• çərşənbə, 24 Aprel, 18:33
  • Baku Bakı 23°C

Parlamentdə mübahisə düşdü

31.05.13 11:55 1523
Parlamentdə mübahisə düşdü
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Avtomobil yolları haqqında” qanuna dəyişikliklər müzakirə olunarkən vitse-spikerlə deputat arasında sərt olay yaşanıb.
APA-nın məlumatına görə, əvvəlcə deputat Elmira Axundova son vaxtlar sərnişin avtobuslarının iştirakı ilə baş verən qəzalardan danışıb.
O, ictimai sərnişindaşıma ilə məşğul olan sürücülər üçün ixtisasartırma kursları təşkil edilməsini, sürücülərin psixoloji vəziyyətləri ilə bağlı yoxlamalar aparılmasını təklif edib: “Sürücülərin çoxu psixi-nevroloji xəstələr kimi qeydiyyatdadır”.
Daha sonra deputat Qüdrət Həsənquliyev söz alaraq qanun layihəsi barədə yox, iclasla bağlı iradını səsləndirib. O, parlamentdə cari məsələlər üçün vaxt ayrılmamasından şikayətlənib və Milli Məclisi keçmiş SSRİ Ali Soveti ilə müqayisə edib.
Vitse-spiker Ziyafət Əsgərov isə Qüdrət Həsənquliyevə sərt etiraz edib: “Spiker Oqtay Əsədov iclas başlayan zaman birbaşa gündəlikdəki məsələlərin müzakirəsinə keçilməsini təklif etdi. Millət vəkillərindən heç kim, o cümlədən də siz etiraz etmədi. Parlament seçkiləri 2015-ci ildə keçiriləcək, siz indidən piar kampaniyasına başlamısınız. Bu nə deməkdir? Jurnalistlər buradadır deyə, özünüzü göstərirsiniz? Bu nə ucuz piardır? Ayıb olsun!”
Çıxış edən deputat Fazil Mustafa vitse-spiker Ziyafət Əsgərovun millət vəkili Qüdrət Həsənquliyevə “‘Ayıb olsun” deməsinə etirazını bildirib: “Ziyafət Əsgərov tribunada “Ayıb olsun!” dedi. Rəyasət Heyətinə belə söz yaraşmır. Niyə belə ifadələr işlədilir ki, sonra da xoşagəlməz gərginlik yaranır?!”
Spiker Oqtay Əsədov deyib ki, büdcənin icrası müzakirə edilən zaman çıxış üçün heç bir millət vəkili təkid etməyib: “Sonra arxadan atılan daş kimi Milli Məclisin Rəyasət Heyəti haqqında danışmaq düzgün deyil. Kim deyə bilər ki, parlamentdə kiməsə söz verilməyib? Sonra çağırış etmək ki, jurnalistlər bunu yazsın, bu, düzgün deyil”.
Daha sonra layihə müzakirəyə çıxarılaraq qəbul edilib.
banner

Oxşar Xəbərlər