• cümə axşamı, 25 aprel, 14:25
  • Baku Bakı 23°C

Parisdə azərbaycanlı gənc pianoçunun konserti olub

29.09.18 09:45 519
Parisdə azərbaycanlı gənc pianoçunun konserti olub
Parisdəki "Jazz Cafe Montparnasse” klubunda gənc bəstəkar və pianoçu Etibar Əsədlinin konserti olub. Şərq muğam elementləri ilə Qərb caz improvizasiyalarının sintezindən yaranan musiqi cazsevərlərin qəlbini fəth edib.
E.Əsədli xalq mahnılarımızı və özünün bəstələdiyi kompozisiyaları Zakari Abrahamın (kontrabas) və Tilo Bertolonun (zərb aləti) müşayiəti ilə ifa edib.
Gənc bəstəkar öz aranjemanında "Qara qaşın vəsməsi”, "Əlində sazın qurbanı”, "Getmə, getmə, gəl” Azərbaycan xalq mahnılarını, eləcə də özünün "İsimli”, "İtaf” "Buta” bəstələrini səsləndirib. Konsertdə, həmçinin bəstəkarın atası Sahib Əsədli "Mahur” və "Bayatı-Şiraz” muğamlarını ifa edib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsində görkəmli Azərbaycan bəstəkarı və musiqiçi Arif Məlikovun və Ceyhun Allahverdiyevin tələbəsi olan E.Əsədli caz musiqisi üzrə təhsil almaq üçün Parisə üz tutub. Burada "Centre des Musiques Didier Lockwood” ali musiqi məktəbinin caz piano və improvizasiya fakültəsinə daxil olub və bu il musiqi təhsilini bitirib.
E.Əsədli Azərbaycanda, Fransada, İngiltərədə, İsveçrədə, Kiprdə, Rusiyada, Türkiyədə və Gürcüstanda konsert proqramları ilə çıxış edib. O, bir çox beynəlxalq caz festivallarına qatılıb. Sənətçi Azərbaycanda ilk dəfə bütün milli musiqi alətlərinin səslərini virtual alətlər üzərinə yazaraq proqramlaşdırıb.
Qeyd edək ki, "Jazz Cafe Montparnasse” Parisin ən məşhur caz klublarındandır.
banner

Oxşar Xəbərlər