Parisdə dolma bişirib, “Şuşanın dağları”nı oxuyan azərbaycanlı
Uzun müddət idi ki, Təranə
Allahverdiyeva-Monbarbü adlı, əslən Qarabağdan olan vokal ifaçısının Parisdə
yaşadığı, "Təranə Paris Baku” ləqəbi ilə məşhurlaşdığından xəbərdar idik. İfaçı
ölkəyə gələr-gəlməz, biz də onunla görüşmək istədik. Fikirləşdik ki, yəqin "Bonjour”
deyə-deyə, yarıfransız, yarı-Azərbaycan dilində danışacaq. Ancaq müsahibimiz
bizi çox təəccübləndirdi. Şirindilli, Qarabağ ləhcəsini unutmayan müsahibimizin
dilindən Şuşa kəlməsi düşmürdü.İki qız övladı olan Təranə
Allahverdiyeva onlara Ulduza Şuşa və Leyli Şuşa adlarını qoyub. Deyir ki, hər
dəfə onların adlarını çəkəndə, Şuşanı xatırlayır. Özü də məhz həyat yoldaşı
Erik qızlarının ikinci vətənlərinin Şuşa olduğunu unutmamaları üçün belə bir
addım atmağı təklif edib. Cütlüyün bu qərarına yalnız "əhsən” demək olar.
- İki qız övladınız var - Ulduza
Şuşa və Leyli Şuşa. Övladlarınızın ad məsələsində deyəsən daha çox sizin
sözünüz keçib?
- (gülür) Elə deyil. Erik məni sevəndə mənimlə bərabər mədəniyyətimi,
adətlərimi, ölkəmi də sevib. Hərdən düşünürəm ki, elə bil Erik Azərbaycanda
anadan olub. Çox zaman forumlarda, sosial şəbəkələrdə hansısa erməni öz
lobbiçiliklərini yürüdəndə, Erik ona cavab yazır ki, siz yanlış düşünürsünüz, böyük
təşkilatlar sizin haqqınızda bu fikirdədir. O, Azərbaycan həqiqətlərini dünyaya
çatdırır. Mən elə şeylərə vaxt tapa bilmirəm. Hərdən deyirəm ki, elə bil sən şuşalısan.
Erik mənim vətənimi, ölkəmi çox sevir və hər yerdə onun həqiqətlərini müdafiə
edir.O ki qaldı qızlarımın adlarına, onlar dünyaya gələndə, biz belə
qərara gəldik ki, hər ikisinə
azərbaycanlı adı qoyaq. Ulduza nənəmin, Leyli isə anamın sevdiyi addır.
Anam uşaq vaxtı mənim adımı Leyli qoymaq istəyib. Atam isə onun fikri ilə
razılaşmayıb. Həm də milli operamız olan "Leyli və Məcnun”u çox sevirəm. Qızlarımın ikinci adı da Şuşadır. Fransada
əsas addan sonra sən ikinci ad da qoya bilərsən. Bu adı ona görə qoyduq ki,
uşaqlar Şuşanı unutmasınlar və bilsinlər ki, onların bir tərəfi azərbaycanlıdır.
Qızlarıma Şuşa adının qoyulması Erik tərəfindən yürüdülən çox gözəl fikirdir.
Erikin bu fikrini dəstəklədim. O, dedi ki, qızlarımız gələcəkdə maraqlansınlar
ki, onların ikinci vətənləri də var.
- Onlar Qarabağ haqqında
məlumatlıdırlar?
- Hələ yaşları çox azdır. Böyük qızım Ulduzanın 7, Leylinin isə 6
yaşı var. Onlara müharibə barədə heç nə deməmişəm. Sadəcə olaraq Qarabağdan
danışmışam. Müharibə, neqativ hadisələr haqqında heç nə danışmamışam. Gələcəkdə
Şuşaya getmək istəsələr, hər şeyi onlara izah edəcəm.
- Azərbaycanca danışa
bilirlərmi?
- Çox az. Onlar Fransada böyüyüblər. Fransız dilində təhsil alırlar,
çevrələri, dostları fransızlardan ibarətdir. Ona görə Azərbaycan dilində çox da
ünsiyyətdə ola biləcəkləri adam yoxdur. Tez-tez anamla danışırlar, o da fransız
dilində. Evdə Azərbaycan dilində bir mən danışıram.
- Repertuarınızda ən çox
sevilən mahnıların biri də "Şuşanın dağları” mahnısıdır. Heç Şuşanı
xatırlayırsınızmı?
