• şənbə, 20 Aprel, 05:10
  • Baku Bakı 15°C

Paşinyan baş nazirliyə iddialıdır

24.04.18 17:53 575
Paşinyan baş nazirliyə iddialıdır
Ermənistanda diktator Serj Sarkisyanın devrilməsindən sonra gərginlik bir qədər səngiyib. Dünən ermənilərin başı qondarma soyqırımlarına qarışdığından müzakirələrin bu gün davam etdirilməsi barədə razılıq əldə olunub. Ermənistan parlamentinin sədri Ara Babloyan bildirib ki, hökumətlə müxalifət arasında danışıqlar aprelin 25-də keçiriləcək. Növbəti baş nazirin kimliyi barədə cəmiyyətdə də geniş müzakirələr gedir. Bu posta Karen Karapetyanın, eləcə də Nikol Paşinyanın namizədliyinin irəli sürüləcəyi gözlənilir. N.Paşinyan bildirib ki, xalq ona belə bir etimad göstərsə, bundan imtina etməyəcək. O deyib ki, indi Ermənistanda hakimiyyət xalqın əlindədir:"Obrazlı desək, buna müqavimət göstərmək əhəmiyyətsizdir”.
N.Paşinyan qeyd edib ki, baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyanla "Mariott” otelində görüşəcək və baş nazir məsələsi ilə bağlıdanışıqları davam etdirəcək: "Mən birmənalı şəkildə vurğulamaq istərdim ki, "məxməri inqilab” yarımçıq qala bilməz. Onu sonadək başa çatdırmaq lazımdır. Ümid edirəm ki, siz tam qələbəyədək onu başa çatdıracaqsınız. Serj Sarkisyan və Respublika Partiyası yaranmış vəziyyət nəticəsində kölgə rejimi ilə dövləti idarə edəcəklərinə ümid etməsinlər və ən yaxşısı bu xülyadan əl çəksinlər”.
Erməni ekspertlər isə artıq hakim Respublika Partiyası üçün arzulanmaz şəraitin yarandığını bildiriblər. Buna səbəb kimi isə erməni iş adamı və parlamentdəki ikinci ən böyük fraksiya olan "Çarukyan” blokunun rəhbəri Qaqik Çarukyanın Serj Sarkisyanın istefasından öncə yaydığı bəyanat göstərilib. Ekspertlər "Çarukyan” blokunun növbəti seçkidə Respublika Partiyasından imtina edəcəyi və bir namizədə dəstək verəcəyini proqnozlaşdırır. "Qraparak” qəzeti Respublika Partiyası ilə bağlı önəmli məlumat yayıb. Qəzet artıq partiyanın daxilində parçalanmaların başladığını deyib. Bu parçalanmaların hətta partiyanı məhvə aparacağı da vurğulanıb. Sarkisyanın istefasından sonra yaranan daha bir maraqlı məqam Paşinyanın qondarma Qarabağ rejiminin rəhbəri Bako Saakyana neytrallığını qoruduğuna görə təşəkkür etməsi olub. Bununla bərabər Saakyanın Sarkisyanın istefasından öncə Yerevanda olması və Qarabağ klanının üzvü ola-ola Sarkisyana dəstək verməməsi bəzi ekspertlərdə çaşqınlıq yaradıb. Üstəlik, Saakyan Ermənistanda təkcə Robert Köçəryanla görüşməyib, onun həm də Ermənistanın digər eks-prezidenti Levon Ter-Petrosyanla da görüşü olub.

