• cümə, 29 Mart, 05:12
  • Baku Bakı 7°C

Paşinyan ABŞ-da da etirazlarla qarşılandı

23.09.19 18:06 560
Paşinyan ABŞ-da da etirazlarla qarşılandı
İnqilabçı baş nazir Nikol Paşinyanın Birləşmiş Ştatlara bazar günü başlayan səfəri qalmaqallarla müşayiət olunur. Birləşmiş Ştatlarda yaşayan ermənilər onu gül-çiçəklə deyil, etirazlarla qarşılayıblar. "Amulsar” qızıl yatağının işlənməsinə etiraz edən ermənilər baş nazirin qaldığı iqamətgahın qarşısına toplaşıb etirazlarını bildiriblər. Onlar "Nə qədər ki, biz varıq, yataq işlənməyəcək”, "Biz və bizim dağlar” şüarlarını səsləndiriblər. Başqa bir qalmaqal isə Soros fondu ilə bağlı olub. Erməni mediasının yazdığına görə, baş nazir Nyu-Yorkda keçirdiyi mətbuat konfransında etiraf edib ki, Davos Forumuna qədər məşhur Corc Soros onunla görüşək arzusunu dilə gətirmişdi, amma çox sıx iş qrafiki ucbatından onun xahişini icra edə bilməyib. O, özünün "Sorosun adamı” adlandırılmasıyla bağlı deyilən sözlərdən xəbərdar olduğunu bildirib və bununla razılaşmayıb. O deyib ki, inqilabı xalq edib və bunu başqalarının adına yazmaq istəyənlər erməni xalqını alçaldır. Qeyd edək ki, ekspertlər "erməni inqilabı”nın arxasında Corc Sorosun durduğu haqda rəylərin güclənməsindən ehtiyat etdiyi uçun Paşinyanın Sorosla görüşdən yayındığını bildiriblər. Adıçəkilən şəxs və rəhbərlik etdiyi fonda münasibət birmənalı deyil. Dəfələrlə dünyanın müxtəlif ölkələrində hakimiyyət dəyişikliyində ittiham olunub. Elə milyarderin özü də bunu təkzib etmir. Bildirib ki, onun pulları Ukraynada inqilabların həyata keçməsində mühüm rol oynayıb. Elə Ermənistanın bir sıra məmurlarını da Soros Fondu ilə əlaqədə günahlandırırlar.
Baş nazir keçmiş prezidentlər - Robert Koçaryan və Serj Sarkisyanı da hədəfə alıb. "Onlar anlamırlar ki, Ermənistanda siyasətlə məşğul olmaq şanslarını itiriblər. Erməni xalqı onların siyasi fəaliyyətlə məşğul olmasına imkan verməyəcək”. İki eks-prezidentin fəaliyyətinə toxunan Paşinyan bildirib ki, onlar kifayət qədər maliyyə və iqtisadi resurslara malikdirlər: "Lakin mən demişəm ki, kompromis olmayacaq. Serj Sarkisyanın ailəsi peşəkar korrupsiya ailələrdən biri olub. Onlar qarət yolu ilə əldə etdiklərini geri qaytarmalıdırlar. Bir hissəsini artıq qaytarıblar, yerdə qalanı da qaytarmalıdırlar – sonuncu qəpiyə kimi”. Nikol Koçaryan barəsində danışarkən, belə bir sualla çıxış edib – axı o hansı istedadına görə milyoner olub?
Yeri gəlmişkən, baş nazirlə Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vaneçyan arasında qalmaqal da böyüyür. "Paşinyan mənim istefamdan sonra yanıma müxtəlif adamları göndərərək bir müddətlik susmağımı xahiş edib, amma görürəm ki, o, növbəti dəfə razılaşmaları pozub, populist bəyanatlar verir”. Bunu "Qraparak” qəzetinə müsahibəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan deyib. "Aydındır ki, Paşinyan öz sözlərinin nəticələri haqqında düşünmür, yalnız insanlara anlıq təsiri fikirləşir. Təsəvvür edin ki, mən nəticələrini düşünmədən danışmağa başlayıram. Cəmiyyəti "kim bizlə deyilsə, o satqındır” fikrini irəli sürərək, nə vaxta qədər fikir ayrılığına salmaq olar? Əgər kimsə Paşinyanla razı deyilsə, o, keçmişdəkilərin sifarişi ilə hərəkət edir. Demişəm və təkrar edirəm ki, məni keçmişdəkilərlə əlaqələndirməyə cəhd etməyin. Xatırladıram ki, sülh dönəmində Ermənistan baş naziri ali baş komandan deyil. Mənim bəyanatımı oxuyanlar nə dediyimi anlayıblar. Mən əminliklə deyirəm ki, zaman kimin və nəyin zibillikdə olacağını göstərəcək. İnanıram ki, xalq manipulyasiyaya getməyəcək”, – deyə o bildirib.
Qeyd edək ki, A.Vanesyan sentyabrın 16-da istefa verib. Onun bununla bağlı verdiyi bəyanat Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saytında yerləşdirilsə də, sonra silinib. Baş nazir də buna münasibət bildirib. Onun sözlərinə görə, Vaneçyanın bəyanatı ona qarşı idi.
Los-Anselosa səfəri zamanı N.Paşinyan A.Vanesyanın xidmətin saytına yerləşdirdiyi qalmaqallı bəyanatın silinməsinə münasibət bildirib. Onun sözlərinə görə, Vanesyan həmin bəyanatda ali baş komandan, baş nazir və silahlı qüvvələri təhqir edib: "Ona görə də həmin bəyanat xidmətin saytından silindi. Belə davranan zabit paqonlarını zibil qabına atır. Sonuncu dəfə 1991-ci ildə sovet dövründə qiyamçılar belə etmişdi”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər