• cümə, 29 Mart, 02:38
  • Baku Bakı 7°C

Paşinyan bu dəfə Sarkisyanın qudasını hədəfə aldı

16.07.19 18:26 24646
Paşinyan bu dəfə Sarkisyanın qudasını hədəfə aldı
"Məxməri inqilab” müəllifləri çevrilişdən sonra sadə erməniləri inandırmağa çalışırdılar ki, qısa zaman kəsiyində ölkədə korrupsiyanın kökünü kəsəcəklər. Hətta inqilabın lideri belə bir bəyanat səsləndirmişdi ki, korrupsiyanın kökünü kəsmək onun əsas prioriteti olacaq. Lakin üstündən bir ildən də çox müddət keçməsinə baxmayaraq, bu sahədə heç bir irəliləyiş hiss olunmur. Baş nazir Nikol Paşinyanın komandası iddia edir ki, liderlərinin sayəsində bu problemdən canlarını qurtarmaq üzrədirlər. Lakin görünən odur ki, proses nəinki səngiyib, hətta bir qədər də güclənib. Ara-bir populist addımlar atılsa da, problemi kökündən həll etmək mümkün olmur. Hətta erməni sosial şəbəkələrində bu yaxınlarda yayılan xəbərlərdə bildirilmişdi ki, baş nazirin xanımı iş adamlarını yığıb onlardan rəhbərlik etdiyi fonda xərac verməyi tələb edib.

Yeri gəlmişkən, Rusiyanın "Vestnik Kafkaza” nəşri Paşinyan hakimiyyəti dövründə korrupsiyanın nəinki azalmasından, əksinə, əvvəlkindən də çox tüğyan etməsindən bəhs edib. "Erməni reallığının ayrılmaz hissəsi – korrupsiya” başlıqlı məqalədə erməni müəllif əvvəlcə xatırladır ki, SSRİ dağıldıqdan sonra bahalı villalar və avtomobillərə malik olmaq Ermənistanda dövlət məmurlarının adi və gündəlik həyatının ayrılmaz elementinə çevrilib: "Belə görünürdü ki, Ermənistanda korrupsiyalaşma sisteminin qarşısını almaq mümkün olmayacaq. 2018-ci ilin may ayında hakimiyyət dəyişikliyindən sonra erməni cəmiyyətində ədalətin bərqərar olacağına bir ümid yarandı. N.Paşinyan dövlət idarələrində kök salmış natəmiz, ucuz populizmlə maskalanmış məmurlara qarşı mübarizənin başlandığını elan etdi. Düzdür, bir müddət Ermənistanda hakimiyyət dəyişikliyi əvvəlki hakimiyyətdə təmsil olunan onlarla keçmiş dövlət məmuruna qarşı qalmaqallı antikorrupsiya işlərinin başlanması ilə müşayiət olundu. Onların sırasında ən gurultusu general Manvel Qriqoryanla bağlı başladılan cinayət işi oldu. Lakin bu hal yalnız aysberqin piki idi, çünki korrupsiya halları ayrı-ayrılıqda aradan qalxmayıb. Bu səbəbdən də cəmiyyətdə belə bir fikir formalaşıb ki, yeni hakimiyyət də müasir Ermənistanın ən köklü problemini həll etməkdə gücsüzdür”. Məqalədə qeyd edilir ki, Ermənistanın korrupsiya problemi tək yol-patrul xidməti əməkdaşlarının rüşvət almaları faktları ilə məhdudlaşmır, daha da mürəkkəbdir.
"SSRİ dağıldıqdan sonra gənc dövlətə bazar münasibətlərinə keçid dövründə etibarlı kapitalist sinfi gərək idi. Lakin müharibə və Qarabağdakı işğalçı müharibə ictimaiyyətin diqqətini daha çox cəlb etdi. Nəticədə dövlət aparatı, dövlət idarəçilik institutları tədricən ya iri biznes institutları ilə, ya da onların nümayəndələri ilə birləşdilər. Koçaryan və Sarkisyanın quldur hakimiyyətləri dövründə məmurları iri oliqarxlarla daha çox ümumi maraqlar birləşdirir, ya da onların özləri üçüncü şəxslər hesabına biznes sahiblərinə çevrilirdilər. İndi cəmiyyətdə güclü qütbləşmə və orta təbəqənin yoxa çıxmasından bəhs edən baş nazir təsdiq etmək istəmir ki, erməni məmur təbəqəsinin korrupsiyalaşması erməni kapitalının obyektiv maraqları ilə şərtlənir. Lakin Paşinyan bütöv bir sinfə müharibə elan etməyə qərar verə bilmir. Sadəcə bir sıra şirkətlərin (Ermənistan elektrik şəbəkələri və s.) ziyanla işlədiyini, ayrı-ayrılıqda bəzi məmurlara qarşı cinayət işlərinin başlandığını elan etməyə üstünlük verməyə çalışır. Faktiki olaraq erməni xalqı inkişaf etmək hüququndan məhrum edilib. Belə ki, çoxsaylı infrastruktur şirkətləri öz şəxsi maraqlarını güdən ayrı-ayrı şəxslərin əlində cəmləşib” - deyə məqalədə bildirilir.


