• çərşənbə axşamı, 16 aprel, 21:05
  • Baku Bakı 18°C

Parisdə “Bakı-2015” I Avropa Oyunları ilə bağlı təqdimat keçirilib

14.05.15 06:33 874
Parisdə “Bakı-2015” I Avropa Oyunları ilə bağlı təqdimat keçirilib
Parisdə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilən II “Fransa-Azərbaycan 2015” biznes forumunda “Bakı-2015” I Avropa Oyunlarının hazırlıq işlərinə dair təqdimat keçirilib.
APA-nın Avropa bürosunun xəbərinə görə, Avropa Oyunları ilə bağlı Bakıda quruculuq və infrastruktur işləri ilə məşğul olan “GL Events” şirkətinin baş direktoru və biznes layihələri üzrə məsul şəxsi Olivye Moyz tədbirdə çıxış edərək şirkətin Azərbaycandakı fəaliyyəti haqqında məlumat verib: “İlk Avropa Oyunlarının hazırlığına dair tenderi qazandığımıza görə çox məmnunuq. Bu, bizim üçün çox əhəmiyyətli müqavilədir. Əlbəttə ki, ilk atılan addımlar hər zaman çətin olur. Yalnız onu deyə bilərəm ki, Azərbaycan olduqca maraqlı ölkədir. Ölkə əvvəlki illərə nisbətən çox surətlə dəyişib. Tam səmimi deyim ki, buradakı işlərimiz nəzərdə tutduğumuzdan daha asan getməyə başladı. Azərbaycana, xüsusən də Bakıya gəldikdə, bu şəhərin kiçik bir Parisə bənzədilməsi fikri çox xoşuma gəldi. Doğrudan da Bakı get-gedə daha çox Qərb şəhərinə çevrilir. Burada işləmək, insanlarla münasibətdə olmaq çox maraqlıdır”.
O. Moyz APA-ya açıqlamasında Avropa Oyunları ilə bağlı hazırlıq işlərinin demək olar ki, tam başa çatdığını bildirib: “İmzaladığımız müqaviləyə əsasən bizim işimiz mətbuat və idmançılar üçün nəzərdə tutulmuş mərkəzlərin quraşdırılmasıdır. İşlərimiz çox rahat getdi, elə bir çətinliyimiz olmadı. Bu da oyunlarla bağlı təşkilatçılıq işlərinin yüksək və keyfiyyətli şəkildə təşkil olunması ilə bağlıdır. Təşkilat komitəsi lazım olan bütün infrastruktur və quraşdırma işlərini hərtərəfli və detallı şəkildə təşkil etməyə qadirdir. Bizə gəldikdə isə, ilkin mərhələdə nəzərdə tutulan işlərimizi bitirməkdəyik, bundan sonrakı istəyimiz isə Avropa Oyunlarından sonra Azərbaycanda qalıb, bilik və bacarıqlarımızı tətbiq etməyə davam etməkdir. Əvvəllər Azərbaycan elə də tanınmırdı, bu gün isə özünəməxsus imici var və bu imic müsbətdir. Hər şey belə getsə, o zaman təbii ki, bu kimi əhəmiyyətli beynəlxalq tədbirlərin keçirilməsinə daha çox imkan yarana bilər”.
banner

Oxşar Xəbərlər