• cümə axşamı, 25 aprel, 18:13
  • Baku Bakı 21°C

Papirosun yana-yana, cərimə də salar şirin cana

05.01.18 10:10 1191
Papirosun yana-yana, cərimə də salar şirin cana
"Çayxanada da siqaret çəkməyə imkan vermirlər, elə təzəcə yandırıb ikicə nəfəs almışdım ki, yaxınlaşıb "burada siqaret çəkmək olmaz” dedilər. Bir az inadkarlıq göstərib yandırdığım siqareti söndürmək istəməsəm də, əks təqdirdə cərimələnəcəyimi bildirdilər. Məcbur qalıb söndürdüm. Bu nədir axı, istədiyim yerdə siqaret çəkə bilməyəcəyəm?”
Bu sözləri dünən deyinə-deyinə evə gələn qardaşımdan eşitdim. Bildiyimiz kimi, artıq uzun müddət idi ki, ictimai yerlərdə siqaretin çəkilməsinə qadağa qoyulması ilə bağlı söhbətlər gedirdi. Məsələ ilə əlaqədar Milli Məclisdə də müəyyən müzakirələr aparılırdı. Aparılan müzakirələr öz nəticəsini verdi. Belə ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvəyə mindi. Azərbaycan prezidentiİlham Əliyev qanunun tətbiqi barədə fərman imzalayıb. Qanuna əsasən, tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən ictimai yerlərdə istifadə qadağan olundu. Qanunu pozanlar 30 manatdan 1000 manata qədər cərimələnəcəklər.
Qanunun hansı mexanizmlə işləyəcəyini, necə effekt verəcəyini öyrənməyə çalışdıq.
Millət vəkili Musa Quliyev deyir ki, qanunun icra mexanizmi hələ hazırlanma mərhələsindədir: "Hələ ki, qanunun icrası ilə bağlı konkret bir şey demək mümkün deyil. Cənab prezidentin göstərişi ilə 3 ay müddətinə Nazirlər Kabineti icra mexanizmini hazırlayacaq. İnzibati xətalar məcəlləsinə əlavə dəyişiklik ediləcək, yeni cərimə sanksiyalarının məbləği müəyyənləşəcək. Nazirlər kabineti icra mexanizmini hazırladıqdan sonra qanunun tətbiqi və icrası hər kəsə, xüsusilə də kütləvi informasiya vasitələrinə açıqlanacaq”.
İnsan Hüquqları XXI əsr - Azərbaycan Fondunun sədri Şahin Camalov "Kaspi”yə açıqlamasında qeyd etdi ki, qanunun icrası tam həyata keçirilərsə, müsbət nəticələr əldə ediləcək: "2017-ci ilin əvvəlindən bu sahədə bir sıra işlər görməyə çalışırıq. Bu fərmanı imzaladığı üçün cənab prezidentə təşəkkür edirəm. Bizim əməyimiz yerdə qalmadı. İşlərimizin bir nəticəsi oldu. Çox lazımlı və mütərəqqi bir qanundur. Tütün məhsullarından istifadə qaydaları ilə bağlı çox ciddi narazılığın olduğu bir məqamda, bu, yerinə düşən bir qanun oldu. Ümid edirəm ki, qanun layiqincə icra olunacaqdır. Yəni qanun icra olunmayan zaman daha çox narahatlıq yaradır, nəinki həmin qanun heç olmadıqda. Belə bir qanun varsa, niyə də həyata keçirilməsin. Düşünürəm ki, bu qanunun icrası ilə bağlı müəyyən çətinliklər yaranacaqdır. İlk olaraq inzibati xətalar məcəlləsində dəyişikliklər olmalıdır ki, qanun daha yaxşı və düzgün icra olunsun. Bu sahəyə nəzarət edəcək qurumlar müəyyən edilməlidir. Qanun çox sərt şəkildə tətbiq edilməlidir. Heç bir güzəşt olmamalıdır. Həm çəkənlər, həm də siqaretin çəkilməsinə icazə verən obyektlər cərimələnməlidir. Qanunun tətbiqi yüksək səviyyədə həyata keçirilərsə, çox qısa bir müddətdə müsbət nəticələr əldə edəcəyik”.
