AZE | RUS | ENG |

Paraşütlə tullanmaq istəyənlər nələri bilməlidirlər? - Gənclərə məsləhət

Paraşütlə tullanmaq istəyənlər nələri bilməlidirlər? - Gənclərə məsləhət
Fuad Tağıyev: “Çiyində çıxma, təzyiqlə bağlı problemi yoxdursa, arzulayan hər kəs paraşütlə tullanış edə bilər”

Paraşütlən tullanmaqla bağlı videoları izləyəndə, şəkillərə baxanda çox adamda bu idman növünə maraq yaranır. Peşəkar şəkildə idman növü kimi məşğul olanlar başqa, amma bu marağı həvəskar olaraq da reallaşdırmaq mümkündür. Bəs istəyən hər kəs paraşütlə tullanış edə bilərmi? Ümumiyyətlə, paraşütlə tullanmaq istəyənlər nələri bilməlidirlər?
Həmsöhbətimiz, həvəskar olaraq paraşütlən tullanma ilə məşğul olan Fuad Tağıyevdir. Tağıyev deyir ki, paraşütlə tullanmaq fikrinə düşübsünüzsə, ilk olaraq sağlamlığınıza diqqət yetirməlisiniz: "Təzyiq normal olmalı, bir də çiyin hissəsində travma olmamalıdır. Təzyiq problemi yaşayırsınızsa, çiyində hər hansı problem varsa, tullanış etməyə icazə verilməyəcək. Əgər qol nahiyəsində uşaqlıdan qalma hər hansı travma varsa, paraşüt açılanda, çiyin zədələnə bilir. Bu da paraşütü yerə endirməkdə çətinlik çəkməyə gətirib çıxarır. Yəni çiyində çıxma, təzyiqlə bağlı problem yoxdursa, arzulayan hər kəs paraşütlə tullanış edə bilər”.
Müsahibimiz bildirdi ki, sağlamlıqla bağlı problem yoxdursa, tullanış etməyə hazırlaşırsınızsa, bütün prosesləri izah edirlər: "Tullanış edilən "drop zona” adlanan yerə gəldiyinizdə hər bir şeyi izah edirlər. 4-5 saat nəzəri hissə öyrədilir. Paraşüt, onun hissələri, əsas və köməkçi paraşütün açılması ilə bağlı məsələlər çatdırılır. Sonra ekstra hallarda nə kimi tədbirlərin görülməsi ilə bağlı məlumat verilir. Nəzəri hissə bitəndən sonra tandem tullanışı həyat keçirilir. Bu tullanışda tək olmursan, təlimçi səni özünə bağlayır, bu cür tullanış edirsən. Daha sonra professional şəkildə bu idman növünə keçid etmək və tək tullanış etmək istəyirsinizsə AFF adlanan sertifikat almalısınız. AFF sertifikatın əldə etdikdə siz havada rahat şəkildə uçmağı, dönmə əməliyyatlarını, yaxınlaşma və uzaqlaşma, balansı pozduqdan sonra yenidən balansa qayıtma bacarıqlarına yiyələnəcəksiniz. 7 mərhələdən ibarət olan bu təlimin hər mərhələsində tullanış etdikdə, səmada təlimçilərə imtahan vermiş olursunuz və növbəti mərhələyə keçib-keçməməyinizi onlar müəyyən edir. Bitirdikdən sonra sərbəst şəkildə özünüz solo tullanış edə biləcəksiniz”.
 
İstəyən çox olsa da, heç də hamı paraşütlə tullanmaq arzusunu reallaşdırmır. Tağıyev bunun səbəblərindən də danışdı: "Əvvələr ölkəmizdə tullanış etmək üçün Balakən rayonunda imkan var idi, amma indi yoxdur. Marağı olan adamlar digər ölkələrdə tullanış edə bilərlər. Başqa ölkəyə gedib bunu etmək isə çox baha başa gəlir. Ona görə, çox adam istəsə də, qiymətləri görəndə vaz keçir. Sözsüz, Azərbaycanda belə bir mərkəzin olması üçün ölkəmizdə paraşütə maraq çox olmalıdır. Çünki paraşütlə tullanışı qurmaq üçün külli miqdarda pul xərcləmək lazımdır. Onun qarşılığını almaq üçün də kifayət qədər müştəri olmalıdır. Hələ o müştəri olmadığı üçün bu işi qurub o qədər pulu xərcləmirlər.
Bir qisim insan da maraqlı tərəfi ilə yanaşı, təhlükəli yönünü də fikirləşir. Çünki bu ekstermal idman növlərində qəzalar, ölüm halları da olur. Bütün ölkələrdə tullanışlar edəndə qarşımıza bir vərəq qoyulur, ona imza atırıq ki, hər bir məsuliyyətə cavabdeh özüməm. Nə problem olacaqsa, məsuliyyəti özün daşıyırsan. Ekstremal idman növüdür, problem yarana bilər. Və problemin yaranıb-yaranmaması da adamın özündən asılıdır. Avtoqəza deyil ki, birdən gedib harasa dəyəsən. Bu elədir ki, göydə qarşılaşacağın problemlərlə bağlı yerdə kifayət qədər öyrədirlər. Hər hansı problem yaranırsa, artıq burda məsuliyyət sənin üzərində qalır. Bəzən insanlar özləri təhlükəli tərəfini fikirləşib, addım atmırlar, bəzən də doğmaları, pis nə isə olar deyə, bu addımı atmağa razı olmurlar”.
Tağıyev qeyd etdi ki, paraşütlə tullanmaq istəyənlər üçün "Chimera” Azərbaycan Skydivinq Klubunu yaradıblar: "Klubun www.chimera.az saytını da yaratmışıq və 2019-cu ilin avqust ayının 9-22 aralığında yenidən Moskva şəhərinə tullanış etmək üçün yola düşəcəyik. Maraqlananlara hər cür kömək  göstərməyə şad olarıq”.
 
Aygün Asimqızı

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311