• cümə, 19 Aprel, 03:01
  • Baku Bakı 18°C

Paşinyan diktatorluqda ittiham olunur

14.10.19 18:27 1192
Paşinyan diktatorluqda ittiham olunur
Bir vaxtlar "demokrat” imici ilə özünü cəmiyyətə sırımağa can atan erməni baş nazir Nikol Paşinyan artıq diktator kimi qələmə verilir. Əgər baş naziri indiyə qədər ənənəvi olaraq erməni mediası tənqid edirdisə, indi artıq marafonu xaricdəki erməni mediası ələ alıb. "Konstitusiya Məhkəməsinin (KM) işinə qarışmaqla Nikol Paşinyan diktaturaya doğru gedir” - bunu erməni diasporunun qocaman nəşrlərindən hesab edilən "Armenian Mirror-Spectator”da beynəlxalq hüquq üzrə ekspert Raffi Kalfyan yazıb.
O bildirib ki, Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsini heç vaxt "inqilab” hesab etməyib. Ardınca da iki səbəb göstərir: "Birincisi, Serj Sarkisyan hakimiyyəti qansız-qadasız təhvil verməklə çox müdrikcəsinə hərəkət etmiş oldu. İkincisi isə, Paşinyanın komandası əvvəlki hakimiyyətdə təmsil olunanlardan siyasi mənada yalnız korrupsiyaya qarşı mübarizəni gücləndirməsi ilə seçilir”. Kalfyan xatırladır ki, Paşinyan əvvəlki rejimi ölkənin bütün bədbəxtliklərinin səbəbkarı olmaqda ittiham edir, lakin axı onun özü də günahsız deyil. Məsələn, xanımı Anna Akopyan iş adamları Artak Sarkisyan və Samvel Aleksanyandan "Mənim addımım” partiyasına və "City of smile” fonduna pul toplamaqla məşğuldur. Halbuki, Paşinyan özü müxalifətdə olarkən adları çəkilən sahibkarları ən müxtəlif fondlara vəsait köçürməkdə ittiham edirdi. Beynəlxalq ekspert belə bir halı o qədər də yaxşı nümunə hesab etmədiyini yazıb.
Kalfyan əlavə edib ki, Paşinyan öz kampaniyasını Serj Sarkisyanın institusional səlahiyyətlərinə qarşı çıxmaqla qurub. Onun qənaətincə, indi Ermənistan rəsmən prezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçib. "Lakin Paşinyan beləliklə, əvvəl prezidentin malik olduğu səlahiyyətlərdən daha böyük hakimiyyət əldə edib. Beş nazirliyi ləğv edib özünün şəxsi səlahiyyətlərini daha da möhkəmləndirib”, - deyə erməni ekspert bəyan edib. Daha sonra belə bir sualla çıxış edir: "Paşinyanı hakimiyyətin konsentrasiyası siyasəti aparmağa nə vadar edir - ətrafdakılara inamsızlıq, hakimiyyəti bölüşməmək və ya əvvəlki rejimin geri dönəcəyi qorxusu? Ola bilsin bu, bütün bu faktorların birləşməsidir. Paşinyanın komandası saray adamlarından, tənqidi yanaşma və yaxud təcrübəsi olmayan şəxslərdən ibarətdir”. Ekspert diqqəti daha sonra başqa bir məsləyə yönəldir – Paşinyanın qanunçuluğa, demokratiyaya və bərabər hüquqlara hörmət bəyanatları çox halda üst-üstə düşmür. Sübut kimi də baş nazirin əvvəlki liderlər Robert Koçaryan və Serj Sarkisyanın erməni siyasətində iştirakları ilə bağlı mövqeyini göstərir. Onun sözlərinə görə, belə məsələlər seçki qutularında həlini tapmalıdır. İkincisi, Paşinyanın kilsə işlərinə heç bir əsas olmadan qarışmasının da hüquqi əsas yoxdur.
Yeri gəlmişkən, Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyanın "şeytanın vəkili” adlandırdığı (sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyan nəzərdə tutulur) Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanla baş nazir Nikol Paşinyan arasında mübarizə artıq kulminasiya nöqtəsinə çatır. Hökumət başçısının "Mənim addımım” parlament fraksiyasının məhkəmə sədrinin səlahiyyətlərinə xitam verilməsi barədə qərarına KM-də oktyabrın 15-də baxıla bilər. KM-in nümayəndəsi qanunla parlamentin qərarına 30 gün müddətində baxıla biləcəyini qeyd edib. Lakin Paşinyan və onun tərəfdarları hökumətin siyasətini sərt tənqid edən Tovmasyanın tez bir zamanda vəzifədən kənarlaşdırılmasında təkid edirlər. Məhkəmədən daxil olan məlumatlar isə söyləməyə əsas verir ki, yüksək məhkəmənin hakimləri parlamentarilərin müraciətinə baxmaqdan imtina edə bilərlər. Xatırladaq ki, hakimiyyət nümayəndələri Tovmasyanın sabiq prezident Koçaryanın işi üzrə məhkəmə iclasında iştirakını qanunsuz hesab edirlər. Onlar bildirirlər ki, Konstitusiya Məhkəməsinin sədri ölkənin üçüncü prezidenti Serj Sarkisyanın partiyasının tərəfdarıdır və siyasi sifarişləri yerinə yetirir. Bundan başqa, bu yaxınlarda KM sədrinin bacısı – jurnalist Anjela Tovmasyan da Paşinyanın Dağlıq Qarabağla bağlı bəyanatlarını tənqid etdiyi üçün hakimiyyət tərəfindən təqiblərə məruz qalıb. Onun ofisinə basqın edilib, əleyhinə qarayaxma kampaniyası başladılıb.
Paşinyan üçün növbəti problem onun rəhbərlik etdiyi blokda yarana bilər. "7 deputat Ermənistanın hakim "Mənim addımım” koalisiyasından çıxmağa hazırlaşır”. Bu məlumatı "Qraparak” qəzeti yayıb. Məlumata görə, deputatlar koalisiyadan kənarda yeni partiya yaradacaqlar. Qəzet deputatların tezliklə bəyanat yayacaqlarını açıqlayıb. Öz növbəsində, Ermənistanın "Milli Həmrəylik” Partiyasının lideri Aram Harutyunyan baş nazir Nikol Paşinyanın işğal altındakı Dağlıq Qarabağda keçiriləcək "seçkilər” öncəsi istefasından danışıb. A.Haruturyan bu haqda "Ermənistanın səsi” qəzetinə verdiyi müsahibəsində açıqlayıb. Politoloq qeyd edib ki, Paşinyanın rəhbərlik etdiyi hakimiyyət qarşıdakı seçkilərə müdaxilə etmək və öz adamlarını separatçıların rəhbərliyinə gətirmək niyyətindədir. "Bu planların gerçəkləşəcəyi təyin olunmur, Paşinyan Qarabağdakı seçkilərdən əvvəl istefaya gedəcək”, - deyə Harutyunyan bildirib. Harutyunyan öz mövqeyini Ermənistandakı siyasi qüvvələrin vaxt itirməməsi ilə izah edib: ölkə dağılmağa doğru gedir. O, eyni zamanda, Paşinyanın hərbi əməliyyatlar baş verəcəyi təqdirdə, özünü sığortalamaq cəhdini səsləndirib. "Milli Həmrəylik” Partiyasının lideri vurğulayıb ki, hökumət başçısı Qərb qüvvələrinin iradəsini dərk edərək Ermənistanı Azərbaycanla müharibəyə sövq edir”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər