtisadi çətinliklər səbəbindən vəziyyət yaxın gələcəkdə dəyişə bilər. Bunu tək hakimiyyətin əleyhdarları deyil, kütləvi informasiya vasitələri və ekspertlər də açıq şəkildə bildirirlər.
 
 
 
N.Paşinyan da qarşısında duran çağırışları anlayaraq, tez bir zamanda seçkilərə getmək qərarına gəlib. Özü də erməni baş nazir məqsədinə çatmaq üçün bütün dəyərlərdən imtina edir. Məsələn, indiyə qədər iş adamı Qaqik Çarukyanı "oliqarx” adlandırsa da, sonuncu onun tərəfinə keçdikdən sonra "iri mülkiyyətçi” olub. Ötən gün isə parlamentinin eks-deputatı Arakel Movsisyanın (Şmays) 4 qardaşı - Murad, Zərzan, Saak və Lev həbs etdirib. Bu barədə məlumatı "Sputnik Ermənistan” yayıb. Onları Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının həbs etdiyi bildirilib. Hələlik bu şəxslərə qarşı hansı maddə üzrə iş qaldırıldığı açıqlanmayıb. Qeyd edək ki, bundan öncə Movsisyanın evində axtarış aparılıb. Onun da vaxtilə N.Paşinyana qarşı çıxdığı bildirilir.
 
 

Yeri gəlmişkən, oktyabrın 21-də Ermənistanın dörd iri şəhərində növbədənkənar meriya seçkiləri keçirilib. Şəhərlərdən üçündə sensasion dərəcədə aşağı seçici aktivliyi müşahidə edilib. Baş nazir səlahiyyətlərini icra edən Paşinyan "məxməri inqilab”dan danışaraq, Eçmiədzin və Armavirdə öz əhatəsində olan namizədləri dəstəkləsə də, bu şəhərlərdə də aktivlik xeyli aşağı olub. Ermənistan Mərkəzi Seçki Komitəsinin məlumatına görə, Eçmiədzində seçki məntəqələri bağlanan ərəfədə seçicilərin yalnız 34,95 faizi səsvermə hüququndan istifadə edib. Armavir isə daha aşağı göstərici qeydə alınıb. Belə ki, burada seçicilərin göstərilən vaxt ərzində yalnız 34,62 faizi öz səsvermə hüququndan istifadə edib. Razdan şəhərində isə fəallıq 36,82 faiz olub. Razdanda N.Paşinyanın Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Sasun Mikayelyanın oğlu Sevak Mikayelyan qalib gəlib. O, 68,9% səs toplayıb. Armavir vilayətinin mərkəzi Armavir şəhərində isə seçkini hazırda merin səlahiyyətlərinin müvəqqəti icraçısı David Xudatyan qazanıb. Xudatyan N.Paşinyanın əsas tərəfdarlarından biri kimi tanınır. Eçmiədzində də Vətəndaş Müqaviləsi Partiyasından Diana Qasparyan qalib gəlib. Sünik vilayətinin mərkəzi Qafanda keçirilən seçkidə mer vəzifəsinin müvəqqəti icraçısı Narek Babayan qalib gələ bilməyib. Seçkini bitərəf sahibkar Gevork Parsyan qazanıb. Qeyd edək ki, ötəngünkü seçki Ermənistan tarixinin ən aşağı seçici aktivliyi kimi tarixə düşüb. Paşinyanın cidd-cəhdlə apardığı kampaniyaya baxmayaraq, seçicilərin 65 faizi səsvermədə iştirak etməyib.
 
 

"Vestnik Kafkaza” yazır ki, Ermənistanda vəziyyətin hansı ssenari ilə inkişaf edəcəyini Moskvada da diqqətlə izləyirlər. "Axı söhbət təkcə tarixən bir-biri ilə bağlı olan iki ölkədən deyil, həm də KTMT və Avrasiya İqtisadi İttifaqında təmsil olunan iki müttəfiqdən gedir”,- deyə məqalədə bildirilir. Artıq Paşinyan Kremlə və onun qurduğu qurumlara sadiq qalacağını bildirir. Avrasiya Həftəsi Forumunda çıxışı zamanı o deyib ki, Ermənistan Avrasiya İttifaqının İranla quru sərhədi olan yeganə üzvüdür. "Mehri azad iqtisadi zonası ticarət əlaqələrinin inkişafı üçün əlavə stimul verir”, – deyə o bildirib. 

Qeyd edək ki, bundan öncə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent ABŞ-ın Yerevana İranla ticarət məsələsində heç bir güzəşt tətbiq etməyəcəyini deyib. O, xüsusilə İranla ticarət əlaqələri quran şirkətlərin ABŞ sanksiyalarından yaxalarını qurtara bilməyəcəyini vurğulayıb. Bir sıra ekspertlər də Boltonun Yerevana səfəri zamanı əsas müzakirə mövzusunun Ermənistanın İranla bağlı mövqeyini öyrənmək olacağını bildiriblər. Məhz bunun əsasında ABŞ hökumətinin Ermənistana yönəlik siyasətini müəyyənləşdirəcəyi açıqlanıb.
 
Azər NURİYEV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163