- Şuşanı hər zaman xatırlayıram. "Şuşanın dağları” mahnısını bir
layihəyə salmışam və konsertlərimdə onu da ifa edirəm. "Azərbaycan ruhu” adlı layihə
ilə konsert proqramlarım baş tutub. Biz orada videoçarx vasitəsi ilə
Azərbaycanın ümumi görüntüsünü əks etdirmişik, əsas görüntünü isə Qarabağı
yönləndirmişik. Mən orda həm də ifadan əvvəl mahnının nədən bəhs etdiyi
haqqında tamaşaçılara məlumat verirəm. Bu layihəni bir dəfə təqdim etmişik. Orada
Qarabağın işğal olunması haqda danışıram, doğulduğum şəhərə dönə bilmədiyimi
deyirəm. Səhnədə Azərbaycandan xalçalar, milli atributlar, xonça, Şəkidən gələn
mis qablar qoymuşuq. Bir sözlə, biz o səhnədə Azərbaycan ab-havası yaratmışıq.
Hətta bu konsertimdə erməni vətəndaşları da iştirak edirdi. Onlar konsertin
sonunda yaxınlaşıb, bildirdilər ki, bu, siyasətdir, biz istəməzdik ki, belə
olsun.
- Adətən xaricdən gələn
vətəndaşlarımızdan hansı müğənnilərimizin orada tanındığını soruşurlar. Məsələn,
əminəm ki, Parisdə xalq artistimiz Alim Qasımovu yaxşı tanıyırlar. Çünki hər il azı bir dəfə muğam ifaçımızı orada
konsert verməyə dəvət edirlər.
- Həqiqətən də Alim Qasımov orada tanınır. Fransız kitabxanasında və bəzi
satış obyektlərində onun albomları yer alıb. Təəssüf hissi ilə qeyd edim ki, başqa
ifaçılarımızı tanımırlar. Son zamanlar Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın təşəbbüsü ilə milli musiqimizin təbliği ilə bağlı Parisdə caz, muğam
kimi layihələrin baş tutması nəticəsində fransızlar bizim musiqiyə maraq
göstərirlər. Fransızlar hər şeylə maraqlanan, azad ruhlu insanlardır. Onlar mütəmadi
olaraq başqa mədəniyyətlər, musiqilərlə maraqlanırlar. Misal üçün, mən konsert
proqramı ilə çıxış edəndə, orada milli musiqilərimizə də kifayət qədər yer ayırıram
və proqramımın yarısı caz, yarısı isə milli mahnılarımızdan ibarətdir. Görürəm
ki, həm dilimiz, həm də musiqimizlə maraqlanırlar.
- Hazırda Fransada hansı musiqilər
daha çox sevilir və dinlənilir?
- İstənilən dövrdə klassikanın öz dinləyiciləri olub və bu yenə də
belədir. Klassika heç zaman Fransada dəbdən düşməyib. Bu öz yerində. Hazırda
Fransada ən çox sevilən musiqi repdir. Ona hip-hop deyirlər. Orada bu janr ən
çox satılan musiqi növüdür. Gənclər bunu daha çox dinləyir və maraq göstərirlər.
- Bizdə ifaçıların əsas
gəlir mənbələri el şənlikləridir. Bəs Fransada vəziyyət necədir? Orada toy
biznesi varmı?
- Fransada toylar bir az fərqlidir. Bizdə toyu müğənnilər və
aparıcılar idarə edir, onlarda isə DJ-lər. Müğənnini toya qonaq kimi dəvət edirlər
və o, ya toyun əvvəlində vals oynanılarkən oxuyur, ya da tort kəsilən zaman. Bu
zaman da bəylə gəlinin seçdiyi mahnı yer alır. Toy edən cütlüklər toylarında
hansı musiqilərin səslənəcəyini əvvəlcədən müəyyənləşdirirlər. Fransada toydan
əvvəl şərab içilir, tanışlıqların əsası qoyulur. Bu ərəfədə caz dinləməyi çox
sevirlər. Həmin tanışlıq mərasimində canlı ifa eşitmək üçün ifaçılara müraciət
edirlər. Fransada ifaçıların əsas gəlir mənbəyi toylar deyil. Onlar korporativ
tədbirlərdən, daha böyük layihələrdən gəlir əldə edirlər.
Noyabrda çoxlu anma gecələri keçirilir və bu gecələrdə ifaçılar daha
çox qazanır. Belə ki, noyabrda Halloween bayramı keçirirlər. Bu çox qədim bir
adət-ənənəyə söykən bir bayramdır. Fransızlarda buna "Tusen” deyirlər. Onlar bu
bayram vasitəsilə dünyasını dəyişən yaxınlarını xatırlayırlar. Bu ərəfədə
Fransada qəbiristanlıqlar elə gözəl olur ki, insan ora baş çəkmək istəyir...
