AZE | RUS | ENG |

Paradda nələr nümayiş olunacaq? - Siyahı

Paradda nələr nümayiş olunacaq? - Siyahı
Onların arasında zenit-raket kompleksləri, tanklar, pilotsuz uçuş aparatları, artilleriya sistemləri də yer alacaq

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin Bakı şəhərində keçiriləcək hərbi paradında bir sıra yeni hərbi texnika və silah sistemi də nümayiş olunacaq.

APA-nın öz hərbi mənbələrindən əldə etdiyi eksklüziv məlumata görə, ilk dəfə nümayiş olunacaq silah sistemləri arasında zenit-raket kompleksləri, tanklar, pilotsuz uçuş aparatları, artilleriya sistemləri yer alacaq.

Paradda nümayiş olunacaq yeni texnika və sistemlər bunlardır:

T-90S əsas müharibə tankı. 2011-ci ildə Rusiyadan alınıb. Bu tankların seriyalı istehsalına 1992-ci ildən, T-90S modifikasiyasının istehsalına isə 2001-ci ildən başlanıb. T-72 tankının əsasında yaradılmış T-90 qoruma səviyyəsi, avadanlıqları ilə sələfindən fərqlənir. Tank teplovizora, gücləndirilmiş zirehə, aktiv müdafiə sisteminə malikdir.

9K330 «Tor» zenit-raket kompleksi. Hərbi paradda nümayiş olunacaq yeni sistemlərdən biri olan «Tor» kompleksi 1986-cı ildə silahlanmaya qəbul edilib. Postsovet məkanında ən mükəmməl HHM sistemlərindən hesab olunur. Azərbaycanın bu kompleksi Ukraynadan aldığı bildirilir. Kompleks hava hücumuna və raketlərə qarşı mübarizə üçün nəzərdə tutulur. Hər cür hava şəraitində tapşırıqları icra etməyə qadir olan bu kompleks əhəmiyyətli inzibati, iqtisadi və hərbi obyektlərin antiradar, qanadlı raketlərdən, stels texnologiyalara əsaslanan təyyarələrin və helikopterlərin hücumlarından qorunması üçün nəzərdə tutulur. Sistem həm operatorun iştirakı ilə, həm də avtomatik rejimdə istifadə oluna bilir.

2S19 «Msta-S» özüyeriyən haubitsa. 1989-cu ildən silahlanmaya qəbul olunmuş bu özüyeriyən artilleriya sistemi Azərbaycan Ordusunun silahlanmasına yeni daxil olub. 152.4 mm çaplı mərmilərdən atəş açır. Haubitsa müxtəlif növ mərmilərlə 12 km-dən 29 km-dək uzaqlıqdakı hədəflərə qarşı tətbiq oluna bilir. Hazırda Azərbaycan daxil olmaqla, 8 ölkənin silahlanmasında yer alır.

TR-300 «Kasırğa» topçu atəş sistemi. Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal olunmuş, mənzili 100 km-dən uzaq olan bu raket sistemi Azərbaycan Silahlı Qüvvələrinin inventarına yeni daxil olub. Paradda həmçinin Türkiyədən alınmış TR-122 «Sakarya» reaktiv yaylım atəş sistemləri də keçid edəcək.

9K57 «Uraqan» reaktiv atəş sistemi. İndiyədək bir neçə dəfə Azərbaycan Ordusunun silahlanmasında yer aldığı bildirilən bu sistemin də paradda ilk dəfə nümayişi nəzərdə tutulur. 1975-ci ildən müxtəlif orduların silahlanmasında yer alan bu 220 mm çaplı reaktiv yaylım atəş sistemi 10 km-dən 36 km-dək uzaqlıqdakı hədəfləri məhv etmək qabiliyyətinə malikdir.

Mi-35M döyüş helikopteri. Dövlət Sərhəd Xidmətinin istifadəsində yer alan bu helikopterlərin ilk partiyası Azərbaycana 2011-ci ilin dekabr ayında gətirilib. 2010-cu ildə Rusiya tərəfi ilə imzalanmış müqavilə 24 helikopterin alğı-satqısını əhatə edir. Ötən il Rusiya tərəfi daha 8 helikopteri Azərbaycana göndərib. Mi-35 helikopterləri Mi-24 helikopterlərinin zirehli tank texnikasının məhv edilməsi üçün nəzərdə tutulmuş və müasirləşdirilmiş versiyasıdır. Daha güclü mühərrikə malik bu helikopterlər həmçinin desant və yaralıların evakuasiyası, bölmələrin atəş dəstəyi ilə təmin olunması, qoşqu vasitəsilə yüklərin daşınmasını həyata keçirə bilir.

«Gürzə» patrul maşını. Müdafiə Sənayesi Nazirliyi tərəfindən Toyota HiLLUX 12 maşının bazasında istehsal edilmiş 4x4 təkər formulu bu maşın xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulub. “Gürzə”nin silahlanmasına iki ədəd 7.62 mm (1 ədəd yerli istehsal olan HP-7.62 və 1 ədəd UP-7.62), bir ədəd 12.7 mm çaplı NSV pulemyotu daxildir. Paradda 9 ədəd «Gürzə» maşını xüsusi təyinatlıların idarəetməsində təntənəli keçid edəcək.

«Heron» pilotsuz uçuş aparatı. 2003-cü ildən İsrailin İAİ şirkəti tərəfindən istehsal olunan bu PUA dünyada ən müasir pilotsuz uçuş sistemlərindən sayılır. İsrail, ABŞ, Fransa, Türkiyə, Braziliya, Hindistan, Kanada və digər ölkələrin ordularında istifadə olunur. Havada 40 saatdan artıq qala bilir.

«Hermes-450» pilotsuz uçuş aparatı. İsrailin «Elbit Systems» şirkəti tərəfindən istehsal olunub. Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrinin silahlanmasında yer alır. Cənubi Qafqaz regionunda Azərbaycan və Gürcüstanın silahlanmasında mövcuddur.

BRDM maşınının bazasında Azərbaycanda hazırlanmış yeni kəşfiyyat-döyüş maşını. İlk dəfə bu maşın barədə 2012-ci ilin dekabr ayında məlumat verilib. Zirehi gücləndirilmiş bu maşın müasir döyüş aparma vasitələri ilə təchiz olunub.

BMP-3 piyadaların döyüş maşını. 2011-ci il paradında cəmi 3 ədəd BMP-3 keçid edib, bu il keçid edəcək BMP-3-ün sayı artırılıb.

Bundan başqa, müxtəlif hərbi nəqliyyat vasitələri üzərində yeni alınmış tank əleyhinə silahlar, Azərbaycanın yerli müəssisələrində istehsal edilmiş 14.5 və 12.7 mm çaplı antimaterial snayper tüfəngləri, 7.62 mm çaplı snayper tüfəngi, pulemyotlar, minaatanlar da tribuna önündən keçəcək.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.2236
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6152
SEK 1 İsveç kronu 0.1934
EUR 1 Avro 1.9967
CHF 1 İsveçrə frankı 1.7715
USD 1 ABŞ dolları 1.7000