• şənbə, 27 Aprel, 04:51
  • Baku Bakı 14°C

Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

20.01.18 21:44 507
Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.
AZƏRTACxəbər verir ki, əvvəlcə səfirlik, daimi nümayəndəliyin əməkdaşları, Parisdə yaşayan icma üzvləri Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına gedərək Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin məzarlarını ziyarət ediblər.
Müstəqilliyimizin ilk nümayəndələrinin qəbirləri üzərinə əklil qoyulub, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev və UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov çıxış edərək 20 Yanvarın Azərbaycan xalqının istiqlal tarixinin qanlı hərflərlə yazılmış şanlı səhifəsi olduğunu diqqətə çatdırıblar.
Bildirilib ki, istiqlal tariximizin ən qanlı səhifəsi olan 20 Yanvar faciəsindən bir gün sonra ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımızın kədərini bölüşdü, SSRİ rəhbərliyinin ölkəmizdə həyata keçirdiyi qanlı cinayəti bütün dünyaya bəyan etdi. Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
Qeyd edilib ki, 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.
Bildirilib ki, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət sayəsində ölkəmizin müstəqilliyi möhkəmlənib, beynəlxalq nüfuzu daha da artıb. Bu gün Azərbaycan keçmiş sovet respublikaları arasında siyasi, iqtisadi və müdafiə sahələrində müstəqil siyasət yürüdən yeganə ölkədir.
Qeyd edilib ki, dövlətimizin başçısının "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamı və 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi olduqca önəmli adımdır. Müstəqilliyimiz uğrunda ilk mübarizənin nümayəndələri məhz Paris Sülh Konfransında iştirak etmiş həmin cümhuriyyətin üzvləri olub.
Tədbir iştirakçıları sonra Bobinyi qəbiristanlığında Əkbər Ağa Şeyxülislamın, Mirzə və Nadir Əsədullayevlərin, Monparnas qəbiristanlığında Məmməd Məhərrəmovun məzarlarını ziyarət edib, önünə əklil qoyublar.
banner

Oxşar Xəbərlər