- Yəni qəbiristanlıqları
bəzəyirlər?
- Xeyr. Fransada qəbiristanlıqlar şəhərin ortasında olur. Qəbiristanlıqlar
parkın içərisində salınıb. Doğmalarının qəbrini ziyarət edənlər, həmin parkda dincəlmək
imkanı da əldə etmiş olur. Paris çox qədim şəhərdir. Onlar bununla bərabər həm
də bayram keçirirlər. Müəyyən mövzu seçirlər və onunla əlaqədar konsertlər təşkil
edirlər. İfa olunan musiqilər də məhz o mövzuya həsr olunur.
- Təranə xanım, bildiyimiz
qədər, fransızların milli rəqsləri yoxdur. Düzdür?
- Fransızların milli rəqsi "French cancan”dır. Bu rəqs çox çətindir. Onu
hər kəs oynaya bilmir. Rəqsin içərisində akrobatik hərəkətlər var. Bizim rəqsimizin
növləri çoxdur və qədim tarixə malikdir.
- İki mədəniyyət, iki sivilizasiya
arasında hər hansı çətinlik yaşayırsınızmı?
- Düzünü desəm, heç bir çətinlik yaşamadım. Fransaya gedəndə ilk çətinliyim
dil ilə bağlı oldu. Bununla bağlı gülməli hadisələr yaşadım. Onlarda sözü ifadə
edərkən hər hansı hərfi səhvi deyəndə söz tamamilə başqa bir anlam daşıyır.
Fransaya yeni gedəndə bu çətinliklərlə üzləşdim və yaxın dostlarım da bilərəkdən
bundan istifadə edərək mənimlə zarafat edirdilər. Fransız dilində hər söz iki mənalıdır.
Onu da içlərində yaşadıqda öyrənirsən. Universitetdə tələbə yoldaşlarım mənimlə
zarafatlaşırdılar. Biz öyrəşmişik ki, kişilərə başımızı əyərək, uzaqbaşı, əllə görüşək.
Onlar isə buna əhəmiyyət vermirlər. Kişi və qadınla üzlərini toxundurub
görüşürlər. Bir məclisdə mənə dedilər ki, bizim şəhərdə 10 dəfə öpüşüb görüşürlər.
Düşündüm ki, böyük bir auditoriyası olan məclisdə hər adamla 10 dəfə görüşsəm, gərək
bütün günümü orada keçirim. Təbii ki, bu, bir zarafat idi.
Fransaya getməmişdən əvvəl oradakı ab-havaya özümü öyrəşdirmişdim. Anam
fransız dili müəlliməsidir və hər zaman bizə Fransa barədə danışırdı. Anam uşaqlıqdan
bizdə xarici dillərə sevgi aşılayıb. Mən Fransanı görməmişdən ora vurulmuşdum. Fransada
öz həyat yoldaşımla tanış oldum. Orada xüsusi çətinlik yaşamadım. Düzdür, Fransaya
yeni gələndə yeməklərlə bağlı çətinlik çəksəm də, sonra öyrəşdim. Hərdən Azərbaycan
yeməkləri də bişirirəm. Bizim milli yeməklərimizin hazırlanması çox vaxt aparır
deyə, orada asan başa gələn yeməklər hazırlayıram. Çalışıram ki, uşaqların yeməyinə
çox diqqət yetirim. Fransanın yeməkləri çox zəngindir.
- Bəs həyat yoldaşınızla necə
tanış oldunuz?
- Onunla tələbə vaxtı tanış oldum. Erik kimi biri ilə ailə qurduğum üçün
çox xoşbəxtəm.
- Valideynlərinizin Erikə
münasibəti necə oldu?
- Ailəm hər zaman mənə güvənib, Təranə nə etmək lazım olduğunu yaxşı
bilir, deyiblər. Ona görə də heç zaman məndən nigaran qalmayıblar. Anam fransız
ruhu ilə böyüyüb. Babam anamın adını Luiza qoyub. Anama deyirdilər ki, özünüz Laçında
anadan olmusunuz, adınızsa Luizadır.
- Siz Şərq təfəkkürü ilə
böyümüsünüz, həyat yoldaşınız isə Qərb. Bu sizin ailədə hər hansı problem
yaratdımı?
