• çərşənbə axşamı, 23 aprel, 23:18
  • Baku Bakı 20°C

Paşinyan baş nazir postuna təsdiqləndi

14.01.19 20:17 555
Paşinyan baş nazir postuna təsdiqləndi
Nəhayət ki, səkkiz ay qeyri-rəsmi lider kimi Ermənistanı idarə edən Nikol Paşinyan dünən vəzifəsini rəsmiləşdirmiş olub. Parlamentin dünən baş tutan ilk iclasında bu təyinat rəsmiləşib. İclası ənənəvi olaraq parlamentin ən yaşlı deputatı kürd əsilli 74 yaşlı Knyaz Həsənov açıb. Parlamentin ilk iclasına Ermənistan prezidenti Armen Sarkisyan və Paşinyanın xoşlamadığı bütün ermənilərin katolikosu II Qaregin də qatılıb. Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkisi dekabrın 9-da baş tutub. Seçkidə qələbəni Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım” Bloku (88 deputat) qazanıb. Ondan sonrakı yerlərdə isə "Çiçəklənən Ermənistan” (26 deputat) və "İşıqlı Ermənistan” (18 deputat) partiyaları qərarlaşıb. Parlamentdə həmçinin, 4 etnik azlıq – kürd, yezidi kürd, rus və aysorları təmsil edən deputatlar olacaq. Parlamentin dünən keçirilən ilk iclasından sonra prezident Armen Sarkisyan N.Paşinyanın baş nazir vəzifəsində təyin edilməsi haqqında fərmanı imzalayıb. Konstitusiyaya əsasən, parlament baş naziri seçmir. Səsvermədə üstünlük qazanmış siyasi qüvvə öz namizədini təklif edir və prezident onu təsdiqləyir. Paşinyanın namizədliyini "Mənim addımım” fraksiyası irəli sürüb. Ardınca da Ermənistan parlamentinin spikeri 40 yaşlı Ararat Mirzoyan seçilib. Mirzoyanın spiker seçilməsini parlamentin 132 deputatından 131-i dəstələyib. Qeyd edək ki, Mirzoyan Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi” Partiyasının təsisçilərindən biridir. O, 2018-ci ilin mayından dekabrına qədər Ermənistan baş nazirinin birinci müavini olub.
Parlamentin ilk iclasında Paşinyanın səlahiyyətləri məsələsi gündəmə gəlib. "Ermənistan baş nazirinin səlahiyyət dairəsi mütləq müzakirə edilməlidir”. Bunu Ararat Mirzoyan yeni parlamentin iclasında çıxışı zamanı deyib. "Mənim addımım” bloku dövlət idarəçilik sistemindən narazılığını ilk dəfə deyil ki, dilə gətirir. Xüsusilə, baş nazirin əlində ölkə üzərində total nəzarətlə bağlı səlahiyyətlər toplanıb. Aydındır ki, belə sistemi yaradan insanlar onu öz maraqları üçün istifadə etməyə çalışıblar. Belə şeylər indi baş verməyəcək. Bunun üçün təkcə vicdan yox, həm də qaydalar lazımdır”, – deyə o bildirib. O, xüsusilə polisin hökumətin tərkibinə qaytarılması, polisin təkcə baş nazir yox, həm də parlament qarşısında hesabat verilməsi gərəkdiyini deyib.
Beləliklə, Paşinyan dağınıq, iqtisadiyyatı bərbad gündə olan və yaxud tamamilə başqa ölkənin nəzarətində olan Ermənistanın sahibinə çevrilib. Politoloq Qrant Melik-Şahnazaryan "Tert.am”a açıqlamasında baş verənləri belə xarakterizə edir ki, ölkədəki dəyişiklik təbii yolla deyil, inqilabi yolla baş verdi. Onun sözlərinə görə, hökumət ölkə qarşısında duran problemləri həll etmək iqtidarında deyil və ümidvardır ki, parlament bu mənada hökumətdən fərqlənməyə müvəffəq olacaq: "Real siyasi çəkiyə malik olan ciddi qüvvələr parlamentə düşməyə müvəffəq ola bilmədilər. Eləcə də, əsas məsələlərdə də bütün parlament qüvvələri bir nəsillidir. Onlardan biri özünü müxalifət kimi göstərməyə çalışacaq, lakin bu siyasi haqq-hesabın çəkilməsi demək olacaq”. Əlavə edib ki, "bütün parlament qüvvələri bir-biri ilə əməkdaşlıq edən qüvvələrdir. Bu mənada hər hansı bir real müxalifətdən söhbət gedə bilməz. Əgər prosesdə ciddi fikir ayrılıqları baş verərsə, onda bu başqa bir məsələ olacaq”. "Müxalifət də ideoloji deyil, proqram müxalifəti olacaq. Belə ki, onlar ideoloji cəhətdən bir-birinə çox oxşayırlar”, - deyə o əlavə edib. Qeyd edib ki, xarici siyasət məsələsində ciddi bir dəyişiklik gözləmir. "Əgər keçmiş xarici işlər nazirinin müavini haqqında danışsaq, yumşaq ifadə etsək, o, işinin ustası olmayan biridir”, - deyə politoloq bildirib.
Bütövlükdə hazırkı hakimiyyətin xarici siyasətinə qiymət verən politoloq bildirib ki, "Ermənistan son aylar ətraf aləmdən tam izolə edilmiş bir ölkəyə çevrilib. İnqilab nəticəsində biz strateji tərəfdaşlarımız və müttəfiqlərimizlə münasibətlərimizi tam şəkildə korlamışıq. Eləcə də, Avropa İttifaqı ilə münasibətlərdə hər hansı bir irəliləyişin şahidi olmamışıq. Əksinə, bununla bağlı sənədlərin ratifikasiyası Avropa ölkələrinin parlamentlərində dayandırılıb. Ermənistan öz üzərinə götürdüyü öhdəliklərin heç birinə əməl etməyib, ən əsası Birləşmiş Ştatlarla heç bir münasibətlər mövcud deyil. Yəni, hər şey kəsilib. Və burada fiasko təhlükəsindən deyil, reabilitasiya imkanlarından danışmaq gərəkdir”. Politoloqun sözlərinə görə, xarici sferada hamı gözləyir ki, görəsən bu ölkə hara, hansı istiqamətə gedir.
Bütün bunların fonunda ölkədə anti-Rusiya əhval-ruhiyyəsi durmadan artır. Ötən gün erməni mediası Avetisyan ailəsinin yeddi üzvünün rus əsgəri tərəfindən qətlə yetirilməsinin dördüncü ildönümünü qeyd edib. Bununla bağlı Rusiya səfirliyi qarşısında etiraz aksiyası da keçirilib. Aksiya iştirakçıları Ermənistan və Rusiya rəhbərliyinə etiraz məktubu ünvanlayıblar. Aksiya iştirakçılarından biri Levon Barseqyan 102-ci Rusiya bazasını ikiqat nəzarət altına almağı tələb edib. Başqa bir sayt "1in.am” saytı isə "İmperiyanın qanlı imzası” başlıqlı məqalə ilə çıxış edib. Müəllif yazır ki, iki ölkənin münasibətlərində Moskva Ermənistana qarşı ikiüzlü, sərt, alçaldıcı münasibət sərgiləyir. "Ermənistan-Rusiya münasibətləri ən aşağı səviyyədədir, Rus əsgərinin hərəkəti həm əvvəlki, həm də indiki hakimiyyət üçün ciddi siqnal olmalıdır”, -deyə müəllif yazır.


Azər
banner

Oxşar Xəbərlər