Bəs diktatorun getməsi Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı ciddi irəliləyişə gətirib çıxaracaqmı? "Karnegi Avropa” fondunun böyük elmi işçisi, Qarabağ konfliktinin araşdırmaçısı, "Qara Bağ” kitabının müəllifi Tomas de Vaal hesab edir ki, bu istefa Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı ciddi irəliləyişə və böyük bir nailiyyətə gətirib çıxarmayacaq. "Erməni siyasi elitasında dəyişdirilə bilməyən, Azərbaycanla heç bir kompromisə izn verməyən, atəşkəsin gücləndirilməsi üçün təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirən bir razılıq mövcuddur. Zənnimcə, bundan sonra əsas vasitəçinin kim olduğu barədə bəzi qarışıqlıqlar olacaq, çünki əlbəttə, Serj Sərkisyan bu münaqişə və danışıqların bütün detallarını yaxşı bilirdi”, - deyə de Vaal bildirib. Ekspertin sözlərinə görə, münaqişəsinin müzakirəsi artıq öz formatını dəyişəcək: "Danışıqlarda Azərbaycan və Ermənistanın müzakirəsi üçün xüsusi bir qrupun yaradılması lazım olacaq. Artıq bu məsələ XİN rəhbərləri və prezidentlərin görüşü ilə çərçivələnməməlidir”.
Ermənistanı forpostu gözündə görən Rusiya da baş verənlərə maraqlı bir münasibət ortaya qoyub. "Ermənistanda vəziyyət qeri-sabitlik yolu ilə getmir. Kreml bu ölkədə sabitliyinin qorunub saxlanmasına və siyasi konsensusun əldə olunmasına ümid edir”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. "Yerevanda baş verənlər Ermənistanın daxili işidir. Ermənistan bizim üçün çox qiymətli tərəfdaşdır, bizi çox geniş iqtisadi və mədəni əlaqələr bağlayır. Ümid edirik ki, ölkədə sabitlik qorunub saxlanacaq, yaxın gələcəkdə erməni xalqını təmsil edən bütün qüvvələrin konsensusuna çevriləcək siyasi konfiqurasiyanın cizgiləri meydana çıxacaq", - deyə Kremlin sözçüsü vurğulayıb. Onun qənaətincə, Ermənistanda baş verənlərlə Ukraynadakı dövlət çevrilişi arasında paralellər aparmaq düzgün yanaşma deyil. "Mən paralellər aparmazdım, çünki istənilən halda, vəziyyət tamamilə fərqlidir. Çətin ki, burada birbaşa paralellər aparmaq imkanı olsun. Əlbəttə, hələ vəziyyət təhlil edilməlidir. Bir daha təkrar edirəm, biz hadisələri çox diqqətlə izləyirik”, - Peskov bildirib.
Ən maraqlı münasibət isə Belarus prezidenti Aleksandr Lukaşenkodan gəlib. O bildirib ki, Belarus Ermənistandakı daxili siyasi situasiyanın həllində yardıma hazırdır. "Erməni xalqına arzu edirəm ki, bu situasiyadan çox təsirlənməsinlər. Ona görə ki, hakimiyyəti dəyişmək asandır, amma sonra nəticə əldə etmək lazımdır. Xalq bunu gözləyəcək. Ermənistan Belarus üçün yad ölkə deyil. Bizim hər ikimiz Avrasiya İttifaqına üzvük”, – deyə o bildirib.
Rusiyalı politoloq Nikita Qolobokov isə deyib ki, Ermənistanda vəziyyət təsadüfən kəskinləşməyib: "Serj Sarkisyanın baş nazir təyin edilməsi yürüdülən siyasətdən, iqtisadi durğunluqdan yorulan əhalini özündən çıxartdı”. Onun sözlərinə görə, 2015-ci ildə Yerevanda baş verən "elektromaydan” və 2016-cı ildə "Sasna Tsrer” silahlı qruplaşmasının qiyamı bütün Qarabağ klanı üçün olmasa da, Sarqsyan üçün artıq yenidən hakimiyyətə can atmağın problemli olacağını düşünməyə əsas verirdi.
Ekspert əlavə edib ki, "Qarabağ klanı”nın mövqeləri hələ də çox güclüdür və onlar çətin ki hakimiyyətdən uzaqlaşmaq istəyələr:"Karen Karapetyan da eyni klandandır. Sarkisyanın gedişinin maskarad olub-olmadığı çətin sualdır. Çünki müxalifətin fikri qətidir və onlar belə dəyişikliklə razılaşmayacaqlar”. Politoloq həmçinin, NATO yönümlü ermənistanlı sülhməramlılarla Rusiyameyilli ordu arasında açıq qarşıdurmanın olacağını da istisna etməyib:"Əsgərlər də insandır, onlar da siyasətlə maraqlanır və təbliğatın təsiri altına düşürlər. Burada Ermənistandakı ABŞQHT-lərinin fəaliyyəti və erməni diasporunun təsiri böyük rol oynayır. Digər tərəfdən, ölkədə Rusiyanın "yumşaq güc” mexanizmləri, demək olar ki, yoxdur, amma Rusiyanın güclü hərbi bazası var”. N.Qolobokov qeyd edib ki, Krımdakı hadisələr Rusiya üçün MDB ərazisindəki hərbi bazalarını qorumağın nə dərəcədə vacib olduğunu göstərib. "Digər tərəfdən, Kreml Ermənistan cəmiyyətini hirsləndirmək istəmir, buna görə də indi tərəflərdən heç birinin tərəfini tutmadan gözləməyi və sonda qalib gələnlərlə razılığa gəlməyi üstün tutur”,– deyə ekspert vurğulayıb.
Yeri gəlmişkən, Ermənistanın Eçmiədzin şəhərində "Yerkrapa” Müharibə Könüllüləri İttifaqının vitse-prezidenti Nver Ovanisyana qarşı sui-qəsd təşkil olunub. Döş qəfəsindən aldığı bıçaq yarası ilə xəstəxanaya çatdırılan Ovanisyanın həyatını xilas etmək mümkün olmayıb. Onu şəhərdə Serj Sarkisyanın istefası tələbi ilə keçirilən nümayişlərdə iştirak edən etirazçılardan birinin bıçaqladığı iddia olunur. Eçmiədzin meriyasında "Yerkrapa” Müharibə Könüllüləri İttifaqının vitse-prezidentinin öldürülməsində keçmiş deputat Akop Akopyanın adamlarını ittiham ediblər. Eçmiədzin meriyasının mətbuat xidmətinin rəhbəri Məryəm Poqosyanın sözlərinə görə, sui-qəsd hadisəsi Serj Sarkisyanın istefasından bir neçə saat sonra, şəhərdə artıq nümayişlər getmədiyi vaxtda baş tutub. Buna görə də Ovanisyanı mitinq iştirakçısının öldürməsi xəbəri həqiqəti əks etdirə bilməz. "Təxribatçı qrupa keçmiş deputat Akop Akopyan rəhbərlik edirdi. Onlar təxribat etmək istəyirdilər, qeyri-qanuni çağırışlarla çıxış edirdilər, insanları qanunsuz əməllərə təşviq etmək istəyirdilər ki, daha sonra onları döysünlər. Nəticədə Nver Ovanisyan ölümcül yara aldı”, - Məryəm Poqosyan bildirib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər