• şənbə, 20 Aprel, 08:37
  • Baku Bakı 14°C

Partiyalar əldə etdikləri vəsaitin hesabatını veriblərmi?

05.02.15 06:04 1221
Partiyalar əldə etdikləri vəsaitin hesabatını veriblərmi?
“Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliklərə əsasən, 2013-cü ildən parlamentdə təmsil olunan partiyalara dövlət büdcəsindən maliyyə yardımı ayrılır. Təbii ki, vəsait əldə edən partiyalar da öz növbələrində pulu hara xərclədikləri ilə bağlı illik hesabat hazırlayıb dövlət qurumlarına təqdim etməlidirlər. “Kaspi” qəzeti bu mövzuda bir neçə partiya səlahiyyətlisi ilə əlaqə saxlayıb, keçən il onlara ayrılan vəsaiti necə xərclədikləri və bunun hesabatını verib-vermədikləri ilə maraqlandı. Onu da deyək ki, qanun hesabatın hər il aprel ayının 1-dək hazırlanıb təqdim olunmalısını tələb edir.
Yeni Azərbaycan Partiyası (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bizimlə söhbətində xatırlatdı ki, təmsil etdiyi partiya illik hesabatı təqdim edib və bu barədə partiyanın İdarə Heyətinin yanvarın 29-da keçirdiyi iclas zamanı ətraflı məlumat verilib: “İclasda YAP İdarə Heyətinin 2014-cü ilə dair illik hesabatı, həmin ilin statistik hesabatları və s. məsələlər haqqında danışıldı. Məlumdur ki, ötən il bələdiyyə seçkiləri keçirildi və partiyamız seçkidə yaxından iştirak etdi. Sevindirici haldır ki, YAP mandatların çoxunu qazandı. Təbii ki, bunun üçün xeyli işlər görüldü və güclü təbliğat-təşviqat işləri aparıldı. Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində də hər zaman aktiv fəaliyyət qurur, müxtəlif ölkələrin aparıcı partiyaları və demokratik təsisatları ilə partiyamız arasında işgüzar və səmimi münasibətlər daha da genişləndirilir, bu istiqamətdə mühüm görüşlər keçirilir”.
H.Paşayev nəzərə çatdırdı ki, 2014-cü ildə YAP-ın gəliri 7 433 486.37 manat olub: “Bunun 6 180 077.29 manatını üzvlük haqlarından, 100 000 manatını depozitdən əldə olunan daxilolmalar, 1 153 409.08 manatını isə büdcədən ayrılan vəsait təşkil edib. Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 3 474 940.04 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 656 469.91 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərinin, o cümlədən gənclər üçün təşkil edilən yay və qış məktəblərinin və digər tədbirlərin maliyyələşməsinə, 130 043.12 manatı ezamiyyə xərclərinə, 317 785.98 manatı invertarların alınmasına, 91 908.11 manatı təmir işlərinə, 47 797.35 manatı çap işlərinə, 368 599.96 manatı kommunal və təsərrüfat xərclərinə, 43 322.28 manatı dəftərxana xərclərinə, 10 000 manatı depozit faizindən mənfəət vergisinə, 173 326.67 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 41 801.17 manatı bank xidmətinə, 122 773.99 manatı isə digər xərclərə sərf edilib. Bu o deməkdir ki, partiyamızın xərci 5 478 768.58 manat olub”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da partiyanın vəsaiti xərclədiyi istiqamətlərdən danışaraq, demək olar ki, digər partiyalardan çox da fərqlənmədiyini dedi: “Bilirsiniz ki, yalnız parlament partiyaları qazandıqları mandat sayına görə dövlət büdcəsindən maliyyə vəsaiti ilə təmin olunurlar. Partiyamız üçün ayrılan pulların əksər hissəsi işçilərimizə maaş kimi verilir. Bundan əlavə, VHP-nin həyata keçirdiyi bir sıra işlər var. Dövlətin verdiyi vəsait daha çox təşkil etdiyimiz tədbirlərə, hazırladığımız layihələrə xərclənir. Təbii ki, audit yoxlanışı olur ki, buna uyğun olaraq hesabat təqdim olunur. Biz bu haqda olan məlumatları mətbuatda da dərc edirik”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli qəzetimizə açıqlamasında dedi ki, hər il audit yoxlaması həyata keçirilir və bundan sonra müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunur: “Bilirsiniz ki, yeni qanuna əsasən, hazırladığımız sənədləri, hesabatları Mərkəzi Seçki Komissiyasına təqdim edirik. Düşünürəm ki, bizə ayrılan pulun hara xərcləndiyi təxminən məlumdur. Partiyaların xərcləri əsasən, eyni olur. Nəzərinizə çatdırım ki, keçən il bələdiyyə seçkiləri keçirildi və partiyamız üçün ayrılan vəsaitin bir hissəsi ona xərcləndi. Yəni, BAXCP olaraq, təbliğat-təşviqat işlərinə xüsusi diqqət ayırdıq və seçki məsələləri ilə məşğul olduq. Bundan əlavə, partiyanın rayon təşkilatlarına edilən yardımlar, ezamiyyət xərcləri də bu vəsait hesabına ödənilir. Həmçinin, kommunal xidmət haqqı, ofis avadanlıqlarının əldə olunması, kağız və digər məmulatların alınması, telefon xərclərinin ödənilməsi də müəyyən miqdar maliyyə vəsaiti tələb edir. Qısa şəkildə desəm, bizə verilən pulu aktiv fəaliyyət quran partiyanın xərcləyə biləcəyi məsələlərə xərcləyirik və təbii ki, bunun hesabatı verilir. Onu da deyim ki, partiyalara ayrılan maliyyə yardımı o qədər də çox olmadığı üçün onu geninə-boluna xərcləmək şansımız yoxdur. Buna görə də vəsaitdən yalnız sadaladığım istiqamətlərdə istifadə olunur. Məlumdur ki, partiyada çalışan əməkdaşlar olur. Təbii ki, onlar göstərdikləri xidmətin qarşılığında aylıq əmək haqqı alırlar. İşçilərin aldıqları maaşların hesabatı isə Dövlət Sosial Müdafiə Fonduna verilir. Bilirsiniz ki, hesabat adətən aprel ayının 1-dək hazırlanır və təqdim olunur. Partiyamız hesabatı bu il mart ayının sonuna yaxın, Novruz bayramından dərhal sonra təqdim etməyi planlaşdırır”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər