• cümə, 29 Mart, 15:08
  • Baku Bakı 14°C

Paşinyan AŞPA-da gülünc duruma düşdü

12.04.19 17:32 758
Paşinyan AŞPA-da gülünc duruma düşdü
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə biabırçı durumla üzləşib. O, sərsəm və cəfəngiyyat açıqlamaları ilə yenə gülüş obyektinə çevrilib. Bu dəfə məkan Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tribunası olub. Baş nazir deputatların çoxsaylı sualları qarşısında aciz qalıb. Əvvəlcə onun çıxışındakı bəzi məqamlara toxunaq. Dağlıq Qarabağ münaqişəsini ölkəsi üçün ən böyük problem olaraq görən baş nazir çıxışında deyib ki, "hər bir demokratik hökumət kimi onun hökuməti də bu münaqişənin yalnız dinc vasitələrlə tənzimlənməsinə çalışır”. Erməni cəmiyyətini sülhə hazırladıqlarını iddia edib, amma müdafiə nazirinin hərbi ritorikanı gücləndirməyə xidmət edən bəyanatlarından bəhs etməyib.
Paşinyan faktları təhrif etməkdən də çəkinməyib və 2016-cı ildə baş vermiş dördgünlük müharibəyə görə AŞPA-nı ittiham edib. "Buradaca qeyd etməyə bilmirəm ki, Dağlıq Qarabağa dair 2016-cı ilin yanvarında AŞPA-da keçirilən müzakirələr elə həmin ilin aprelində baş vermiş dördgünlük müharibənin prelüdü olub və Azərbaycan Silahlı Qüvvələrinin hücum əməliyyatlarına başlaması üçün münbit zəmin yaradıb. Bu müzakirələrin və sənədlərin təşəbbüsçüləri, tam qətiyyətlə demək istəmirəm ki, şüurlu şəkildə, amma hər halda həm Ermənistan və Dağlıq Qarabağda, həm də Azərbaycanda bir neçə yüz ölümə bais olan müharibənin qığılcımları olublar”. N.Paşinyan təəssüf etdiyini bildirib ki, hətta bu gün də AŞPA-nı və başqa beynəlxalq platformaları "geosiyasi oyunlara, münaqişələrə cəlb etmək cəhdləri” edilir. ​
Baş nazirin biabırçı fikirlərindən biri də Avropanı separatçı Dağlıq Qarabağ rejiminə dəstək verməməkdə ittiham etməsi olub. O deyib ki, Avropa Şurası Dağlıq Qarabağdakı ictimai təşkilatlara dəstək vermək üçün heç nə etmir: "AŞPA Dağlıq Qarabağdakı demokratik institutların möhkəmləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafı üçün heç bir tədbir görmür. Bunun izahını belə verirlər ki, Dağlıq Qarabağın statusunun ziddiyyətli və fərqli təfsirləri var və bölgə beynəlxalq icma tərəfindən dövlət kimi tanınmayıb. Amma söhbət AŞPA-nın dövlət səviyyəsində fəaliyyətindən getmir. Əgər Dağlıq Qarabağ beynəlxalq səviyyədə hələ müstəqil dövlət kimi tanınmayıbsa, yəni Dağlıq Qarabağda yaşayanların insan olub-olmaması barədəmi beynəlxalq müzakirə var? Doğrudanmı insan haqlarının müdafiəsi üzrə dünya liderlərindən biri olan Avropa Şurası üçün real insan yox, hansısa sənəd prioritetdir?”.
N.Paşinyanın pafos dolu çıxışı deputatların ona ünvanladıqları sualla alt-üst olub. Baş nazir Krımın kimə məxsus olması ilə bağlı ünvanlanan suala cavab verməkdə çətinlik çəkib. Suala birbaşa cavab verməkdən qaçan forpost ölkənin baş naziri əlavə edib ki, onların qlobal seçimi sülh və dialoqdur. Ölkəsində demokratik dəyişikliklər aparmasından dəm vuran baş nazir nədənsə repressiv, ona qarşı müxalifətdə olan mediaya qarşı hücumlardan bir kəlmə də danışmayıb. Daha sonra korrupsiya ilə bağlı suallara cavab verməli olub. İddia edib ki, korrupsiyaya qarşı total hücuma keçiblər. Lakin bəlli olan odur ki, əslində bu sahədə hansısa bir irəliləyiş yoxdur - erməni mediası, siyasiləri də bunu mütəmadi qeyd edirlər.
Avropalıları ən çox maraqlandıran məsələlərdən biri də Ermənistanda LGBT cəmiyyətinə olan təzyiqlərlə bağlıdır. Adıçəkilən cəmiyyətin forumunun Ermənistanda keçirilməsinin ləğv olunması ilə bağlı suala cavabında baş nazir bildirib ki, bu məsələdən xəbərsizdir. Əlavə edib ki, sosial şəbəkələrdən bununla bağlı nəsə oxuyub və dərin məlumata malik deyil.
Yeri gəlmişkən, baş nazirlə Strasburqdakı erməni icmasının nümayəndələri arasında qalmaqal da yaşanıb. İcma nümayəndələri israrla ölkədə seçicilərin "məxməri inqilab”dan sonra da pulla ələ alınması prosesinin bu gün də davam etdiyini bildiriblər. Misal kimi də kənd icmalarına keçirilən seçkiləri göstəriblər. N.Paşinyan isə cavabında həmin şəxsin ölkəyə gəlməsini, bu barədə polisə məlumat verməsini məsləhət görüb: "Amma bu məlumatın doğru olmadığı sübut edilsə, sizi həbsə ata bilərlər”. Lakin həmin şəxs yenə də öz fikrindən dönməyib. Vəziyyəti belə görən digər iştirakçılar da baş nazirə sual vermək istəyiblər və hay-küy yaranıb. N.Paşinyan çıxışını yarımçıq saxlamağa məcbur olub.
Maraqlı olan odur ki, Paşinyana qarşı artıq okeanın o tayından da dəstək azalır. Məsələn, Hayastan Ümumerməni Fondunun builki telemarafonu baş tutmaya bilər. Bu məlumatı "Jamanak” qəzeti yayıb. "Fondun Los-Ancelesdəki ən böyük ofisinin işi iflic olub. Belə ki, fondun bir sıra əsas şəxsləri ofisi tərk etmək istədiklərini və Ermənistanın yeni hökumətiylə işləmək istəmədiklərini bildiriblər. Hazırda buna görə telemarafonun keçirilməsinə hazırlıq aparılmır. Belə görüntü yaranır ki, Ermənistanın yeni hökuməti də Hayastan Fondundan imtina edib və onu "Mənim Addımım”, eləcə də "Təbəssümlər Şəhəri” fondları ilə əvəz etməyə çalışır. Baş nazirin həyat yoldaşı Anna Akopyanın Amerika səfəri də göstərdi ki, bu fondlara inam elə də yüksək deyil. Bu fondlara vəd edilən məbləğ 1 milyon dollardır, əslində isə toplanacaq məbləğ daha az olacaq”, – deyə qəzet bildirib.
Qeyd edək ki, Hayastan Fondu 1992-ci ildə Levon Ter-Petrosyanın əmriylə yaradılıb. Bu təşkilat hər il keçirdiyi telemarafonlarla Ermənistan və Qarabağ üçün vəsait toplamaqla məşğul olur. Hayastan Fondunun keçən il Los-Ancelesdə keçirdiyi illik telemarafon Ermənistanda söz-söhbətin yaranmasına səbəb olub. Belə ki, keçənilki tədbirdə Rusiyadakı diaspor nümayəndələrindən heç bir ianə verilməyib. Ən böyük ianələr İran, Avropa və ABŞ-dakı diaspor nümayəndələri tərəfindən bağışlanıb. Nəticədə keçənilki telemarafonda 10 ilin ikinci ən aşağı maliyyə yardımı toplanılıb. Ümumilikdə 12 il ərzində telemarafonda 220 milyon toplanıb.

Azər
banner

Oxşar Xəbərlər