• çərşənbə axşamı, 22 oktyabr, 14:44
  • Baku Bakı 13°C

Paşinyan “demokratiyası”nın iç üzü

23.04.21 19:30 687
Paşinyan “demokratiyası”nın iç üzü
Azərbaycan xarici siyasətində Qərbə inteqrasiyanı əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. Bu mənada ölkəmiz Avroatlantik strukturlarla əlaqələrin genişləndirilməsi istiqamətində olduqca mühüm işlər həyata keçirib. Müstəqillik əldə edildikdən sonra Azərbaycanın Avropa Şurası, ATƏT, NATO kimi beynəlxalq təşkilatlarla əlaqələri dinamik inkişaf edib, bəzi sahələrdə isə hətta strateji əməkdaşlığın təməli qoyulub. Prezident İlham Əliyevin Azərbaycanın AŞPA-dakı parlament nümayəndə heyətinə rəhbərlik etdiyi bir vaxtdan nümayəndə heyətimizin fəal işi sayəsində Azərbaycan həqiqətləri, eyni zamanda, Qarabağ münaqişəsi ilə bağlı reallıqları Avropa ictimaiyyətinə çatdırmaq mümkün oldu. Bu fəaliyyətin nəticəsi olaraq AŞPA Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər də qəbul etdi, həmin sənədlərdə Dağlıq Qarabağın ölkəmizin ayrılmaz tərkib hissəsi olduğu göstərildi.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.
Politoloq bildirib: "Bütün bunları əsas tutaraq Prezident İlham Əliyev hər zaman vurğulayır ki, bütün tərəfdaşlar bizimlə səmimi davranmalıdırlar, çünki səmimiyyət və dostluq qarşılıqlı olmalıdır. Eyni zamanda, qeyd olunmalıdır ki, AŞPA-ya üzv olmaq da bizim üçün asan olmayıb. Bütün bunlara baxmayaraq, güclü və müstəqil bir Azərbaycanın mövcudluğunda maraqlı olmayan və erməni lobbisinin təsiri altına düşmüş bu qurum zaman-zaman bizim haqqımızda əsassız ittihamlar irəli sürüb, bizi yersiz tənqidlərə məruz qoyub. Bu iclasda da eyni tendensiya müşahidə olundu… Belə ki, bu günlərdə Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası keçirilir və bu dəfə də Soros AŞPA-da maliyyələşdirdiyi, beləliklə, oyuncaq funksiyası daşıyan erməni deputatlarının əli ilə Azərbaycanı hədəfə alır. Bu gün heç kimə sirr deyil ki, Soros "demokratiya” pərdəsi altında cəmiyyətlərə və dövlətlərə sirayət edərək, onları öz maraq dairəsinə salır, əl altından onların diktəsini icra edəcək insanlar yetişdirməklə məşğul olur. Lakin Prezident İlham Əliyevin milli maraqları əsas tutması fonunda Azərbaycanda bu cəhdlərin qarşısı alınıb və onların fəaliyyəti qeyri-mümkün olub”.
Ş.Həsənova vurğulayıb ki, Soros inqilabı reallaşdırmağa müvəffəq olduğu ölkələrdə onların maddi sərvətlərini talayır, insanlarının isə beynini yuyur…Bu səbəbdən də rəsmi Bakı illər əvvəl Sorosun tör-töküntülərinin ölkəmizdəki fəaliyyətinə son qoydu. Dövlətimizin başçısı özü də dəfələrlə bildirib ki, biz heç bir dövlətin, ya da beynəlxalq təşkilatın diktəsi ilə deyil, milli maraqlarımızı əsas tutaraq müstəqil siyasət yürüdürük. Diktə ilə siyasət baş tutmayanda qruplaşma yaratmağa cəhd etdilər ki, bunun da qarşısı alındı. Bu da baş tutmadığı üçün ölkəmizə qarşı şər-böhtana, qarayaxma kampaniyasına əl atdılar. Bu ərəfədə isə Ermənistanda Sorosun dəstəklədiyi Paşinyan hakimiyyətə gəldi. Paşinyanın hakimiyyəti dövründə Sorosun maliyyələşdirdiyi QHT-lərin nümayəndələri hakimiyyətdə postlar tutmağa başladı. Burada faktlar dilə gəlir. Soros Ermənistanda praktiki olaraq bütün sahələri əhatə edən (KİV, jurnalist araşdırmaları, siyasi təşkilatlar, gənclər siyasəti, insan hüquqlarının müdafiəsi, təhsil, elm və s.) 60 QHT-ni maliyyələşdirməyə başladı. Bu gün də Soros Fondunun Ermənistan hakimiyyəti ilə əlaqələrinin belə sıx olması erməni lobbisi və əlaltılarının əl-qolunu daha da açaraq anti-Azərbaycan və anti-Türkiyə fəaliyyəti aparması onun maraqları ilə uzlaşır. Belə ki, 44 günlük Vətən müharibəsi dövründə mülki şəxslərin öldürülməsinə susan dairələri Hərbi Qənimətlər Parkı o qədər qıcıqlandırıb ki, yenə də ikili standartlar nümayiş etdirirlər. AŞPA-da Soros tərəfindən maliyyələşən deputatlar bu istiqamətdə dünya ölkələrindəki praktikanı və parkları unudaraq heç bir əsas olmadan Parkın bağlanmasını tələb edirlər. Qondarma "erməni əsirləri” məsələsini gündəliyə gətirən deputatlar da Sorosun dəstəklədiyi deputatlardır. Sorosun "Pulunu ver, xoruzunu banlat” deputatları ya unudurlar, ya da ümumiyyətlə bilmirlər ki, müharibə bitdikdən sonra ələ keçirilən qruplaşma hərbi əsir yox, terrorçu diversantlardır…
"Bütün bunları əsas götürərək, deyə bilərik ki, Sorosun siması elə onun öz məhsulu olan N.Paşinyanın avtoritar idarəçiliyində də əksini tapır. Belə ki, ölkədə vətəndaş cəmiyyətinə, vətəndaşlara qarşı basqılar həyata keçirilir, aksiyalar zor və güc tətbiq olunaraq dağıdılır, təşkilatçıları isə həbs edilirlər. Bu günlərdə Yerevanda fəal dəstə Paşinyanın Nazirlər Kabinetinin binasına girişinə mane olmaq üçün özlərini giriş darvazasına qandallasalar da, polis dərhal bunun qarşısını aldı və aksiyada iştirak edən hər kəs tutuldu. Digər bir fakt, Paşinyanın Mehri şəhərinə səfəri çərçivəsində etirazla qarşılandığı üçün şəhərin meri Mxitar Zakaryan haqqında cinayət işi açıldı. Beləliklə, bu gün Ermənistanda baş verənlər, əslində, Sorosun dəstəyi ilə hakimiyyətə gələn Paşinyan və fundamental olaraq Soros "demokratiyası”nın əsl iç üzüdür”, - deyə politoloq əlavə edib.
banner

Oxşar Xəbərlər