- Ailədən, insanlardan çox şey asılıdır. Mən öz yarımı tapmışam. Yoldaşımla
tanış olanda mənə elə gəlirdi ki, biz 10 ildir bir-birimizi tanıyırıq. O, Azərbaycana
bəlkə də 15 dəfə gəlib. Azərbaycanı çox sevir, mətbəximizin vurğunudur. Tez-tez
mənə deyir ki, lüləkabab, dolma bişir. Mən onunla çox xoşbəxtəm.
- Musiqi ilə ölkələr arasında
nə dərəcədə dostluq münasibətləri qurmaq olar?
- Musiqi sərhəd tanımır. Onunla bir çox məqsədlərə nail olmaq
mümkündür. Avropa Oyunları zamanı Fransa mili televiziyasında şərhçi oldum. O qədər
yaxşı alındı ki. Mənə dedilər ki, Azərbaycanı tanıyırsınız, canlı efirdə rahat danışa
bilərsiniz. Mən də yaranan fürsətdən istifadə etdim. Orada Qarabağdan da danışdım.
Redaktor kamera arxasında nə qədər etiraz etsə də, mən Qarabağ həqiqətlərini dünyaya
çatdırdım. Verilişdən sonra mənə dedilər ki, sizin danışdıqlarınız haqqında o qədər
də məlumatımız yox idi. Avropa Oyunları zamanı ordakı həmkarlarım bildirdilər ki,
siz ermənilərlə müharibə vəziyyətindəsiniz, ancaq yenə də onların nümayəndələrini
öz ölkənizdə qəbul edirsiniz. Dedim ki, bu, Azərbaycan prezidentinin sülhməramlı
addımıdır. Bu o deməkdir ki, biz sülhün tərəfdarıyıq. Məsələnin sülh yolu ilə həll
olunmasını istəyirik. Onlar buna çox təəccüblənmişdilər. Aprel döyüşlərində ermənilər
özlərini Fransada elə təqdim etdilər ki, guya bizimkilər onları bombardman edir,
öldürülər. Ancaq mən onlara izah etdim ki, bu, özünümüdafiədir. Əgər biz güllə atırıqsa,
buna haqqımız var. Orada erməni mənşəli jurnalistlər çox canfəşanlıq edirlər. Fransada
bununla bağlı sənədli ədəbi veriliş verdilər. Guya erməni əsgərləri güllələrin altında
qalıb. Mən isə öz iradımı bildirdim və dedim ki, o ölən əsgər yad torpaqda nə axtarırdı
ki? Orada informasiya verilmir ki, ermənilər Qarabağı zəbt ediblər. Bunların
hamısı düşünülmüş bir siyasətdir. Onlar bizi işğalçı dövlət kimi tanıtmağa
çalışırlar. Efir vasitəsilə dedilər ki, guya onları güllələyirik. Onlara
davamlı hücumlar edirik. Məlumatlı belə çatdırırlar. Bizim də borcumuzdur ki, bu
yalanları ifşa edək. Fransızların bir atalar sözü var: "Yalançı nə qədər çox
çığırsa da, bu o demək deyil ki, yalan doğruya çevrilir”. Çalışıram ki, onlar
məqsədlərinə nail olmasınlar. Canlı yayımdan istifadə etdim. Dedim biz qaçqınlarımızın
sayı üzrə dünyada birinci yerdəyik, 1 milyon qaçqınımız var. Heç kimin öz
torpağından öz torpağına qaçan qaçqını yoxdur. Mən danışdıqca onlar çox
təəccüblənirdilər.
- Bəs o şərhdən sonra
təzyiqlərlə üzləşmədinizmi?
- Xeyr. Mən siyasətlə məşğul olmuram. Sənətimlə məşğul oluram.
Danışmaq imkanım olsa, danışıram. Mən Qarabağda anadan olmuşam. Nə var onu
deyirəm. Hələ ki təzyiqlərlə üzləşməmişəm. Hər zaman hər şey diplomatik həll
olunub. Mən "Sarı gəlin” mahnısını oxuyanda, erməni mahnısıdır deyirlərsə, bunu
qəbul edə bilmərəm. Onların deməkləri ilə deyil ki. Hərdən deyirəm ki, mahnının
adı "Sarı gəlin”dir. "Sarı” da, "gəlin” də bizim sözdür. Onlara sözün kökünü
izah edirəm. Elə "Dolma”nın özü doldurmaq sözündən gəlib. Bu o deməkdir ki, yarandığı
yer haradır. Ermənilər bizim hər şeyimizi oğurlayır, öz adlarına çıxarırlar. Onlar
xaricdə çox güclüdür. Biz sussaq, onlar şər və böhtanlarına başqalarını da
inandıra bilərlər.
Xəyalə Rəis