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bu qanunun qəbul edilməsini müsbət qiymətləndirdiyini bildirdi: "Doğrudan da, ictimai yerlərdə siqaret qadağan olunmalıdır. Çünki siqaret çəkməyən insanlar həqiqətən də bu vəziyyətdən çox narazı idilər. Şəxsən mən olduğum məkanda siqaretin çəkilməyini istəmirəm. Siqaret çəkmək insanın təbii deyil, törəmə hüququdur. Hər bir insanın sağlam mühitdə yaşamaq hüququ var. Bu baxımdan, siqaretin ictimai yerlərdə çəkilməsinin qadağan olunması tam yerinə düşən bir qərardır. Bu, həm sağlam ətraf mühitin yaranmasına kömək edəcək, həm də insanlara iqtisadi baxımdan da yardımı olacaqdır”.
Müsahibimiz deyir ki, siqaret çəkənlər üçün də müəyyən yerlər ayrılmalıdır: "Digər tərəfdən, siqaret çəkənləri də başa düşmək lazımdır. Məncə, onlar üçün də müəyyən yerlər ayrılmalıdır ki, həmin məkanda rahat siqaret çəkə bilsinlər. Nəzarəti aparanlar da ciddi olmalı, sui-istifadə hallarına yol verməməlidirlər. Nəzarət prosesi tam şəffaf şəkildə həyata keçirilməlidir. Bu prosesə xüsusilə də, media orqanları cəlb edilməlidir. Proses kampaniya xarakterli yox, mütəmadi olmalıdır. Elə etmək lazımdır ki, biznesə ziyan dəyməsin”.
"Səma və Eko” ictimai birliyinin rəhbəri İradə Həsənova deyir ki, ictimai qurum olaraq qanunun icrası ilə bağlı köməklik göstərməyə hazırdırlar: "Məkanlarda nə qədər havatəmizləyici qurğular olsa da, siqaret çəkilməsi istər-istəməz insan səhhətinə ziyan vurur. Siqaret, onu çəkən adamdan daha çox, onun ətrafındakı şəxslərə ziyanlıdır. Hazırda siqaretin ekoloji cəhətdən kifayət qədər mənfi təsirləri var. Hansısa məkanda havatəmizləyici sistem olsa da, siqaretin çəkilməsi ziyandır. Havatəmizləyici sistem də o tüstünü havaya buraxır. Bu da ekoloji cəhətdən birbaşa təbiətə vurulan ziyandır. Biz təşkilat olaraq hökumətin verdiyi bu qərara dəstək olub, qanunun icrası ilə bağlı öz köməkliyimizi göstərməyə hazırıq. Təki, təbiətimiz, insanlarımız sağlam olsun”.
Məsələ ilə bağlı bəzi ictimai iaşə obyektləri ilə əlaqə saxlayıb qanun tətbiqi ilə bağlı hansı işləri gördüklərini soruşduq.
Paytaxtımızda fəaliyyət göstərən məşhur çay evlərindən birinin rəhbəri deyir ki, hansısa bir müştəriyə belə bir qadağa tətbiq etmirlər: "Biz hələ ki, heç bir müştərimizə "siqaret çəkmə” deməmişik. Bunu necə demək olar? Müştəri bura istirahətə gəlir. Ona belə bir qadağa tətbiq etsək, növbəti dəfə o, bizim məkanı seçməyəcək. Biz lazım olan bütün tədbirləri görmüşük. Yüksək səviyyədə havatəmizləyici sistem qurmuşuq. Onu da qeyd edim ki, siqaret çəkməyin qadağan olunması ilə bağlı bizə rəsmi qaydada məlumat verilməyib”.
Digər bir çay evinin rəhbəri isə onlarda məkanın ümumi bir zaldan yox, ayrı-ayrı otaqlardan ibarət olduğunu bildirdi. Buna görə də, otaqlardakı müştərilərin işinə qarışmadıqlarını, onlara hər hansı bir qadağa tətbiq etmədiklərini dedi.
Əlaqə saxladığımız bir çox ictimai iaşə obyektləri qanunun qəbul edilməsindən xəbərdar olsalar da, tətbiqi ilə bağlı heç bir iş görmədiklərini bildirdilər. Digər bir qisim isə giriş qapısından və məkanın müxtəlif yerlərindən siqaret qadağan olunması ilə bağlı xəbərdaredici lövhələr asdıqlarını qeyd etdilər.
Bəziləri isə qanun qəbulundan əvvəl - fəaliyyətə başladıqları gündən məkanlarda siqaret çəkilməsinə icazə vermədiklərini bildirdilər.
Günel Azadə
banner

Oxşar Xəbərlər