• şənbə, 20 Aprel, 12:50
  • Baku Bakı 23°C

Paralimpiya Komitəsi jurnalistləri mükafatlandırdı - Fotolar

19.07.19 16:13 13509
Paralimpiya Komitəsi jurnalistləri mükafatlandırdı - Fotolar
Milli Paralimpiya Komitəsinin (AMPK) Mətbuat Şurası ilə birgə keçirdiyi 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş jurnalist yazıları müsabiqəsinə yekun vurulub. Kaspi.az xəbər verir ki, iyulun 19-da MPK-nın ofisində qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan MPK prezidenti İlqar Rəhimov bütün jurnalistləri qarşıdan gələn 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə təbrik edib. O qeyd edib ki, Azərbaycanda paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır. Jurnalistlərin əlil idmançılar barədə mütəmadi olaraq hazırladıqları reportajlar cəmiyyətdəki stiqmaları aradan qaldırır, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunmasında mühüm rol oynayır.
MPK prezidenti nəzərə çatdırıb ki, komitə də jurnalistlərin əməyini stimullaşdırmaq məqsədi ilə Mətbuat Şurası ilə birlikdə jurnalist yazıları müsabiqəsi elan edib. Müsabiqəyə müxtəlif mətbuat orqanlarından 10 yazı daxil olub. Yazılar xüsusi yaradılmış münsif heyəti tərəfindən qiymətləndirilib.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov öz çıxışında Azərbaycanda Mətbuat Gününün əhəmiyyətindən söz açıb. Onun sözlərinə görə, 144 il öncə Həsən bəy Zərdabi Azərbaycanda ilk mətbuat orqanını yaratmaqla Azərbaycan xalqını dünyanın sivil xalqları səviyyəsinə qaldırdı: "Bir çox xalqlar bizdən uzun illər sonra mətbuata sahib oldular. Bu hadisə Azərbaycan tarixində olduqca mühüm əhəmiyyətə malikdir".

Mətbuat Şurasının sədri mətbuatın paralimpiya hərəkatına dəstəyinin əhəmiyyətindən söz açıb. O, qeyd edib ki, beynəlxalq yarışlarda Azərbaycan bayrağını zirvələrə qaldıran insanların fəaliyyətini təbliğ etmək hər bir jurnalist üçün qürurlu işdir.

Milli Paralimpiya Komitəsinin (MPK) Mətbuat Şurası ilə birgə keçirdiyi 22 İyul - Milli Mətbuat Gününə həsr olunmuş jurnalist yazıları müsabiqəsi barədə danışan Əflatun Amaşov bildirib ki, bu cür tədbirlər ölkəmizdə paralimpiya hərəkatının təbliği ilə yanaşı, jurnalistlərin əməyini də stimullaşdırır.

Daha sonra müsabiqənin qalibləri elan olunub.

Azərbaycanda paralimpiya dəyərlərinin təbliğində aktiv fəaliyyəti ilə seçilən digər jurnalistlər də diqqətdən kənarda qalmayıb. Belə ki, komitə tərəfindən 9 media nümayəndəsinə təşəkkürnamə və xüsusi hədiyyələr verilib.

Qalib və mükafat alanlar arasında "Kaspi" qəzetinin əməkdaşları da var.



banner

Oxşar Xəbərlər