• çərşənbə axşamı, 16 aprel, 16:24
  • Baku Bakı 19°C

Partiyalar seçki hazırlığında

04.07.15 11:02 1358
Partiyalar seçki hazırlığında
4 aydan sonra Milli Məclisə növbəti seçkilər keçiriləcək. Bəs ölkəmizdəki siyasi partiyalar bu seçkilərə necə hazırlaşır? Siyasi partiyalar namizədlərini müəyyənləşdirmək, xalq tərəfindən seçilmək, parlamentdə təmsil olunmaq üçün hansı işləri görüblər?
Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bu barədə mətbuata açıqlamasında parlament seçkilərinə hazırlıqla əlaqədar təmsil olunduğu partiyada proseslərin getdiyini bildirib. Qeyd edib ki, partiyanın rayon və şəhər təşkilatlarına lazımi tapşırıq və tövsiyələr verilib, mərkəzi seçki qərargahının, həmçinin yerli seçki qərargahlarının fəaliyyət proqramı hazırlanıb və mərhələli şəkildə bu proqram həyata keçirilir. O, hazırda rayon və şəhər seçki qərargahlarının yaradılması və texniki təchizatı, orada fəaliyyət göstərəcək şəxslərin seçilməsi və onlara təlimlərin keçirilməsi prosesinin getdiyini söyləyib. Deyib ki, iyul ayı ərzində bu məsələlər öz həllini tapmalıdır. S.Novruzovun sözlərinə görə, hər bir dairənin ərazisində seçicilərin kateqoriyaları, əhalinin məşğuliyyəti, oradakı problemlər və digər məsələlərlə bağlı araşdırma da aparılacaq, avqust ayının 1-ə kimi bu proseslər də həllini tapacaq. YAP funksioneri təmsil olunduğu partiya tərəfindən bütün seçki dairələrindən namizəd irəli sürüləcəyini bildirib: “Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, hər bir dairə və məntəqəyə bir nəfər məşvərətçi səs hüquqlu üzv və bir nəfər müşahidəçi təyin etmək hüququna malikik. Bu baxımdan həmin şəxslərin də müəyyənləşməsi və seçilməsi prosesi gedir. Həmçinin namizədlərimiz üçün imza toplayacaq şəxslərin müəyyənləşdirilməsi prosesi gedir. Çalışırıq ki, hər bir dairə üçün təxminən 10 nəfər imza toplayan şəxs müəyyən edək ki, imzatoplama kampaniyası uğurla başa çatsın. Bundan sonra isə qalan proseslərə seçkiyə start verildikdən sonra başlanılacaq”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə rəhbərlik etdiyi qurumun seçki hazırlığından danışarkən AMİP-in heç bir siyasi blokda iştirak etmədiyinə diqqət çəkib. Deyib ki, 2010-cu ilin parlament seçkilərində bir neçə siyasi blok iştirak etsə də, AMİP təkbaşına seçkiyə qatılıb, hakim partiyadan sonra ən çox namizəd irəli sürüb. O, bu il keçiriləcək parlament seçkilərində AMİP-in yenə təkbaşına iştirak edəcəyini, lakin digər siyasi partiya və bloklarla da birgə şəkildə seçkiyə getməyin mümkünlüyünü vurğulayıb: “2010-cu ilin parlament seçkilərində AMİP 69 namizədlə iştirak edirdi. Təxminən 4 aydan sonra keçiriləcək parlament seçkilərində də hələlik partiya olaraq özümüz iştirak etmək, seçki dairələri üzrə namizədlərimizi irəli sürmək fikrindəyik. Bununla belə, hansısa siyasi təşkilata, bloka qoşulmaq məsələsi də açıqdır. Ola bilər ki, seçkiyə blok şəklində də gedə bilərik. Biz özümüzü güclü hesab edir, bu seçkilərə kifayət qədər hazırlıqlı sayırıq. AMİP-də daimi fəaliyyət göstərən seçki qərargahı var. Biz parlament seçkilərində digər partiyalarla dairə əməkdaşlığına da gedə bilərik. Yəni siyasi təşkilatlarla əməkdaşlıq platforması qüvvədədir bizim üçün. Hansısa partiyanın namizədi daha güclü olarsa, biz onu dəstəkləyə, yaxud bir başqa partiya bizim güclü namizədimizi dəstəkləyə bilər. Hazırda seçki dairələri üzrə ən güclü namizədlərimizi müəyyənləşdirmək prosesindəyik. Əvvəllər elə seçki dairələri var idi ki, orada bir yer uğrunda AMİP-in 3-4 namizədi mübarizə aparırdı. Bu dəfə isə namizədlərimizin bir-birinə rəqib olmaması üçün hər dairədən bir güclü namizəd irəli sürmək fikrindəyik. İstəyirik ki, bu prosesə daha çox gəncləri, qadınları cəlb edək. Bir sözlə, AMİP seçki kampaniyasına start verib. Artıq bir aydır ki, Bakı şəhərinin rayonlarında görüşlər, müzakirələr təşkil olunur. Yaxın günlərdə paytaxtdan kənar rayonlara da bu məqsədlə səfərlər etməyi qərarlaşdırmışıq. Mən qarşıma məqsəd qoymuşam ki, bu il AMİP parlament partiyası olsun. Əsas hədəfimiz budur”.
Ümid Partiyasının (ÜP) sədri İqbal Ağazadə deputatlığa namizədlərin müəyyənləşdirilməsi prosesinin uğurla getdiyini bildirib. O, artıq 70-ə yaxın seçki dairəsi üzrə namizədlərin müəyyənləşdirildiyini söyləyib. Qeyd edib ki, həm Ümid Partiyası, həm də ”125-lər" bloku çərçivəsində parlament seçkilərinə hazırlıq işləri gedir: “Seçki kampaniyasına bizdə çoxdan start verilib. Dostlar və müttəfiqlərimizlə də məsləhətləşəcəyik. Bundan sonra da lazımi tədbirlər görəcəyik. Seçki prosesində ADP ilə müttəfiqliyimizin olması da mümkündür. Ümumiyyətlə, Ümid Partiyası seçki məsələlərində üçmərhələli iş aparır. Birinci və ikinci mərhələnin yekunu olaraq, namizədlərin böyük əksəriyyəti müəyyənləşdirilib. Seçki hazırlığının üçüncü mərhələsi isə avqust ayına kimi davam edəcək”.
Azərbaycan Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu hər bir siyasi təşkilatın, partiyanın əsas işinin ölkədə keçirilən seçkilərdə fəal iştirak etməkdən ibarət olduğunu söyləyib. Bildirib ki, ADP də bu günə qədər keçirilən seçkilərdə, o cümlədən parlament seçkilərində iştirak edib: “ADP olaraq hər bir işimizi qarşıdan gələn seçki prosesinə uyğun olaraq quracağıq. Seçkiyə getdiyimiz halda Qarabağ Seçki Blokunun tərkibində seçkilərdə iştirak edəcəyik. Ümumilikdə ADP-dən az sayda namizədin irəli sürüləcəyini indidən proqnozlaşdırmaq mümkündür. Ancaq əminliklə deyə bilərəm ki, mən özüm seçkilərdə iştirak edəcəyəm”.
Müsavat Partiyası (MP) Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı partiyanın Məclisi tərəfindən qərar qəbul edildiyini və həmin qərara uyğun olaraq da partiyanın seçkidə iştirak etməyə üstünlük verdiyini deyib: “Partiyada seçki kampaniyasına xeyli əvvəl start verilib. Artıq 70-dən çox seçki dairəsi üzrə namizədlər müəyyənləşib. Bu işlər indi də davam edir. Çalışırıq ki, daha çox seçki dairəsi üzrə namizədlər irəli sürək. Ancaq yekunda hər dairədən yalnız bir namizədin olması planlaşdırılır. Müsavat Partiyasının Nizamnaməsinə uyğun olaraq Məclisin növbəti yığıncaqlarından birində həmin namizədlər təsdiqlənməlidir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər