PAŞA Bank Azərbaycan bazarında ilk dəfə olaraq sindikatlaşdırılmış kreditin ayrılmasını təşkil edib
Azərbaycanın ən iri banklarından biri PAŞA
Bank öz müştərisi üçün sindikatlaşdırılmış kreditin cəlb edilməsinin əsas təşkilatçısı
qismində çıxış etmişdir. Krediti alan tərəf isə səhmləri London birjasinda
ticarət olunan Anglo Asian Mining Plc şirkətinin Hasilatın Pay Bölgüsü Haqqında
Sazişinə əsasən Azərbaycan ərazisində qızıl, gümüş və mis kimi əlvan metalların
hasilatı və istehsalı ilə məşğul olan törəmə müəssisəsi və eyni zamanda ölkəmizin
qeyri-neft sektorunda ən böyük qeyri-hökumət ixracatçısı Azerbaijan
International Mining Company Limited şirkəti olmuşdur.
Bu
kredit Azərbaycan bazarında təşkil edilmiş ilk sindikatlaşdırılmış
kredit olmuşdur. PAŞA Bankın İdarə heyətinin sədri Taleh Kazımovun sözlərinə görə Azərbaycanın
aparıcı korporativ bankı olaraq biznes tərəfdaşlarımızın bankımıza olan inamı və
onlara göstərdiyimiz dəstəyə və xidmətlərimizə hər zaman güvəni bizim üçün çox önəmlidir.
"PAŞA Bankın maliyyə stabilliyini və kredit
bazarındakı geniş təcrübəsini nəzərə alaraq biz əlverişli bazar şərtləri ilə
müştərimizin maliyyələşdirilməsini təşkil etdik. Ümumilikdə isə regiondakı
makroiqtisadi çağırışlar fonunda yerli bazarda fəaliyyət göstərən şirkət üçün
bu növ krediti almaq Bankımıza olan böyük etimadının göstəricisi və bütün bazar
üçün isə müsbət bir əlamətdir”, - deyə T. Kazımov fikrini tamamladı.
Qeyd edək ki, $13.5 milyon həcmində kredit 2
illik müddətə illik faiz dərəcəsi 7% olmaqla ayrılmışdır. Sindikatlaşdırılmış
kredit qismində ayrılmış maliyyə vəsaiti krediti alan təşkilatın xarici və
yerli kreditorlar qarşısındakı maliyyə öhdəliklərinin yenidən maliyyəşdirilməsi
üçün sərf olunacaq.