Daha sonra vurğulanır ki, "erməni ictimaiyyəti Nikola tam etibar etdiyindən hakimiyyətin devrilməsinə dəstək verdi. Paşinyan və onun komandası idarəçiliyin universal bir formasını axtarmağa çalışır. Hətta bəzən ən qeyri-adi qərarlar və addımlar atmaqdan da çəkinmir. Söhbət bu yaxınlarda baş nazirin məhkəmə binalarını mühasirəyə almaq və ələ keçirmək barədə çağırışından gedir. Baş nazir belə bir şüar irəli sürür – "Biz öz ölkəmizin vətəndaşlarıyıq”. Lakin o, "biz” dedikdə nəyi nəzərdə tutduğunu dəqiqləşdirmir. İndiki hakimiyyət etiraf etmək istəmir ki, ölkədə müstəqil məhkəmə hakimiyyəti mövcud deyil, hakimlər permanent pressinq altındadırlar. Yeni Ermənistana yüzlərlə həkim, hakim, məmur, general, hətta reputasiyası korrupsiya qalmaqalları ilə müşayiət olunan nazirlər miras qalıb. Mart ayında rüşvət alan yerdə səhiyyə nazirinin müavini Arsen Davityanı həbs ediblər. Təəccüblüdür, amma rüşvət verən şəxs periantologiya mərkəzinin direktoru Razmik Abramyan olub. O da bəlli olub ki, Kotaysk vilayətinin hakimi Qaqik Qeboyan da iri məbləğdə rüşvət alarkən həbs edilib. Dekabr ayında Ermənistan milli təhlükəsizlik xidməti Dövət Gəlirləri Komitəsinin əməkdaşını rüşvət alarkən həbs edib. Hakimiyyət etiraf edir ki, rüşvətxorluqdan yaxa qurtarmaq mümkün deyil, sadəcə, onun miqyasını azaltmaq olar”.

Müəllif əlavə edir ki, hazırda Ermənistanda kadrların cəlb edilməsi məsələsində məhdudiyyətlər var. Belə ki, korrupsiyaya qarşı mübarizə aparan qurumların əməkdaşları özləri bizneslə məşğul ola, korrupsiya əməliyyatlarına cəlb oluna bilərlər: "Baş nazir insanları həbsxanaya salmağın tərəfdarı deyil, daha ağıllı qərar kimi korrupsionerlərdən oğurladıqları maliyyəni geri almağı seçir. Məsələn, Yerevanda məhkəmə bir neçə gün əvvəl Serj Sarkisyanın qudası, 2018-ci ilin iyulun sonuna qədər Müqəddəs Qriqori adına tibb mərkəzinə rəhbərlik edən Ara Minasyanı iqtisadi cinayətlərdə təqsirli bilərək qiyabi həbs edib. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Qeyd olunub ki, hazırda Sarkisyanının qudası axtarışa verilib. Ara Minasyan dövlətə 1,9 milyon dollar ziyan vurmaqda, 152 min dollar məbləğin mənimsəmə və israf etmədə, ağır nəticələrə səbəb olan kommersiya və ya digər təşkilatların səlahiyyətlərindən sui-istifadədə, bir qrup şəxslə əlbir olaraq sənədlərin saxtalaşdırılmasında təqsirli bilinir. Məlumata görə, onun pulunu alıb buraxacaqlar”.


Azər NURİYEV


banner

Oxşar Xəbərlər