• şənbə, 20 Aprel, 05:20
  • Baku Bakı 15°C

Paşinyan baş nazir postuna rəsmən namizəd oldu

30.04.18 19:45 740
Paşinyan baş nazir postuna rəsmən namizəd oldu
Ermənistanda proseslər gərgin axarda davam edir. Baş nazir olmaqda israrlı olan müxalifət lideri Nikol Paşinyan sona kimi mübarizə aparmaq niyyətindədir. Dünən artıq "Çıxış” bloku onu baş nazirliyə namizədliyini irəli sürüb. Bu barədə deputat Edmon Marukyan Facebook səhifəsində yazıb. Baş nazirin seçilməsi məsələsi mayın 1-də Ermənistan parlamentinin xüsusi iclasında müzakirə olunacaq. Hakim Respublika Partiyasının parlament fraksiyası baş nazir postuna namizəd irəli sürməyəcəyini bəyan edib. Fraksiyanın rəhbəri Baqram Baqdasaryan vurğulayıb ki, parlamentdə təmsil olunan digər üç siyasi güc bir namizəd irəli sürəcək. Partiya mayın 1-də baş nazir seçilməsinə mane olmayacaq.
Yeganə namizəd Sarkisyan hakimiyyətinin istefası tələbilə etiraz aksiyalarının lideri, müxalif "Yelk” (Çıxış) parlament fraksiyasının rəhbəri Nikol Paşinyandır. Paşinyanın baş nazir vəzifəsinə seçilməsi üçün parlament üzvlərinin 50 faizi+1 - 53 səs lazımdır. Paşinyanın rəhbərlik etdiyi "Yelk” fraksiyasında 9 millət vəkili təmsil olunur. Sayca ikinci (31 millət vəkili olan) "Tsarukyan bloku” parlament fraksiyasının rəhbəri Qaqik Tsarukyan bəyan edib ki, blok "xalqın namizədini” dəstəkləyir və ona da səs verəcək. ERP ilə təşkil etdiyi koalisiyanı ötən həftə tərk etmiş Daşnaksutyun Erməni İnqilabi Federasiya fraksiyası da Paşinyana 7 səs verə bilər. Hətta bu halda Paşinyanın baş nazir vəzifəsinə seçilməsi üçün ən azı daha 6 səs çatışmır. Paşinyan çatışmayan səslərin 58 nəfərdən ibarət Respublika fraksiyasından alacağına ümid edir. "Çox güman ki, hakim ERP fraksiyasının bir sıra üzvləri mayın 1-də xalq namizədinin baş nazir seçilməsinə səs verər”, - bazar günü mitinqdə Paşinyan bəyan edib.
Parlamentdəki görüşlərdən sonra Paşinyan Yerevanın Şenqavit rayonunda Qaregin Njde meydanında toplaşan tərəfdarları ilə Respublika meydanına axşam mitinqinə yollanıb.
Yeri gəlmişkən, ikigünlük fasilədən sonra Yerevanda vətəndaş itaətsizliyi aksiyaları bərpa edilib. Bu iki gün ərzində etiraz aksiyaları Ermənistanın digər şəhərlərində təşkil edilib. Paşinyan kütləvi aksiyaları "xalq hərəkatı” adlandırıb. Doğma İcevan şəhərində yerli sakinlər qarşısında çıxış edən Paşinyan deyib ki, Ermənistan klan hakimiyyətindən qurtulmalıdır: "Karapetyanın baş nazir vəzifəsində qalması qeyri-məqbuldur. Vətəndaşlar, xalq Karapetyana başa salmalıdır ki, o, daha baş nazir ola bilməz, çünki respublikaçının baş nazir ola biləcəyi ölkə artıq mövcud deyil. Bu, başqa bir Ermənistandır”.
N. Paşinyan baş nazir seçiləcəyi halda görəcəyi işlərdən danışıb: "Bizim vaxtımız az olduğundan ilk gündən azad, ədalətli və qanuni seçkilər əsasında hökumət formalaşdırmağa başlamalıyıq. Bizim atacağımız ilk addım yığılıb qalmış, çoxsaylı problemlərin həll edilməsidir. Vacib işlərdən biri də sabit işgüzar şəraitin yaradılmasıdır. İndi mən ancaq baş nazir vəzifəsinə namizədəm. Baş nazir olandan sonra hökumətin tərkibi məsələsini müzakirə edəcəyik. Biz məsələləri bir-biri müzakirə etməliyik. İkinci addımım 15 gün müddətinə yeni hökumətin formalaşdırılmasıdır.
Tələbə etirazının lideri David Petrosyan "Reuters”ə deyib ki, onlar məqsədlərinə nail olub qələbəyə yaxınlaşmaqdadırlar. Belə ki, ölkənin əsas siyasi partiyaları Karen Kapapetyanı baş nazir postuna namizəd irəli sürməyəcəklər.
Bu arada ABŞ Dövlət Departamenti Ermənistanda yaranmış vəziyyətlə bağlı bəyanat verib. Bəyanatda deyilir ki, Vaşinqton hadisələri diqqətlə izləyir: "Biz Ermənistanın dostu kimi bütün partiyaları Konstitusiyaya uyğun şəkildə yeni hökumətin təşkili naminə xoş məramlı danışıqlara qoşulmağa çağırırıq”. Departamentin bəyanatında bu da qeyd olunur ki, Vaşinqton prezident Armen Sarkisyanın tərəflər arasında danışıqlara vasitəçilik etmək səylərini dəstəkləyir. Bəyanatda xatırladılır ki, ABŞ həm təhlükəsizlik qüvvələrinin, həm də dinc etiraz hüququndan istifadə edənlərin zorakılığa əl atmayacaqlarına inanır.
Böyük Britaniyanın "İndependent”qəzeti yazır ki, Moskvanın hələ də köhnə rejimi dəstəklədiyi hiss olunur, amma buna baxmayaraq, Kreml təmkinini pozmur. Digər tərəfdən, Moskvanın emissarları Ermənistana aramsız məxfi səfərlər edirlər. Bəzi məlumatlara görə, bunların arasında Putin administrasiyasının başçısı, milliyyətcə eston Anton Vayno da olub. Hadisələr başlayandan kənarda qaldığı iddia edilən Robert Köçəryan da növbəti bəyanat səsləndirib. Ermənistanın ikinci prezidenti NTV kanalında yanımlanan "İradə Zeynalova ilə həftənin nəticələri" proqramında baçş verənlərə münasibət bildirib: "Paşinyan nə tələb edir? Hakimiyyəti mənə indi verin. Amma hakimiyyət çamadan deyil ki, kimsə onu götürsün və Nikol Paşinyana versin. Bu konkret insanlardır, bu parlamentdir, bu deputat korpusudur, onların öz mənliyi var. Böyük bir insan kütləsini məcbur, şantaj etmək, öz vicdanına, siyasətdə öz baxışları, öz təsəvvürləri əleyhinə getməyə məcbur etmək, düşünürəm ki, tam sonuncu tədbirdir".
Azər
banner

Oxşar Xəbərlər